Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, əgər Vladimir Putin nüvə düyməsini basmaq və ya Ukraynada kütləvi qırğın silahlarından istifadə etmək barədə əmr verərsə, Britaniya birbaşa Rusiyaya hərbi zərbə endirəcək. Üstəlik, Conson əmin edib ki, Rusiyaya zərbə endirmək üçün NATO-nun digər üzvləri ilə məsləhətləşmə də aparmayacaq. Yəni Putin qırmızı xətti keçərsə, Böyük Britaniya düşünmədən Rusiyanı vuracaq.
Belə görünür ki, bütün bu müddət ərzində Putin Qərbi sınayırdı, ətrafda suveren ölkələrin sərhədlərini pozur, Yaxın Şərqdə müharibələr aparır, özünü məcburi qaydada “sülhməramlı” olaraq qəbul etdirirdi. Son olaraq isə Ukrayna ərazilərini açıq şəkildə işğal etməyə girişdi və görünür, bununla da “qırmızı xətt”i tapdaladı.
Putin Avropanı təbii qazla, NATO-nu isə nüvə silahı ilə şantaj edirdi. Əvvəlcə elə görünürdü ki, bu şantaj işə yarayır. Hətta NATO-nun acizliyi barədə mülahizələr yürüdülürdü. Amma zaman ötdükcə məlum oldu ki, Qərb sadəcə olaraq, Rusiyaya “ağıllanmaq” üçün şans tanıyır. Bu baş vermədikcə Qərbin daha sərt mövqe tutacağı da bəlli idi. İndi artıq Ağ Ev Ukraynaya silah yardımlarından açıq danışır və yardımları da açıq şəkildə edir. Hətta silahların Ukraynaya çatdırılması üçün cüsusi nümayəndə də təyin edib. Özü də İŞİD-ə qarşı döyüşən koalisiyanın generalını...
Böyük Britaniya hökumət başçısının son açıqlaması isə Putini tələyə salıb. Əvvəllər də Britaniya Rusiyaya açıq meydan oxuyan ölkə idi. Ötən il Britaniyanın hərbi gəmisi Rusiyanın öz ərazisi elan etdiyi, amma hüquqi baxımdan Ukraynaya məxsus olan sulardan keçərək Gürcüstana gəlmişdi. Həmin vaxt Rusiya təyyarələri gəminin ətrafında uçuşsa da, bundan artığını etməyə cəsarət etməmişdilər.
Şübhəsi ki, Kreml Consonun blef etmədiyini başa düşür. Britaniya hökuməti cəsarətini əvvəllər sübut etmiş bir ölkədir. İndi Rusiya üçün çətin sual ortaya çıxıb: Müharibəni necə udmalı?
Britaniya Rusiyanı məcbur edir ki, müharibəni kimyəvi, bioloji və nüvə silahları olmadan aparsın. Digər tərəfdən isə Qərb müasir silahlarla Ukraynanı silahlandırır. Beynəlxalq hüququn icazə verdiyi üsullarla davam edəcək müharibədə Rusiyanın qalib gəlməsi isə qətiyyən inandırıcı görünmür. Müharibənin ötən 2 ayı ərzində Rusiya ordusu artıq özünü ən pis tərəfdən göstərib.
Rusiyanın Ukraynada uğursuzluğu isə imperiyanın sonu deməkdir. Elə Boris Conson daha əvvəl buna da işarə etmişdi. O, Rusiyaya qarşı deyil, Rusiya imperializminə qarşı döyüşdüklərini demişdi. Yəni Rusiyanın ətrafdakı ölkələri öz pəncəsi altında saxlamasına son qoyulmalıdır. O pəncələrdən biri də hazırda Qarabağa basılıb...
Bizimyol.info