Türkiyə hava məkanını Suriyaya uçan Rusiya hərbi və mülki təyyarələri üçün bağlayıb.
Bizimyol.info xəbər verir ki, bunu şənbə günü xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turnesi zamanı türkiyəli jurnalistlərə deyib.
“Biz Suriyaya uçan Rusiya hərbi və hətta mülki təyyarələri üçün hava məkanını bağlamışıq. Hər dəfə üç aylıq icazə verirdik. İcazə aprel ayında başa çatır. Uçuşlar dayandırıldıqdan sonra bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti Vladimir Putinə deyib”,- deyə “Sabah” qəzeti nazirə istinadən bildirib.

Çavuşoğlunun sözlərinə görə, “Türkiyə Rusiya Federasiyası ilə dialoq, Montreux Konvensiyasının həyata keçirilməsi, eləcə də digər məsələlərlə bağlı danışıqlar aparır”.
Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyalarda iştirak etmir. “Biz sanksiyalarda iştirak etməyən ölkəyik. Əgər Rusiya Federasiyasından olan şirkət bizneslə məşğul olmaq istəyirsə, o, bizim qanunlarımıza və beynəlxalq hüquq normalarına əməl etməlidir”,- deyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Ankara bundan əvvəl dəfələrlə bəyan edib ki, Türkiyə öz iqtisadiyyatına zərər vurmamaq və Moskva ilə açıq dialoq kanalı saxlamaq üçün Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.
Qadir, Bizimyol.info