Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Wolt Azərbaycan"-dan kuryerlərin etirazı ilə bağlı açıqlama
"Wolt Azərbaycan"-dan kuryerlərin etirazı ilə bağlı açıqlama

“Wolt şirkətinin kuryerlərin etirazına görə və ya onlayn olmadıqları səbəbi ilə partnyorluğu dayandırması və kuryerlərə hədə-qorxu gəlməsi tamamilə yanlışdır”.

Bu barədə Bizimyol.info xəbər portalının sorğusuna "Wolt Azərbaycan"-ın marketinq meneceri Tofiq Süleymanov məlumat verib. O, qeyd edib ki, Wolt sifarişlərini çatdıran kuryerlər şirkət əməkdaşları deyil və xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır.

“Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç zaman partnyorluğumuzu bitirməzdik. Belə ki, dünən, 21 aprel tarixində bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün Wolt sistemində şəbəkədən kənar olmaq qərarını verdi. Bu cür dəyişikliklər, hər zaman olduğu kimi, mövcud tələbat əsasında olunur və dəyişikliklərin olunmasına baxmayaraq, kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər yenə də bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda müqəddəs Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazıçılığını çox gözəl başa düşürük”,- deyə Süleymanov qeyd edib. Onun sözlərinə görə, dünən axşam radələrində ofisdə görüş keçirmək istəyini bildirən kuryerlərin bir hissəsi ilə görüş keçirilib və onların fikirləri diqqətlə dinlənilib.

“Aldığımız məlumatlara əsasən növbəti addımlarımız haqda düşünəcəyik. Oflayn olaraq etirazlarını bildirən heç bir kuryer ilə əməkdaşlıq dayandırılmamışdır. Həm dünən, həm də bu gün ərzində çatdırılma xidməti stabil olaraq işini davam etdirir”,- deyə o əlavə edib.

Xatırladaq ki, sosial şəbəkələrdə "Wolt" şirkətinin bir qrup əməkdaşının əmək haqqının az olmasına etiraz olaraq çalışmaması ilə bağlı məlumatlar yayılıb. Qeyd edilib ki, şirkət bir qrup kuryeri işdən uzaqlaşdırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »