Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qurultaydan sonra dövlət rəhbərinə çoxsaylı şikayətlər ediləcək"
"Qurultaydan sonra dövlət rəhbərinə çoxsaylı şikayətlər ediləcək"

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Diaspor Komitəsinin məlumatına görə, qurultayda 65 ölkədən 400-ə yaxın diaspor təşkilatı nümayəndələri dəvət alıb. Qeyd edək ki, bu beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olaraq yadda qaldı.

“Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması”… Bu fikir, həqiqətən diqqət çəkir… Kimdir, Azərbaycan həqiqətlərini beynəxalq ictimaiyyətə çatdıran bu şəxslər? Bu, ayrı bir mövzudur. Bu gün isə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədovun iddialarını dilə gətirəcəyik. Təşkilat sədri deyir ki, dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V qurultayına dünyada nüfuzlu adamların, ictimai-siyasi şəxslərin, Azərbaycanlıların elm adamlarının, ziyalıların diaspor və təşkilat rəhbərlərinin dəvət olunması zamanı ciddi qüsurlara yol verilib. Onun sözlərinə görə, dəvət siyahısı uyğun tərtib edilməyib.

“Diaspor üzrə Dövlət Komitəsi və Fuad Muradov qurultaya elə şəxsləri dəvət edib ki, adamda çox böyük təəssüf hissi yaradır. Məsələn, Ukrayna və Gürcüstandan dəvət olunma zamanı çox ciddi qüsurlara yol verilib. Diaspor Komitəsinin fəaliyyətini tənqid edən şəxsləri qurultaya dəvət etməyiblər. Belə çıxır ki, bu qurultay dünya azərbaycanlılarının deyil, bir şəxsin qurultayıdır. 2020-ci il 44 günlük müharibə zamanı susan, yaşadıqları ölkələrdə erməni diasporu inciyər deyə qəzəblənər deyə, ümumiyyətlə Azərbaycanla bağlı hərhansı bir fikir yazmayan, aksiyalarda iştirak etməyən insanlar bu gün qurultayda başda oturacaqlar. Məsələn Ukraynada “Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi” böyük təşkilatlardan biridir. Həmin təşkilatın sədri Rövşən Tağıyev dəvət edilməyib. Ukraynadan tanınmış azərbaycanlılar var. Azərbaycan Respublikasının 2020-ci ildə 44 günlük müharibə zamanı informasiya dəstəyi, maliyyə dəstəyi verən təşkilatların rəhbərləri dəvət edilməyib”.

Daşqın Gülməmmədov bildirir ki, “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” da qurultaya dəvət edilməyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynada fəaliyyət göstərən təşkilat rəhbərlərinə dəstək kimi onlar da qurultaya dəvət edilməli idi. Komitənin bu addımı atmadığını deyən Gülməmmədov bildirir ki, Rusiyanın bütün regionlarında olan bir çox azərbaycanlılar, hətta nüfuzu olmayanlar belə o qurultaya dəvət alıb. Hətta həmin şəxslərin yol pulu və maliyyə xərcləri də ödənilib. Təşkilat sədrinin iddialarına görə, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanda diaspor deyil, oranın aboregen əhalisidir: “Azərbaycanın Gürcütanla quru sərhəddi var. Yəni Şuşa ilə Gürcüstan arasında 300-400 km yol var. Buna baxmayaraq Gürcüstandan da bir çox təşkilat sədrləri dəvət edilməyib. Qurultay bitdikdən sonra dəvət edilənləri görürük ki, onlar hansı rola malikdirlər”.

Daşqın Gülməmmədov bildirir ki, qurultayın bu şəkildə keçirilməsi və Azərbaycan üçün çalışan azərbaycanlıları qurultaydan kənarda saxlamaq əslində bir təxribatdır. Təşkilat sədri deyir ki, təşkilat qurultaya vətənpərvər, Azərbaycan üçün fəaliyyət göstərən, 2020-ci il 44 günlük müharibə zamanı maliyyə-informasiya dəstəyi verən və aksiyalarda iştirak edən şəxsləri də qurultaya dəvət etməyib.

Eyni zamanda Gülməmmədov iddia edir ki, qurultaydan sonra çox ciddi qalmaqallar baş verəcək. Avropa ölkələrində, İtaliya, Polşa, Almaniya, Ukrayna, Niderland, Türkiyə, Gürcüstan və s. digər ölkələrdə yaşayan, cəmiyyətdə nüfuzlu qəbul edilən şəxslər qurultaya dəvət edilməyib: "Təbii ki, qurultaydan sonra Azərbaycan dövlət rəhbərinə və digər qurumlara çoxsaylı şikayətlər ediləcək".

P.S. Təşkilat sədrinin iddiaları ilə bağlı Diaspor Komitəsinə sorğu göndərmişik. Cavab olduğu zaman sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »