Bir neçə gün öncə Bakıda 15 yaşlı uşaq anasını öldürdü. Videogörüntülərdə ananın övladının ardınca getdiyi və söhbət etdiyi görünür. Ana heç bir şey düşünmədən övladının arxasınca gedir. Nə danışırlar, nə söhbət olur, aydın deyil. Hər şey an içində baş verir. Və bir zərbə ilə anasını, onu dünyaya gətirən qadının həyatını əlindən alır. Deyirlər, guya 15 yaşlı uşaq anasını qısqanclıq üstündə öldürür.
Bizim də övladlarımız var, yaxınlarımızın da 15-16 yaşlı uşaqları var. Hər gün məktəbə çatanda anasına xəbər vermək üçün zəng edən, dərs arası anasına mesaj yazıb keyfini soruşan uşaqlar... Deyəcəksiniz ki, hər şey tərbiyədən asılıdır. Xeyr. Hər şey mühitdən asılıdır. Hadisələr ətrafda olan insanların dedi-qodularından, dolduruşlarından, insanların həyatına burun soxmaq və müdaxilə etmək istəyindən yaranır. “Anan yaxşı həyat tərzi keçirmir”, “Anan əxlaqsızlıqla məşğul olur”, “Anan niyə işdən evə gec gəlir”, “Anan kiminləsə danışır” və s. və ilaxır. Bu sözləri uşağa deyən insanlar nəticəsini düşünmür. Bəlkə də məqsəd o qadını məhv etmək, bəlkə də o uşağın gələcəyini əlindən almaqdır. İnsan 15 yaşında olanda bunu başa düşmür. Deyilən sözlər, onu aşağılayır və anasının həqiqətən də pis olduğunu düşünür. Aqressivləşir. Təbii ki, ana uşağını tərbiyə etməyə çalışır. Ancaq dediyi sözlər və verdiyi sərt reaksiyalar onun özünə qarşı çevrilir. “Anam həqiqətən yaxşı deyil” ifadəsi uşağın düşüncələrində formalaşmağa başlayır. Dedi-qodulardan, söz-söhbətlərdən can qurtarmağın yollarını axtarır.
Bir müddət əvvəl bir tanışım haqqında müxtəlif fikirlər səsləndirilirdi. Qadın danışır ki, oğlu telefondan ayrılmır və fikirli gəzirmiş. Bir gün oğlunun telefonunu əlindən alıb baxır. Uşaq axtarış səhifələrində “insan necə öldürülür”, “ən asan insan öldürmə üsulları” və s. bu kimi axtarışlar edirmiş. Ana ilə övladın söhbəti nəticəsində ana öyrənir ki, uşaq anası haqqında danışanı öldürmək üçün yol axtarırmış...
Bu misalda ana-ilə övladın münasibətinin daha yaxın olduğunu görürük. Bu münasibətdə ana ilə oğul münasibəti deyil, doğmalıq-dostluq görürük. Bəlkə də, bu misaldakı kimi olmalıdır, ana-oğul münasibətləri. Bəlkə də analar oğulları ilə daha yaxın olmalıdır, hər şeyi paylaşmağı bacarmalıdır. Bu münasibətin necə formalaşmalı olması barədə konkret bir düstur yoxdur. Amma dəyişməyən bir reallıq var. Oğullar analarını öldürmür. Anaları öldürən cəmiyyət, boşboğaz insanlar, öz həyat tərzini, öz çirkin düşüncələrini başqalarına yönləndirən “insanlar”dır.
Bir şablon cümlə var: “insan özündə olmayandan çox danışar. Əxlaqsız əxlaqdan, namussuz namusdan, oğru doğruluqdan və s.”... Bu gün əslində anaları uşaqları qarşısında aşağılayan, adına əxlaqsız deyən insanların özü əxlaqsızdır.
15 yaşlı bir uşaq və 37 yaşlı qadın... Nə əzabla dünyaya gətirmiş, böyütmüşdü. Analar oğullarını çox sevər. Kim bilir nə arzuları vardı... Və cəmiyyət bir ananı öz oğlunun əli ilə öldürməyə, 15 yaşlı bir uşağı isə ömürlük bir acını yaşamağa məcbur etdi. İllər keçəcək, o uşaq əslində nə böyük səhv etdiyini anlayacaq. Peşman olacaq. O, öz əməlinin cəzasını alacaq. Bəs onu bu addımı atmağa sürükləyən cəmiyyətin "qara" təfəkkürü necə?
Hadisə ilə bağlı xəbərin altında yazılan şərhləri oxudum... İnsanların necə çirkin düşüncəyə sahib olmaları həqiqətən adamın ürəyini ağrıdır... Qəlbiqara və qara təfəkkürlü şəxslər diridən yorulanda ölənin də arxasınca danışır... Çox təəssüf...
İlahin, Bizimyol.info