Ukrayna Qərb müttəfiqlərini Rusiyanın "Şimal axını 1" vasitəsilə təbii qaz nəqlindən imtina etməyə inandırmağa çalışır.
Bizimyol.info xəbərinə görə, “Reuters” in enerji rəsmilərinə istinadla yayımladığı məqalədə qeyd edilir ki, bu Rusiyanın başlatdığı müharibədə Kiyevin təsir gücünü artırmağa kömək edəcək.
Rəsmilərin fikrincə, bu, Rusiyanı öz qazının daha çox hissəsini Ukrayna vasitəsilə Avropaya nəql etməyə məcbur edəcək. Bu zaman tranzit haqları artacaq ki, bu da müharibə zamanı Ukraynanın müdafiəsinə kömək edə bilər. Rusiyanı Ukraynanın qaz kəmərlərinə ziyan vurmaqdan çəkindirə bilər.
"Reuters" qeyd edir ki, Ukraynanın qaz kəməri operatoru və qaz şirkəti “Naftogaz”ın nümayəndələri Vaşinqtonda Bayden administrasiyasının rəsmiləri və Konqresin qanunvericiləri ilə görüşərək onları Almaniyanı və digər Avropa müttəfiqlərini planı qəbul etməyə inandırmağa çağırıblar.
"Rusiya qazı Avropaya nəql etməyimizdən asılıdır. Bu, bizim onlarla müzakirələrimizdə istifadə edə biləcəyimiz bir şeydir və Avropa bu istiqamətdə kömək edə bilər",- deyə Ukraynanın qaz ötürücü sistem operatorunun beynəlxalq əlaqələr üzrə direktoru Olqa Belkova bildirib.
Ağ Evin və Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndələri bu məsələyə şərh verməkdən imtina ediblər. Analitiklər hesab edir ki, qaz tədarükünün mövcud “Şimal axını 1” qaz kəmərindən yayındırılması Almaniya və Avropanın qalan hissəsi üçün çətin ola bilər. Dövlət Departamentinin keçmiş xüsusi nümayəndəsi Devid Qoldvin qeyd edib ki, “bu, Avropaya tədarükün təhlükəsizliyini yaxşılaşdırmaq üçün heç bir rol oynamır”.
Hazırda Rusiya “Şimal axını 1” vasitəsilə Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz ixrac edir. Daha 40 milyard kubmetr qaz isə, Ukraynanın qaz nəqli sistemi vasitəsilə tranzitlə Avropaya gedir. Bunun üçün isə, Rusiya ABŞ dolları ilə Ukraynaya tranzit haqqı ödəyir. Ukrayna GTS 100 milyard kubmetrdən çox sərbəst tutuma malikdir. Rəsmilər, “Şimal axını 1”in ötürmə qabiliyyətinin 40 faizinin dərhal Ukrayna qaz kəmərinə yönəldilməsini və 2023-cü ilin aprelinə qədər tədricən 100 faizə çatdırılmasını təklif edirlər. Bu, isə Aİ ölkələrinə qış ehtiyatları yaratmaq və diversifikasiya etmək üçün vaxt verəcək.
Xatırladaq ki, 2021-ci il sentyabrın 10-da Rusiya “Şimal axını 2” qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. Sertifikatlaşdırmadan sonra işə salınmalı idi.
“Şimal axını 2” layihəsi Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya ümumi gücü ildə 55 milyard kubmetr qaz olan iki qaz kəmərinin tikintisini və istismarını nəzərdə tutur. Qaz kəməri Ukraynadan keçmir. Bu il fevralın 22-də Almaniya kansleri Olaf Şolz, Almaniyanın “Şimal axını 2” qaz kəməri üçün sertifikatlaşdırma prosesini dayandırdığını elan edib. Onun sözlərinə görə, bu, Rusiyanın “LPR” və “DXR”in müstəqilliyini tanımaq qərarına cavabdır. Həmin gün Almaniyanın İqlim və Ətraf Mühitin Mühafizəsi Fondu Rusiyanın “Şimal axını 2” qaz kəmərini dəstəkləməkdən imtina edib. Fevralın 23-də Amerika Birləşmiş Ştatları Rusiyanın “LPR” və “DPR” terror təşkilatlarını tanımasına cavab olaraq “Şimal axını 2” operatoruna qarşı sanksiyalar tətbiq edib. Martın 1-də “Şimal axını 2” operatoru Qərbin Ukraynaya təcavüzü səbəbindən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə müflis olub. İflas "Nord Stream 2" AG-nin qeydiyyata alındığı İsveçrənin Zuq kantonunun hökuməti tərəfindən təsdiqlənib.
Tərcümə: İlahin, Bizimyol.info