Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlanın başı ağrıyanda yol üstünə çıxar”
“İlanın başı ağrıyanda yol üstünə çıxar”

Rusiyada yaşamış, ən azı mənim kimi orada yalnız hərbi xidmətdə olmuş hər kəs bunun şahidi olub. Cinsindən asılı olmayaraq Rusiya xalqının istənilən nümayəndəsi ilə ölkə barədə bir dialoq, müzakirə kifayətdir ki, onların hərb tarixləri ilə necə öyündüklərini müşahidə edəsən. İki dünya müharibəsinin dönüş nöqtəsi olmuş ölkə vətəndaşlarına bəlkə də haqq qazandırmaq olar. Amma özlərini ata sözlərində deyildiyi kimi: “Özgənin bədbəxtliyi üzərində xoşbəxt olmaq olmaz”.

Rusiya həm ərazi, həm də inkişaf səviyyəsinə görə, dünyada azsaylı nəhəng dövlətlərdən biridir. Onun bütün təbii sərvətləri, kifayət qədər insan resursu və elmi nailiyyətləri var. Yəni bu ölkədə-elmdə, texniki yeniliklərdə, ixrac sənayesində, aqrar sahədə, mədəniyyətdə fəxr ediləsi kifayət qədər amil tapmaq olar. Amma bu xalq yalnız insan öldürməklə, müharibələrdə qalib olduqlarına görə daha çox öyünür.

Planetin ikinci ən böyük ordusuna sahib olan Rusiya indiyə qədər Hərbi Sənaye Kompleksi ilə bütün dünyanı ən azı onunla ehtiyatlı davranmağa məcbur edirdi. Amma istənilən düz xəttin onun üzərindəki nöqtələrdən birində qırılma ehtimalı var. 2022-ci il 24 fevralından sonra Ukrayna Rusiyanın “yenilməz hərbi gücü” barədə formalaşmış “düz xəttini” qırdı. Artıq heç kim Rusiyanın hərbi gücünü hansısa ordu ilə maqaisə etmir, çünki şimal dövlətinin qüdrətli ordusu Ukrayna bataqlıqlarında boğulur. İndi sadəcə dövlət başçısının əlindəki “qırmızı düymə” vahimə amili hesab olunur. Qərb Putinin atom silahından istifadə etmək etimalından ehtiyat edir. Çünki Putin onun üçün hakimiyyətindən öndə heç bir hissin olmadığını dəfələrlə sübut edib. Dünən “Azovstal” zavodunda mühasirəyə düşmüş mülki şəxslər və hərbçilərlə bağlı işlətdiyi: "Bu sənaye zonasını elə qapadın ki, oraya milçək belə uça bilməsin”, - deməklə bir daha sübut etdi ki, onun üçün müqəddəs heç nə yoxdur. Dünyanın ən böyük həcmli qaydasız döyüşü olan müharibələrin belə əxlaqa söykənən qaydaları mövcuddur. “Ucalığından” yıxılmış Rusiyada isə artıq heç bir əxlaqi-hümanis hiss qalmayıb. Bu əmr “Azovstal” zavoduna sığınmış insanların ölümünə verilən fərmandır. Hansı ki, onların əksəriyyəti evləri işğalçı ordunun raket zərbələri nəticəsində dağılandan sonra buraya - “Azovstal”ın zirzəmisinə sığınıblar. Putin onları buradan salamat buraxmağın tərəfdarı deyil. Və qəribəsi odur ki, bu qəddar qərarlarını “milliyyətçiliklə mübarizə” adlandırır.

İmperiyanın bərpası həvəsində olan Rusiya xalqının 80%-dən çoxu ordunun qüdrətinə güvənərək müharibənin ilk günlərində Ukraynanın işğalına tərəfdar idilər. Artıq eyforiya dövrü bitib. İnsanlar kənar vasitələrdən aldıqları informasiya ilə daxili təbliğatın uydurmalarını müqaisə etdikcə uğursuzluğun astanasında olduqlarını anlamağa başlayıblar. Hətta Kremildə Putin siyasətinə etirazlar barədə beynəlxalq media xəfif məlumatlar dərc edir.

Görünür məlumat verən mənbələr ölkə rəhbərinin daxili etirazçılara qəfləti hücum edə biləcəyindən ehtiyat edirlər. İndi Putin başı ağrayan ilan kimi yol üstünə çıxıb, qarşısına kim keçsə, sanca bilər. Onu dürdürmağın isə iki yolu var: Birinci yol ilanın “əzabdan xilas etmək”dir. Ki, o da bunu hiss etdiyinə görə maksimum müdafiə olunur. Uzun stol və uzaq Şərqə çəkilmək buna misal olar.

İkinci yol isə ölkədə etirazların artmasıdır ki, bu vasitə ilə prezidenti qərarlarını korrektə etməyə məcbur etmək olar. Necə ki, iki gün öncə dediyi: "Elə qapadın ki, oraya milçək belə uça bilməsin” ifadəsinin böyük etiraza səbəb oluğunu görəndən sonra geri çəkilməyə məcbur olaraq bu gün Mariupoldan mülki şəxslərin təxliyyə edilməsinə razılıq verdi.

Sanksiyalar isə Rusiyanın anbarlarındakı silahlar qurtarana qədər təsir etməyə bilər. Hərçənd Almaniya və Fransa başda olmaqla bir neçə NATO dövlətləri durmadan Kremilin silahla təhcizatına yardım edirlər. Hətta bunları da nəzərə almayıb Rusiyanın imkanlarının tükənəcəyinə umid edilsə,  Ukraynada qırılacaq insanların sayı  təsəvvürə gəlməz rəqəmlərlə sayıla bilər. Əgər iş ora qədər davam etdirilsə, anbarların boşalmasından sonrakı dalğa təkcə Putini yox, bütövlükdə Rusiyanı yuya bilər.

Qadir Musaoğlu Qadir Musaoğlu

Qadir Musaoğlu, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »