Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün növbəti buraxılış imtahanı keçirilib
Bu gün növbəti buraxılış imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 10 şəhər və rayonda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən Bizimyol.info-ya verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 97 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 21 min 790 şagirdin iştirakı gözlənilsə də, imtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İlkin məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

DİM növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »