“Ukraynanın işğalından sonra Rusiya Federasiyası şübhəsiz ki, başqa ölkələrə hücum edəcək”.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
O, qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi yalnız başlanğıc kimi nəzərdə tutulur. Zelenskinin fikrincə, növbədə başqa ölkələrin ələ keçirilməsi planı var. Prezizdent qeyd edib ki, Ukrayna bundan sonra da özünü müdafiə edəcək və Rusiya Federasiyasının təcavüzkar ambisiyalarına müqavimət göstərə biləcək.
Zelenski hesab edir ki, digər xalqlar Ukrayna ilə birgə mübarizə aparmağa borcludurlar. "Bizə kömək etməlidirlər, çünki bu yolda birinci biz olmuşuq. Növbəti kim olacaq? Əgər daha da irəli gedə bilən birisi nəyisə itirməmək üçün bu gün bitərəf qalmaq istəyirsə, bu, çox risklidir. Çünki siz hər şeyi itirəcəksiniz”,- deyə prezident bildirib.
Bir müddət əvvəl Vladimir Zelenski bildirmişdi ki, Mariupolun blokadadan çıxarılması hərbi yolla baş verə bilər. Ancaq bunu Ukrayna öz gücü ilə etməkdə çətinlik çəkir. “Bizə daha çox silah lazımdır”,- deyə o bildirib.
Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da qeyd etmişdi ki, işğal altında olan Ukrayna ərazisində işğalçılara nifrət bəslənir. Bu səbbədən də onlar ayaqları altındakı torpağı da yandırırlar.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya üçün Mariupolun ələ keçirilməsi təkcə Krıma keçid yaratmaq üçün deyil, həm də Ukrayna iqtisadiyyatına ağrılı zərbə vurmaq üçün vacibdir. Bu barədə Rusiyanın müxalif “Meduza” nəşrinə Mariupol şəhərinin meri Vadim Boyçenko məlumat verib.
"Son altı ildə beynəlxalq maliyyə institutları şəhərin infrastrukturunun inkişafına 200 milyon avro sərmayə qoyub. Bu vəsait hesabına yeni ictimai nəqliyyat inkişaf etdirilib. Mariupolda yeni sutəmizləyici qurğu, yeni məktəblər və uşaq bağçaları tikilirdi. Planlara bəndin və hava limanının tikintisi, bütün parkların Avropa modeli üzrə yerləşdirilməsi daxil idi. Yəni şəhər çox ciddi şəkildə yenilənirdi”,- deyə mer bildirib.
İlahin, Bizimyol.info