Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Solovyovu "öldürməyə hazırlaşanlar" tutulub - Rusiyadan "əməliyyat açıqlaması"
Solovyovu "öldürməyə hazırlaşanlar" tutulub - Rusiyadan "əməliyyat açıqlaması"

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) göstərişi ilə jurnalist Vladimir Solovyovun "qətlinə hazırlaşan" bir qrup neonasist saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının İstintaq Komitəsi ilə birlikdə Rusiyada qadağan edilmiş “National Socialism/White Power” (National Socialism/White Power, Power) neonasist terror təşkilatının bir qrup üzvünü saxlayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşları tutulublar. Onlar cinayət törətməyə hazırlaşdıqları barədə etirafedici ifadələr verirlər”,- FTX bildirib.

“Cinayətkar qruplaşmanın üzvləri V.Solovyovun qətlini hazırladıqlarını etiraf ediblər və bundan sonra onlar xaricdə gizlənməyi planlaşdırıblar”,- FTX bildirib.

İddiaya görə, saxlanılan şəxslərin ünvanlarına baxış zamanı əldəqayırma partlayıcı qurğu, “Molotov kokteyli”nə bənzər 8 ədəd əldəqayırma yandırıcı vasitə, 6 ədəd “PM” tapançası, 1 ədəd mişar, ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 1000-dən çox müxtəlif çaplı patron, narkotik, qrup üzvlərinin fotoşəkilləri ilə saxta Ukrayna pasportları, millətçi ədəbiyyat və əşyalar ələ keçirilib.

“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində saxlanılanların cinayət əməllərinə dair sübutların toplanması davam edir”,- FTX əlavə edib.

Qadir, Bizimyol.info

P.S: Neonasistlərin Solovyovu öldürmək üçün ov tüfəngi və “Molotov kokteyli”dən necə istifadə edəcəkləri barədə FTX açıqlama verməyib. Ehtimal etmək olar ki, Rusiya belə "uydurma əməliyyatlar" hesabına ölkədə daha çox insanın Solovyovun verilişini izləməsinə çalışır. Çünki belə verilişlər insanları Ukraynada real olaraq baş verənlərdən uzaq tutmaq üçün ən yaxşı üsuldur. Xatırladaq ki, Solovyov sanksiyalara məruz qalmış Rusiya vətəndaşlarından biridir. Onun Avropada çoxmilyonluq dəyəri olan daşınmaz əmlaklarına həbs qoyulub. Bir müddət öncə mətbuatda belə bir məlumat yayılmışdı ki, Kreml Solovyova qeyri-rəsmi qaydada hər ay 1 milyon dollar ödəniş edir. Solovyov 44 günlük müharibə zamanı Azərbaycan və Türkiyəyə qarşı şər-böhtan kampaniyası ilə yadda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »