Müstəqil Ukrayna Rusiya prezidenti Vladimir Putindən daha uzun müddət mövcud olacaq.
Bizimyol.info xəbər verir ki, CNN-in məlumatına görə, bunu Ukraynaya səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun Kiyevdə Zelenski ilə danışıqları üç saata yaxın davam edib.
"Biz bu müharibənin qalan hissəsinin necə keçəcəyini bilmirik, lakin biz bilirik ki, suveren, müstəqil Ukrayna Vladimir Putindən daha uzun müddət yaşayacaq", - deyə Dövlət Departamentinin rəhbəri qeyd edib.
Blinkenin sözlərinə görə, ABŞ Rusiya Federasiyasına qarşı müharibədə uğur əldə olunana qədər Ukraynaya lazımi dəstəyi verməyə davam edəcək. ABŞ dövlət katibi Rusiyanın Ukraynada uğursuzluğa düçar olduğunu da əlavə edib.
"O, Ukraynanın suverenliyini və müstəqilliyini əlindən almağa çalışırdı. Lakin bu, mümkün olmadı. Rusiya öz ordusunun gücünü, iqtisadiyyatını təsdiq etməyə çalışırdı. Təbii ki, biz bunun əksini gördük",- deyə o vurğulayıb.
Qeyd edək ki, Zelenski öz növbəsində: "Mən prezident Co Baydenə şəxsən və bütün Ukrayna xalqı adından dövlətimizi dəstəkləməkdə göstərdiyi liderliyə, şəxsi aydın mövqeyinə görə təşəkkür etmək istərdim. Bütün Amerika xalqına, eləcə də Konqresə göstərdikləri həmrəyliyə görə təşəkkür etmək istəyirəm. Biz çətin zamanda dövlətimizə qarşı bu dəstəyi görürük, hiss edirik”,- deyə qonağa təşəkkür edib.
"Biz bu yolda növbəti addımların nədən ibarət olduğunu başa düşürük. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik və onlar sona qədər ardıcıl siyasət yürüdəcəyinə güvənirik", - deyə Zelenski bildirib.
Məlumatda bildirilir ki, Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirməyi də müzakirə edib.
Qadir, Bizimyol.info