Son vaxtlar soyuq müharibə üslublu dövrün qayıdışı ilə bağlı müzakirələr gedir. Bəziləri hətta soyuq müharibənin heç bitmədiyini də yazır.
Mən bu ifadələrin heç biri ilə razı deyiləm. Qarşıdakı dövrü düzgün başa düşmək üçün yaxşı düşünülməmiş, yaxud da pis düşünülmüş analogiyalardan qaçmaq lazımdır. Soyuq Müharibə unikal tarixi dövr idi. İndiki vəziyyət isə bu dövrün şərtlərinə qətiyyən uyğun gəlmir. Proksi müharibələrin Soyuq Müharibə dövründə və indiki vaxtda baş verməsi, iki dövrün çox oxşar olduğu anlamına gəlmir. Yaxud ABŞ və Rusiya arasındakı hər gərginlik soyuq müharibə deyil.
Gəlin, soyuq müharibənin ən aydın şəkildə nə olduğuna nəzər salaq. Soyuq müharibə təkcə ideoloji qütbləşmə, nüvə silahı yarışı, yaxud da proksi müharibələri deyildi. Bəlkə bütün bunları soyuq müharibə adlandırmaq olar, lakin soyuq müharibənin ən fərqləndirici xüsusiyyəti onun sistemli olmasıdır. Başqa sözlə, o, beynəlxalq sistemin ikiqütblü quruluşu idi. Sistemin digər aktyorları ilə iki super güc arasında elə bir güc fərqi var idi ki, iki fövqəldövlət ancaq bir-birinə diqqət yetirməyi məqsədəuyğun hesab edə bildi. Məşhur inancın əksinə olaraq, bipolyar sistemlərdə böyük şərti müharibələr baş verə bilər. Tarix Afina ilə Sparta arasındakı münaqişədən bəri bunun nümunələri ilə doludur.
Beləliklə, soyuq müharibə soyuq qaldı; çünki bu, nüvə silahları dövründə baş verib. Nüvə silahı olmasaydı, adi müharibə asanlıqla alovlana bilərdi. Nüvə müharibəsi aparıla bilmədiyi üçün proksi müharibələrə məcburi qayıdış oldu. Bütün dünyada təsir dairələri arasında mübarizə başlamışdı. Bu gün beynəlxalq sistemin ikiqütblü və ya çoxqütblü olması ilə bağlı iddialar ümumiyyətlə, ölçülə bilən əsaslara söykənmir. Ümumiyyətlə, bu, bəzi dövlət başçılarının gözləntilərini əks etdirən istəklərdən və sadə inamlardan ibarətdir. Ukrayna müharibəsi bizə Rusiyanın supergüc olmadığını açıq şəkildə göstərdi. Şəxsən mən hesab edirəm ki, eyni şey Çin üçün də keçərlidir. Beləliklə, hara baxsanız da, birqütblü sistem davam edir. Əslində isə böyük dövlətlər arasında təsir mübarizəsi yoxdur. Əksinə, ABŞ regional aktorları bir-birinə qarşı tarazlaşdırmağa çalışır.
ABŞ birbaşa heç kimlə üz-üzə deyil və bunu baha başa gələn, daha vacibi isə lazımsız hesab edir. Soyuq müharibədə ABŞ-dan başqa Sovet İttifaqını tarazlaşdıra biləcək aktyor yox idi. ABŞ isə bu vəzifəni yerinə yetirməli idi. İndi o, belə hiss etmir. Dünya siyasətinin bu qədər qarışıq görünməsinin əsas səbəbi də budur.
Nəhayət, hətta bu qeyri-mütəşəkkillik də soyuq müharibəyə bənzər bir dövrə girmədiyimizin göstəricisidir. Soyuq müharibəyə bənzər dövrlər qarışıq və mürəkkəb deyil, əksinə, nizam-intizamlı və asanlıqla hesablana bilən dövrlərdir. Sadə oxşarlıqlar üzərində həddindən artıq ümumiləşdirici müqayisələr aparılmamalıdır. Bu günün şərtlərini incə təfərrüatı ilə oxuya bilməsək, çox yanlış nəticələrə gələ bilərik.
Mətin Şükürlü, Bizimyol.info