G7 ölkələrinin maliyyə nazirləri beynəlxalq ictimaiyyətlə birlikdə, 2022 və 2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək verəcəklərini bildiriblər.
Bizimyol.info xəbər verir ki, “Reuters” və “The Hill”-in məlumatına görə, nazirlər “lazım gələrsə”, daha çox şey etməyə hazır olduqlarını da dilə gətiriblər.
“Rusiyanın davam edən qəddar təcavüzü, bunun nəticəsində Ukrayna əhalisinin çəkdikləri əziyyət və ölkənin özünün uzun müddətdir ki, məhv edilməsi fonunda biz lazım gələrsə, daha çox şey etməyə hazırıq”, - deyə bəyanatda bildirilir. Nazirlər öz bəyanatlarında Rusiyanın beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçirilən iclaslarında iştirakından təəssüfləndiklərini də dilə gətiriblər. Onlar qeyd edib ki, beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə öz işini adi qaydada aparmamalıdır. Maliyyə nazirləri həmçinin “Ukrayna xalqı və hökuməti ilə sarsılmaz dəstək və səmimi həmrəylik” təklif ediblər. Qeyd edilib ki, onlar Ukraynanı dəstəkləməyə davam edirlər.
Xatırladaq ki, hazırda Ukrayna iqtisadiyyatı müharibə şəraitində əziyyət çəkir. Dünya Bankı, 2022-ci ilin sonuna qədər Ukrayna iqtisadiyyatının 45 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu isə müharibə səbəbindən Ukrayna iqtisadiyyatının bu il 35 faiz azalacağını proqnozlaşdırır.
Ukrayna rəsmilərinin məlumatına görə , onlar ayda 5 milyard dollar kəsirlə üzləşirlər. Baş nazir Denis Şmiqal bildirib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.
Tərcümə: İlahin, Bizimyol.info