Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qəlyan çəkmək ağciyərlərdə asitik tullantıların yığılmasına səbəb olur"
"Qəlyan çəkmək ağciyərlərdə asitik tullantıların yığılmasına səbəb olur"

Əksər insanlar siqaretə alternativ hesab edilən, elektron siqaret və nargilənin zərərsiz olduğunu düşünür. Araşdırmalar sübut edir ki, bu alternativlər heç də düşünüldüyü qədər zərərsiz deyil.

Siqaretin insan sağlamlığına vurduğu zərər, artıq hamıya məlumdur. Belə ki, ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatına görə, dünya hər il baş verən ölümlərin 9 faizi tütünlə bağlıdır. Yəni hər il təqribən 6 milyon insan tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir.

Elektron siqaretlərin istifadəsi yeni olsa da, qəlyandan istifadənin böyük bir tarixi var və Yaxın Şərq ölkələrində daha çox istifadə edilir. Hazırda qəlyan böyüklər arasında siqaret, elektron siqaret və tüstüsüz digər tütün məmulatlarından sonra ən çox istifadə edilən 5-ci məhsuldur. Son zamanlar gənclərin ən çox istifadə etdiyi bir vasitəyə çevrilib. Hətta pandemiya dövründə qəlyan istifadəsinə qoyulan qadağa da gənclər tərəfindən birmənalı qarşılanmırdı.

Mütəxəssislərin fikrincə, qəlyan çəkmə müddəti siqaretdən çox 30 dəqiqə davam edir. Bu müddət ərzində qəlyan çəkən şəxs siqaret çəkdiyi zamandan daha çox karbonmonoksitə məruz qalır. Qəlyan tüstüsünün tərkibində nikotin, uçucu üzvi maddələr, polisiklik aromatik karbohidrogenlər, akrolein, qurğuşun, kadmium və arsen kimi maddələr var.

Qəlyan tüstüsünün tərkibində ürək-damar sistemini zədələyə bilən və ağciyər, sidik kisəsi və ağız xərçənginə səbəb olan zəhərli kimyəvi maddələr vardır.

“Qəlyan çəkənlər siqaret çəkənlərə nisbətən daha çox zəhərli maddələr qəbul edir. Qəlyan ürək döyüntüsünü sürətləndirir və təzyiqi yüksəldir. Bəzən gənclər su süzüldüyü üçün tütün tüstüsünün zərərli təsirlərinin azaldığını düşündükləri üçün qəlyanın zərərsiz olduğunu düşünürlər. Ancaq qəlyanın çəkmə müddəti daha çox olduğu üçün zərərləri də çoxdur və daha tez asılılıq yaradır. Eyni zamanda qəlyan bəzən ağızlığı dəyişdirilmədən ağızdan ağıza ötürülür. Bu da xəstəliklərin yayılmasına səbəb olur. Bəzən ağızlıq dəyişdirilsə də, gənclər unudur ki, əgər bir əşyaya xəstə irisi toxunubsa, xəstə birinion nəfəsi dəyibsə, bu artıq xəstəliyin yayılması üçün əsasdır”. Bu barədə bizimyol.info xəbər portalına həkim terapevt Məlahət Abbasova danışıb.

Həkimin fikrincə, qəlyan tütünün meyvə dadı verməsi və cazibəli qablaşdırması gəncləri daha da həvəsləndirir. Qəlyan tütününə əlavə edilən dadlar və qoxular tütün istifadəsini daha da asanlaşdırır. Qəlyan tütünlərinin üzərində sağlamlığa zərərləri iıə bağlı xəbərdarlıq da olmadığı üçün gənclər asanlıqla bunun istifadəçisinə çevrilə bilir.

Qəlyan çəkməyin zərərləri :

  • Xüsusi olaraq qeyd eədk ki, qəlyan siqaretdən daha tez asılılıq yarada bilir. Ağciyər, qırtlaq, yanaq, dodaq xərçənginə səbəb ola bilir.
  • Damarları büzüşdürür və damar tıxanmasına yol açır.
  • Astma problemləri olanlar üçün nəfəs alıb vermə zaman çətinliklər yaradır. Qalıcı baş ağrılarına və ürəkbulanmaya səbəb olur.
  • Qadınlarda yumurtalıqlara zərər verir ki, bu da hamilə qalma zamanı müxtəlif problemlərə yol açır.
  • Qəlyan çəkən zaman yanaqların daha çox hərkətdə olması müxtəlif ağız xəstəliklərinə səbəb olur.
  • Ağızdan qoxu gəlməsinə səbəb olur.
  • Qəlyan çəkmək, gözə və qulaqlara da zərərlidir. Uzun müddət qəlyan aludəçisi olan şəxslərdə eşitmə və ya görmə problemləri ortaya çıxa bilər.
  • Qəlyan aludəçisi olan kişilərdə spermanın keyfiyyəti zəifləyir və övlad sahibi olmaq imkanları azalır.
  • Qəlyan dadalma duyğusuna da zərər verir. Yəni uzun zaman qəlyan çəkən şəxslər digər qidaların dadını bilmir.
  • Qəlyan çəkən şəxslərin dişləri vaxtından öncə saralır.
  • Eyni zamanda qəlyan çəkən zaman müxtəlif yoluxucu xəstəliklərə də yoluxa bilərsiniz.
  • Qəlyan çəkən şəxslərlə çəkməyənlərin eyni mühitdə olması, çəkməyənləri də passiv qəlyan çəkənə çevirir.

“Ağciyər insan orqanizminin ən önəmli orqanıdır. Hüceyrələrə oksigen daşıyan ağciyər eyni zamanda karbondioksidin bədəndən xaric edilməsini təmin edir. Qəlyan çəkmək ağciyərlərdə asitik tullantıların yığılmasına və ağciyərlərin oksigeni yetərli dərəcədə daşıya bilməməsinə səbəb olur. Bu zaman isə ağciyərlər iltihablanır və şişlər yaranmağa başlayır”,- deyən həkim bildirir ki, ağciyər öz funksiyasını yerinə yetirə bilmədiyi zaman bu dəridə də müxtəlif ləkələnmələrlə özünü biruzə edir.

Qısası, çoxunun zərərsiz hesab etdiyi qəlyan elə siqaret qədər zərərlidir. Bunu gənclər indi başa düşməsələr də bir neçə il sonra fəsaları ilə qarşılaşdıqları zaman anlayacaqlar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »