Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Belarusu aclıq üsyanları gözləyir” - Sergey Dılevski
“Belarusu aclıq üsyanları gözləyir” - Sergey Dılevski

Belarusda iqtisadi vəziyyət getdikcə ağırlaşır. Ukrayna müharibəsində Rusiya ilə müttəfiqlik Minskə baha başa gəlir. Sanksiyalar Belarusa da şamil olunur. Bu isə ölkə iqtisadiyyatına zərbə vurmaya bilməz. Müəssisələr bir-birinin ardınca fəaliyyətini dayandırır. Belarusda işsizlik artır. Ayrı-ayrı yerlərdə kiçik etiraz aksiyaları keçirilir.

Bizimyol.info xəbər verir ki, prezident Aleksandr Lukaşenko çarəni etiraz səsini boğmaqda görür. Dövlət başçısı işçilərin haqlarını müdafiə edən təşkilatları da sıradan çıxarmağa çalışır. Belarus həmkarlar birliyinin lideri Sergey Dılevski repressiyalara təəccüblənmədiyini deyir.

“Bizdəki vəziyyətə Avropada, Amerikada yerləşən həmkarlar təşkilatları reaksiya verməlidir. Bu həm də yeni sanksiyalar dalğası gətirə bilər. Hər halda xuntaya təzyiq vasitəsidir. Vəziyyət, həqiqətən də, pisdir. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə müəssisələr düz-əməlli işləyə bilmir. Əsas bazarlar sıradan çıxıb. Ağlamalı vəziyyət yaranıb. İşçilər bilmir ki, həyatlarına necə davam edəcəklər. Hər hansı etiraz isə amansızlıqla yatırılır”.

Dılevskinin bildirdiyinə görə, bir çox müəssisələr martın ortalarından işləmir. “Belaruskali”, BMZ, “BelCi”, demək olar ki, istehsalı dayandırıb. “Qrodno Azot” istehsal etdiyini də sata bilmir. Çünki daha Belarus məhsullarına yaxın gələn yoxdur.

Dılevski əvvəllər Minsk traktor zavodunda işləyib. Birlik rəhbəri hakimiyyətin çoxlu yalan danışdığını bildirir. Rəsmi Minsk bazarın həmişə olduğunu iddia edir. Guya istehsalat məhsulları Çinə və Rusiyaya lazımdır. Amma Dılevski qətiyyən belə düşünmür.

“Bizim traktorlar Çinə lazım deyil. Çin onsuz da özü istehsal edə bilir. İndi daha 70-ci illər deyil. Hələ o vaxtlar da Yaponiya SSRİ-dən traktorları metal üçün alırdı. Bundan sonra vəziyyət daha da pisləşəcək. İnsanlar pulsuz qalacaq. Götürək “Belaruskali”ni. İşçiləri bekar qalıb, küçə süpürürlər. Məncə, insanlar vəziyyəti yaxşı başa düşür. Hələlik necə davranacaqlarını bilmirlər. Amma zamanla hərəkətə keçəcəklər. Pul tamam bitəndən sonra Belarusu aclıq üsyanları gözləyir”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »