Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən sonra Ukrayna necə bir dövlət olacaq?
Müharibədən sonra Ukrayna necə bir dövlət olacaq?

Rusiya prezidenti Putin deyib ki, Rusiya sayəsində Donbasa sülh olacaq.

Donbasda sülh var idi, Ukrayna bütöv idi. Krım ilhaq, Donetsk, Luqansk vilayətlərinin bir hissəsi işğal olunana, orda oyuncaq rejimlər qurulana qədər Donbasda, bütün Ukraynada, Rusiyada sülh var idi. Putin özü bunları edib, bütün Ukraynanı dağıdır, həm də sülhdən danışır. Bundan dəhşətli nonsens nəyə deyirsiniz?!

Başını kolluqda gizlədib arxasının bayırda qaldığını unudan dəvəquşunu xatırlayın. Moskvada, Kremldə elə bilirlər ki, müharibə Ukraynada gedir. Bəli, müharibə Ukraynada gedə bilər.Ancaq müharibəyə gedən Rusiyanın özüdür axı. Həm də iqtisadi müharibə.

Putin deyir ki, Qərbin sanksiyaları Rusiyaya heç bir təsir göstərməyib. Bu gün bundan daha gülməli anektod yoxdur. Əslində tam bir tragikomediyadır!

Sanki Qərbin dondurduğu 300 milyard dollar mənim pulumdur. Özü də hələ bu, itkilərin bir hissəsidir. Davamı da gəlir. Sülh hamıdan qabaq birinci Rusiyanın özünə lazımdır. Ordusu, iqtisadiyyatı, maliyyə sistemi, sosial təminat sxemi, büdcəsi, qızıl-valyuta ehtiyatları... dağılıb gedir, bu yandan da 30 il qabaq dağılmış köhnə ittifaqı bərpa etmək xülyasına düşüb. Bunlar hansı ciddi siyasi xəstəliyin əlamətləridir?! Siyasi elmlər doktorlarınadır sual...

Bəli, Ukrayna daha çox dağılır, iqtisadiyyatı çökür, əhalisi qırılır, infrastruktur, şəhərlər yerlə-yeksan. Ancaq zamanında Hitler Almaniyası Fransanı da darmadağın etmişdi. İndiki Fransaya baxın. Fransada adambaşına düşən ümumi daxili məhsul 50 min dollar, Rusiyada isə 30 min dollar civarında. Halbuki Rusiyanın tək Krasnoyarsk diyarı ərazisinə görə 3 Fransa boydadır, təbii ehtiyatları isə müqayisəyəgəlməz dərəcədə çoxdur.

Rusiya Ukraynanı işğal edə bilməyəcək. Ukrayna bu müharibədən dağıdılmış vəziyyətdə çıxacaq, bu, qaçılmazdır (faşist Almaniyasının işğalından darmadağın çıxmış Fransa kimi). Ancaq Ukrayna indidən məlum olduğu kimi, Rusiyanın Avrasiya qaranlığına dönməyəcək; artıq Avropa ailəsinin bir üzvüdür. Ukrayna müharibədən sonra qısa müddətdə bərpa ediləcək, investisiya cənnətinə çevriləcək. ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Avropa İttifaqı Ukraynanı yenidın və daha gözəl biçimdə quracaq. Rusiyanın sərhədində yeni bir Fransa yaradacaqlar. Bütün ölkələr, hətta Çin də öz şirkətləri ilə bu ölkəyə tələsəcək. Baxmayın, İraqa, Suriyaya, Yəmənə... Ukraynanın o ölkələrin heç birinə bənzəri yoxdur. O ölkələri Qərb və Rusiya dağıtdı. Ukrayna isə başqa məsələdir. Qərb Ukrayna üzərindən Rusiyanı dağıtmaq istəyir. Əvvəl iqtisadiyyatını çökdürəcək. Sonra sosial böhran yaranacaq. Siyasi böhran və regionların mərkəzdənqaçması... Qərbin strategiyası budur. Bu strategiya addım-addım yerinə yetirilir.

Sovet İttifaqında da totalitar rejim idi. Xalqın da dövlət başçısının yanında olmaqdan başqa çarəsi yox idi. Ona qalsa, Andropovun, ilk başda Qorbaçivun da Sovet cəmiyyətində reytinqi yüksək idi. Ancaq ölkəni silahlanma yarışına çəkdilər, Əfqanıstan bataqlığına saldılar, texnologiyadan yoxsun qoydular, əvvəl iqtisadiyyatı çökdü, sonra sosial kataklizmlər gəldi. Ardınca siyasi böhran, etnosiyasi toqquşmalar, münaqişələr... Nəticəsi də məlum.

İndi Putin bir yandan əlində olanı -əmrində olan ölkəni dağıtmaqla məşğul ikən yenisini - daha böyüyünü yaratmaq iddiasını irəli sürüb.

...Siyasi tibbin doktorları, niyə susursunuz?! Diaqnoz nədir?! Vəziyyəti çoxmu ümidsizdir?!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »