Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-u, yəni onun üçün müqəddəs hesab olunan tarixdən sonra da Ukraynaya qarşı müharibəni dayandırmaq barədə düşünmür.
Bizimyol.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu barədə “Suspilne”-yə müsahibəsində danışıb. O, qeyd edib ki, çünki Putinin bundan sonra da qarşısında müxtəlif məqsədlər var: "O, bu məqsədlərə çata bilmək üçün müharibəni dayandırmayacaq".
Danilov bildirib ki, Putinin əsas məqsədi Ukraynanı məhv etməkdir. Onun sözlərinə görə, Rusiya Ukraynanın "dağıdılması" ilə bağlı plan hazırlayıb.
"Biz bilirik ki, Putin dayanmaq fikrində deyil. Nə mayın 9-da, nə 10-da, nə də 20-də. Putinin hərbçilərinin qarşısına qoyduğu vəzifə olduqca sadədir - dövlətimizi məhv etmək",- deyə Aleksey Danilov bildirib. O, vurğulayıb ki, Putin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə birlikdə ukraynalıların Rusiyadakı əsir düşərgələrinə köçürülməsi planını hazırlayıb. Qeyd edək ki, bu plan Rusiyanın Ukraynaya müdaxiləsindən daha əvvəl hazırlanırdı.
Aleksey Danilov hesab edir ki, Rusiyanın döyüşə yeni resurslar və ehtiyatlar gətirmək imkanı var. Bununla yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ölkədə müharibənin davam etdiyini və bunun asan olmayacağını qeyd edib. O, vurğulayıb ki, Vladimir Putin Ukraynanın hərbi-siyasi rəhbərliyini məhv etmək fikrindən əl çəkməyib. Danilovun sözlərinə görə, Ukrayna prezidenti Volodimir ladimir Zelenskini öldürmək üçün bir neçə dəfə cəhd edilib.
Tərcümə: İlahin, Bizimyol.info