Avropa İttifaqı hələ ki, Rusiya neftinin tədarükünə mərkəzləşdirilmiş məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Çünki Aİ-nin bir neçə üzv ölkəsi belə bir qərar səsverməyə çıxarılacağı təqdirdə onun qarşısını almaqla hədələyib.
Bizimyol.info xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell jurnalistlərə açıqlamasında deyib.
“Aİ-də embarqo və ya Rusiya neftinə rüsumların artırılması ilə bağlı yekdilliyə nail olmaq çox çətin olacaq. Çünki bəzi iştirakçı ölkələr artıq istənilən kollektiv qərara veto qoyacaqlarını bəyan ediblər”, - deyə "Le Figaro" Borrellin sözlərindən sitat gətirib. Nəşr qeyd edir ki, Rusiya kömürünün tədarükünə qoyulan qadağadan sonra Aİ ölkələri, o cümlədən Polşa və Fransa Rusiya enerji mənbələrindən tamamilə imtinanın tərəfdarıdır, Almaniya, Avstriya və Macarıstan isə bunun əleyhinədir.
Borrell bununla bağlı bildirib ki, Aİ ölkələri Ukraynadakı müharibənin ilk həftələrində tədarükü artırdıqdan sonra könüllü olaraq Rusiya Federasiyasından neft idxalını mərhələli şəkildə azaldır. Onun sözlərinə görə, ortamüddətli perspektivdə avropalılar bu və ya digər şəkildə Rusiyanın enerji daşıyıcılarından imtina etməli olacaqlar, çünki bu, “muxtariyyətin qurulmasında ən vacib mərhələdir”. Məqalədə o da vurğulanır ki, “sanksiyalar sərtləşdikcə parçalanacaq blok imici avropalıları arxayın etməyəcək, əksinə Moskvanı sevindirəcək”. İndi Avropa Komissiyası neft idxalına, ancaq müəyyən məbləğdən başlayaraq gömrük rüsumlarının tətbiqi məsələsini nəzərdən keçirir.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" kçirilməsini elan edib. O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.
Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi.
Qadir, Bizimyol.info