Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəraət qərarı öldürülən övladımı geri qaytarmır" - Tərtər qırğını
"Bəraət qərarı öldürülən övladımı geri qaytarmır" - Tərtər qırğını

Tərtər hadisələrində yüzlərlə hərbçiyə işgəncə verilməsi, nəticədə onların bir neçəsinin ölməsi, onlarla hərbi qulluqçunun ermənilərə casusluq, dövlətə xəyanət ittihamıyla əlaqədar istintaq 2021-ci ilin dekabrında yenilənəndən sonra yeni hallar üzə çıxıb. İşgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin əslində günahsız olduğu üzə çıxıb, ona bəraət verilib. İşgəncəyə məruz qalmış yüzlərlə yeni zərərçəkmiş müəyyənləşdirilib. İstintaq yenilənəndən sonra hərbçilərə işgəncə verməyə, onların ölümüylə nəticələnən cinayətlərə görə 8 nəfərə ittiham verilib.

Bizimyol.info xəbər verir ki, 8 nəfərdən 6-sı bundan əvvəl də məhz Tərtər hadisələrində işgəncə verməyə görə həbs edilmiş, onlardan 5 nəfəri az müddət keçəndən sonra azadlığa buraxılmışdı. Həmin 5 nəfər bunlardır: gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılov. Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) başqa ağır maddələrilə ittiham olunurdular. Lakin Tərtər Hərbi Məhkəməsi Cinayət Məcəlləsinin 62-ci (cəzanın minimum həddindən daha aşağı cəza tətbiq etmə) maddəsini tətbiq edərək, yüzdən çox adama işgəncə verməkdə, yeddi nəfərin ölümündə ittiham olunan bu adamlara cəmi 5 il 6 ay-6 il cəza verib. İşgəncəyə məruz qalanlar, ölənlərin yaxınları bu hökmdən narazı qalıb, apellyasiya və kassasiya şikayəti versələr də, nəticəsi olmayıb. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Onlar heç bu cəzanı da çəkməyiblər. 3 ilə yaxın həbsdə saxlandıqdan sonra azadlığa buraxılıblar. Onlardan bir neçəsi - Sənan Maşıyev, Ruslan Mikayılov, Polad Əzizov 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra mükafatlandırılıblar. Ruslan Mikayılova “Döyüşdə fərqlənməyə görə” medalı, Sənan Maşıyev və Polad Əzizova isə "Ağdamın azad edilməsi uğrunda" medal verilib.

Polad Əzizov ölkədən gedib. Tərtər işi üzrə istintaq yenilənəndən sonda digərləri kimi, onunla bağlı da yeni işgəncə halları üzə çıxıb. O, istintaqa çağırılsa da, yayınıb. Bu üzdən o, qiyabi şəkildə təqsirləndirilən şəxs qismində tanınıb, məhkəmənin qərarıyla barəsində həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.

İstintaq təzələnəndən sonra cinayət məsuliyyətinə cəlb edilən 8 nəfərdən daha biri - Fuad Ağayev də Tərtər işgəncələrinə görə bir neçə il əvvəl həbs olunub. Ona 10 il həbs cəzası verilib. Araşdırmalar nəticəsində Fuad Ağayevin işgəncə verdiyi yeni adamlar ortaya çıxıb və ona həbsdə ola-ola bir daha ittiham verilib. Mayor Fuad Ağayev hissə komandirinin hüquq işləri üzrə köməkçisi olub.

Təzələnmiş istintaq çərçivəsində əvvəl həbsdə olmayan polkovnik-leytenant Rəşid Niftəliyev də bu dəfə cinayət məsuliyyətinə cəlb edilib. Hərbi hissə komandiri Rəşid Niftəliyev Tərtər hadisələrindən sonra - 2019-cu ilin iyununda “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Bu hadisələrlə bağlı istintaq yenilənəndən sonra bəraət almış Elçin Quliyevin anası Validə Əhmədova Bizimyol.info-ya bildirib ki, bəraət qərarı işgəncə nəticəsində öldürülən övladını geri qaytarmır. Bununla belə, oğlunun adının təmizlənməsi baxımından vacibdir: "Onsuz da hamı bilirdi ki, mənim oğlum heç bir cinayət törətməyib. Vəhşilər başqa igid oğullarımız kimi, onun da boynuna törətmədiyi əməli qoymağa çalışıblar, buna görə ona işgəncə veriblər. Ona sevinirəm ki, oğlumun üzərindəki ittiham, sənəddəki ləkə də aradan qalxdı".

Amma təkcə bəraət qərarı Validə Əhmədovanı qane etmir. Deyir ki, "Tərtər işi"ndə əli olan ən yüksək rütbəlisindən tutmuş, ən aşağı vəzifəlisinə qədər bütün sifarişçi və icraçıların cəzalandırılmasından sonra bəlkə bir az rahatlıq tapar: "Təkcə mənim övladım deyil, nə qədər dəyərli oğullara işgəncə veriblər, şikəst ediblər, öldürüblər. Yüzlərlə insanın həyatı məhv olub. Bu məsələ gizirlə, serjantla məhdudlaşa bilməz. Sifarişçilər, cinayəti ört-basdır edənlər cavab verməlidir".

Validə Əhmədova və digər zərərçəkmişlər ölkənin hərbi prokuroru Xanlar Vəliyevin, müavini Şəfahət İmranovun, 2017-ci ildə Tərtər hadisələri zamanı korpus komandiri olan general Hikmət Həsənovun cəzalandırılmasını tələb edirlər.

Hikmət Həsənov 2014-2021-ci illərdə 1-ci korpusun komandiri olub. 2021-ci ilin avqustunda korpus komandiri vəzifəsindən azad edilərək, Hərbi Akademiyanın rəis müavini təyin olunub.

Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər hadisələri" zamanı işgəncələrlə hərbçilərin boynuna törətmədikləri cinayətlərin qoyulması və s. şikayətləri "gununsesi.info" saytına açıqlamasında "nağıl" adlandırıb: "Mən də bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »