ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələrin qəbul etdiyi sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün kifayət etmir. Rusiya iqtisadiyyatı tədricən çökür, lakin Rusiya hələ də enerji resurslarının ixracından milyardlarla dollar almağa davam edir.
Bizimyol.info xəbər verir ki, tətbiq edilən sanksiyalarla Rusiya iqtisadiyyatına Rusiyanın bombalayaraq dağıtdığı Ukrayna infrastrukturundan daha az zərər dəyib. Belə ki, Rusiyada vətəndaşlar iqtisadiyyata dəyən zərərləri mağazalarda məhsul çeşidlərinin azalması və beynəlxalq xidmətlərlə əlaqənin kəsilməsi ilə hiss edirlər. Avtomobillər bahalaşıb, ehtiyat hissələri yoxdur, təkərlər bahalaşıb, rəflərdən ağ kağız yoxa çıxıb və s.
Rusiya Bankının rəhbəri Elvira Nabiullina Rusiya Dövlət Dumasında bildirib ki, yalnız indi, ilk sanksiyaların tətbiqindən təxminən iki ay sonra zərbə maliyyə sistemindən iqtisadiyyata keçəcək.
"Demək olar ki, istənilən məhsul bu və ya digər nisbətdə xaricdən gətirilən komponentlərdən hazırlanır. Kiçik olsa belə, istehsal istənilən hissədən və ya komponentdən kritik dərəcədə asılı ola bilər",- deyə bank rəhbəri bildirib. Onun sözlərinə görə, idxal məhdud olduğu üçün istehsalın azalması qaçılmazdır.
Siyasi iqtisadiyyat və konfliktlər üzrə ekspertlər Maykl Allen və Metyu Di Cüzeppenin hesablamalarına görə, 1823-cü ildən 2003-cü ilə qədər müharibələrin 88 faizi xarici maliyyə ilə aparılıb. Hazırda Ukraynada belə maliyyə var, Rusiyanın ehtiyyatları isə, həbs edilib və dondurulub.
Rusiya müflis olurmu?
Məqalədə deyilir ki, Aİ Rusiyanın enerji resursları üçün gündə təxminən bir milyard dollar köçürür. Bu davam etdiyi müddətdə isə, Rusiya Federasiyasının iflası faktiki olaraq mümkün deyil. Mayın 4-də texniki defolt baş verəcək. Buna görə, ruslar kreditləri rublla ödəməyi təklif ediblər. Ancaq kreditorları bundan imtina ediblər. Məqalədə Bloomberg Economics-in məlumatlarına istinadla bildirilir ki, 2022-ci ilin sonuna qədər Rusiya enerji ixracından təxminən 321 milyard dollar qazana bilər. Bu isə, ötən illə müqayisədə üçdə bir çoxdur. Yəni Rusiyanın gəlirləri artacaq. Bunun fonunda Rusiya Federasiyası statistikanı gizlətsə də, idxalın həcmi azalır. Ekspertlərin hesablamalarına görə, azalma təxminən 40 faiz təşkil edir.
Finlandiya Bankının Keçid İqtisadiyyatı İnstitutu qeyd edir ki, 2022-ci ildə Rusiyaya idxal demək olar ki, iki dəfə azala bilər. Nəticədə isə, ixracla idxalın pul ifadəsində fərqi müsbət olacaq, yəni profisit yaranacaq.
Rusiya Bankının məlumatına görə, birinci rübdə bu, təxminən 58,2 milyard dollar təşkil edəcək. İlin sonunda bu rəqəm təxminən 200 milyard dollara çata bilər.
TS Lombard-ın analitikləri, rublun kəskin devalvasiyası və neftin qiymətinin artmasının Rusiya büdcəsinə əlavə 103 milyard dollar gətirəcəyini gözləyir. Sadə dillə desək, neft və qaz ixracı məhdudlaşdırılmasa, Rusiya Federasiyasının pulu olacaq.
Rusiyaya neft və qaz embarqosu olacaqmı?
Məqalədə qeyd edilib ki, hələ ki, Aİ-nin sanksiyaları enerji sektoruna təsir etməyib.
Razumkov Mərkəzinin energetika üzrə eksperti Maksim Bilyavskinin sözlərinə görə, Rusiya Federasiyasından qaz alınmasından dərhal imtina etmək barədə qərar qəbul etmək mümkün deyil. Çünki bunun üçün heç bir infrastruktur yoxdur. Tezliklə əvəzini tapmaq üçün yol yoxdur.
Mütəxəssislərin fikrincə, Aİ Rusiya qazını almaqla faktiki olaraq ukraynalıların qətlinin maliyyələşdirilməsində iştirak edir.
Tərcümə: İlahin, Bizimyol.info