Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin sanksiyalarının istədikləri məqsədə çata bilməyəcəyini bildirib.
Kremlin rəhbəri bildirib ki, ölkə iqtisadiyyatı vəziyyətə tab gətirib və vəziyyət getdikcə stabilləşir. Avropa İttifaqının sədri Ursula Fon der Lyayen isə Rusiyanın tənəzüllə uğramasının an məsələsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalardan ciddi zərər görür. Bəs kim haqlıdır? Rusiya iqtisadiyyatı çökür, yoxsa necə?
Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Avropa İttifaqı Rusiyaya 5 sanksiya paketi təsdiq edib. Demək olar ki, Rusiya iqtisadiyyatının bütün sektorları Qərbin təzyiqi ilə üz-üzədir. Vladimir Putin isə rublun gücləndiyini deyir. Onun sözlərinə görə, Qərb öz məqsədlərinə çatmayıb və üstəlik, özlərinə ziyan vurub. Ancaq Rusiyada hazırda da infilyasiya 17,5 faizdir. Bundan öncə də Rusiya Mərkəzi bankı vəziyyəti yaxşılaşdırmaq üçün faiz dərəcələrini artırmalı olmuşdu.
İqtisadçı Elçin Rəşidov bildirib ki, sanksiyaları mənasız adlandırmaq olmaz. Çünki hazırda Rusiyanın ticarət xəritəsi kiçilib və innovativ sahələr zərər görüb. Sanksiya tətbiq edən ölkələr əsasən 2 məqsəd güdür. Birincisi, Rusiyanın iqtisadiyyatını çökdürmək, sözsüz ki, buna nail olacaqlar. Həmçinin Rusiyada məşğulluğu azaltmaq istəyən Qərb yeni sanksiyalar tətbiq etməyə hazırdır. Müəyyən texnologiyalar var ki, müharibə dövründə Rusiyaya transferin qarşısını alacaq. Və beləliklə Rusiya ordusunun davamlı olaraq itirilən silahları yeniləri ilə əvəzləməsinin qarşısı alınacaq.
Avropa İttifaqı Rusiyanın bank və enerji sektorunda məhdudiyyətləri nəzərdən keçirir. İttifaq hazırda neftin növbəti sanksiyalar paketinə daxil edilməsinə imkan verəcək yeni mexanizmlər hazırlayır. Ursula Fon der Lyayen bildirib ki, sanksiyalar Rusiyaya hər həftə daha da ağır zərbə endirir. İxrac 70 faiz aşağı düşüb. Hazırki proqnozlar Rusiyanın ümumi daxili məhsulunun 11 faiz azaldığını göstərir.

Rusiya iqtisadçıları isə qeyd edir ki, indiyədək tətbiq olunan sanksiyalar və yolda olan 6-cı sanksiya paketi Rusiyadan çox qərb ölkələrinə zərər vuracaq. Qərbin imtina elədiyi nefti Rusiya Hindistana satmağa başlayıb. Hindistan ötən il cəmi 16 milyon barel neft almışdısa, sanksiyalar başlayan 2 həftə ərzində artıq 13 milyon barel neft alıb. Tətbiq edilən sanksiyalar qiymətləri bahalaşdırır. Bu iki amil, həm Çinin ticarət imkanlarının genişlənməsi, həm də Hindistanın alıcı kimi fəaliyyətini genişləndirməsinə səbəb olur. Son bir ayda rubl dollara nisbətdə dəyərini 40 faiz itirərək Rusiyadan kənarda faktiki olaraq yararsız hala salmışdı. Ancaq son günlər rubl yenidən dirçəlməyə başlayıb.
Bununla belə, Kremlə yaxın olan "Moskovskiy Komsomolets" qəzeti yazıb ki, Rusiyada rəsmi məzənnə ilə dollar tapıb almaq mümkün deyil. Yəni hazırda rublun gücləndiyini göstərən rəqəmlərin arxasında real güc dayanmır. Əslində hazırda elan edilən məzənnə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın həyata keçirdiyi inzibati tədbirlərin nəticəsidir və uzun müddət tab gətirə bilməz.
Havar, Bizimyol.info