Son zamanlar ailə münaqişə zəmnində dəhşətli qətllər törədilir. Eyni zamanda, baş verən hadisələrin səbəbkarı qurbanını öldürdükdən sonra, özü də intihar edir.
Müşahidələr sübut edir ki, azərbaycanlı kişilər itirməyi sevmir. Boşanma, ayrılıq, ailə münaqişələri zamanı kişilər düşünmədən qadını qətlə yetirməyi düşünürlər. “Mən “bitdi” demədən bitməz” psixologiyası ilə davranırlar. Belə hadisələrin ilki aprel ayının 6-da baş verib. Bakıxanov qəsəbə sakini 44 yaşlı Rasim Xəlilova keçmiş həyat yoldaşı 25 yaşlı Misli Xəlilovanı öldürdükdən sonra özü də intihar edib.
Rasim Xəlilov keçmiş hərbçi olub. Digər analoji hadisə aprelin 17 -də Zaqatalada baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Qılman Həsənov əvvəlcə həyat yoldaşı Xavər Həsənovanın boğazını kəsərək, qətlə yetirib, sonra eyni üsulla özü intihar eidb.
Aprelin 19-da Qusarda bənzər hadisə baş verib. Belə ki, 40 yaşlı Marat Yüzbəyov əvvəlcə, 387 yaşlı həyat yoldaşı Sənubər Yüzbəyovanı öldürüb, sonra isə intihar edib. Və Qubada 56 yaşlı İlham Xudamov 49 yaşlı həyat yoldaşı Sara Əsədovanı öldürdükdən sonra intihar edib.
- Baş verənlərin səbəbi nədir?
- Niyə qatillər intihar yolunu seçir?
Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müasir dünyada artıq hamı törətdiyi cinayətlərin hansı cəza ilə nəticələnəcəyini yaxşı bilir. Və bunun üçün hüquqşünas olmağa da ehtiyac yoxdur. Belə ki, axtarış saytları vasitəsilə “Qəsdən adam öldürmə” maddəsinin cəzası yazaraq, onları törətdikləri cinayətlərdən sonra hansı cəzanın gözlədiyini yaxşı bilirlər.

“Hadisələr affekt vəziyyətində baş vermiş olsa belə, cinayəti törədən şəxs o vəziyyətdən çıxdıqdan sonra başa düşür ki, onu nə gözləyir və bu zaman çəkəcəyi əziyyətləri, həbs cəzasını düşündüyü zaman intihara əl atır. Cinayətkara həmin vaxt ən doğru çıxış yolu intihar gəlir. Və o hüquqi baxımdan cinayət işinin bağlanması üçün ən ideal üsul hesab edilir” - deyən psixoloq bildirir ki, ancaq cinayətkar qətl hadisəsini törətməmişdən əvvəl təkcə hüquqi aspektlərini deyil, dini aspektləri də düşünməlidir. Çünki dini baxımdan kiminsə canına qəsd etmək, intihar etmək ən böyük günahlardan hesab edilir.
R.Hacıyevin sözlərinə görə, Azərbaycan İslam dövləti olmasa da, ölkədə dini yaxşı bilən savadlı din adamları və alimlər var.
“Biz ailə quranda belə təkcə hüquqi baxımdan deyil, dini baxımdan nikaha giririk. Hər hansı bir insan öz həyat yoldaşını qətlə yetirirsə, unutmamalıdır ki, həmin qadınla həm hüquqi, həm də dini baxımdan bağlantısı var. Bu vəziyyətdə cinayəti törədən şəxsin hər iki hüquqi və dini baxımdan cəzanı çəkməyə gücü qalmır. Affekt halında, emosiyaların pik nöqtəsində bu kimi hallar baş verə bilir. Amma sonra insan attığı addımın ağırlığını daşıya bilmir, rahatlıq tapa bilmir və etdiyi əmələ düzgün ad qoya bilmir deyə bu kimi hallar baş verir” - deyən psixoloq bildirir ki, bu gün bu sahədə məlumatlandırıcı sosial çarxların çəkilməsinin tam zamanıdır. Çünki bu gün müxtəlif peşə sahibləri, müxtəlif təbəqədən və ya müxtəlif bölgələrdən olan insanlar bu kimi hallarla üzləşirsə, bunun qarşısının alınması üçün addımlar atmağın tam zamanıdır. Bununla bağlı sosial şəbəkələrdə, mətbuatda sosial çarxlar, məlumatlandırıcı məlumatlar yer almalıdır. Bu halda, belə hadisələrə “dayan” deyə bilərik.
Psixoloqun fikrincə, müşahidə edilən vəziyyət heç də yaxşı tendensiya deyil. Və bu hallar artmaqda davam edir. Bunun qarşısının alınması üçün də tədbirlər görülməlidir.
“Ən önəmli amillərdən biri də, bu cinayətlərin araşdırılması zamanı mənşəyinin, yaranma səbəbinin öyrənilməsidir. Burada hüquq mühafizə orqanları, dini icmalar, din xadimləri, psixoloqlar, media işçiləri, sosioloqlar bu iş üzərində işləməlidir. Əgər bizim cəmiyyətimizdə belə hadisələr baş verir və artırsa, biz cəmiyyət olaraq birlikdə çalışmalıyıq, bir çıxış yolu tapmalıyıq. Son hadisələr eyni mövzuda olduğu üçün ilk strategiya elə bu istiqamətdə qurulmalıdır. Və elə addımlar atılmalıdır ki, bu hadisələr təkrarlanmasın” - deyə psixoloq bildirib.
İlahin, Bizimyol.info