Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana son şans
Ermənistana son şans

Azərbaycan qonşu Ermənistana son şans verib. "Son şans" kəlməsini Prezident İlham Əliyev dünya azərbaycanlıarının V qurultayında işlədib.

Deyib ki, əgər Ermənistan Azərbaycanla sülh bağlamasa -ərazi bütövlüyünü tanımasa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Məlumdur ki, Azərbaycan heç vaxt Ermənistanın ərazisinə müdaxilə etməyib. Bir dəfə də olsun, atəş açmayıb. Deyək ki, Birinci Qarabağ Müharibəsində ordumuzun belə imkanları olmayıb, hələ ordusu zəif, dövləti gücsüz, silahı yetərsiz olub. Təbii müttəfiqimiz, qardaş Türkiyə belə bizə lazım olan səviyyədə kömək etmirdi. Bunlar həqiqətdir. Bəs axı 44 günlük müharibədən əvvəl və xüsusilə də, müharibənin gedişində qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişmişdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinin dərinliklərindəki düşmən hədəflərini vura bilərdi. Hətta o ərazidən bizim şəhərlərimiz atəşə tutulsa da. O atəşlərə də Qarabağda, indi "Şərqi Zəngəzur" adlandırılan böləgdə cavab verirdi.

Niyə?! Səbəbləri çox sadədir: Azərbaycanın başqa ölkələrin torpağında gözü olmayıb və yoxdur (hətta tarixi Azərbaycan torpaqlarında süni olaraq yaradılmış Ermənistanın da torpağına iddiamız və qəsdimiz olmayıb və yoxdur). Eyni zamanda biz Ermənistan ərazisində hərbi hədəflərə atəş açsaydıq, Rusiya öz Kollektiv Təhlükəsizlik müqaviləsi ilə üstümüzə gələrdi. Üstəlik Qərbi Azərbaycana qarşı sanksiya qoyardılar. Bu gün Rusiyanın başına gələn o zaman Azərbaycanın başına gələrdi. "Bayraktar" PUA-nı Qarabağda "ölüm silahı" adlandıranlar, onları Ukraynada "mələk" sayırlar. Bizə qarşı Moskvanın nələr daha nələr edə biləcəyini də unutmuruq.

İndi isə, prezidentin dediyi kimi, vəziyyət dəyişib. Hərbi-siyasi reallıqlar başqadır. Artıq Dünya da, əsasən, bu reallıqları qəbul edir. Prezident bu barədə danışarkən, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britanıyanın və sair birinci şəxslərinin çıxışlarına və məktublarına istinad edir. Məlumdur ki, artıq "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi də dünya liderlərinin leksikonundan çıxır. Müşahidələr də göstərir ki, "Cənubi Qafqazda sülh", "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması" üçün öz dəstəklərini təklif etməyə başlayıblar.

Azərbaycan da Ermənistanı geriyə qayıtmamağa deyil, irəli baxmağa çağırır. Brüssel görüşləri və Ermənistan baş nazirinin Moskvaya son səfəri fonunda Ermənistanda revanşist qüvvələrin baş qaldırması qəflətinə Prezident Əliyevin cavabı adekvat oldu. O, Ermənistan hökumətinin nizamlamaya dair Bakıdan təklif edilmiş 5 prinsipi qəbul etməsinə əsaslanaraq mövqe bildirir. Yəni bir halda ki İrəvan bu prinsipləri qəbul etdiyini - Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, bunu kağıza yazıb, altına imza qoymaq nə çətin işdir?! Yox, əgər bunu etmək istəmirsə, sadəcə, söz oyunu davam edəcəksə - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, bu ərazinin hamılıqla qəbul edilmiş sərhədlərini və ərazi üzərində suverenliyini tanımayacaqsa, Azərbaycan da eyni cür davranacaq. Prezident: "1920-ci ilin noyabrında Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana verildi" deyir. Məntiqi nəticə: əgər Ermənistan üçün Azərbaycanın sərhədləri yoxdursa, Azərbaycan üçün də Ermənistan sərhədləri yoxdur. Başqa sözlə, əgər Ermənistan Azərbaycan ərazinin hansısa bir hissəsini yenidən qoparmağa çalışacaqsa, öz ərazisinin bir hissəsini itirməsi perspektivini nəzərə alsın. Ermənistan bizdən Qarabağı almaq istəyəcəksə, biz əksinə 44 günlük müharibədəki nəticəni təkrarlayarıq - Zəngəzuru geri qaytararıq. Bu, Azərbaycanın Ermənistana ərazi iddiası deyil. Çünki Qarabağ zorla Ermənistandan alınıb bizə verilmədiyi üçün - bizim əzəli, tarixi torpağımız olduğuna görə (eyni zamanda siyasi coğrafiyamıza aiddir BMT bizi bu bölgə ilə birlikdə tanıyıb), Ermənistanın Qarabağa dair iştahı əsassızdır. Ancaq prezident Əliyevin Zəngəzurla bağlı fikrinin (xəbərdarlığının) əsası var. Bir sözlə, Ermənistanın Qarabağa dair iddiası, Azərbaycanın isə, Zəngəzurda tarixi haqqı var. Əgər Ermənistan əsassız iddiasını yenidən irəli sürərsə, Azərbaycan da o halda qoparılıb alınmış öz tarixi haqqını özünə geri qaytaracaq. Ermənistan 44 günlük müharibədə, faktik olaraq, ordusunu itirdi. Daha bir 44 günlük müharibə ona daha ağır oturar. Əlində olanı qoruyub saxlasa və Azərbaycanın və Türkiyənin verdiyi şansdan istifadə etsə, indiki vassal statusundan qurtulub normal dövlətçilik əldə edər. Əks halda, Azərbaycan prezidentinin sözləri ilə desək, bu şansı da itirəcək.

P.S. Özü bütöv ölkə olaraq Rusiyanın boyunduruğunda ikən Qarabağdakı bir ovuc əhali üçün "müstəqillik" axtaranlar necə də zavallı görünürlər. Ölkəsini Rusiyanın tapdağı halına salıb, bütün bölgəni də dalınca sürümək istəyir. Son bir şansı var ikən hələ...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »