Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi illüzionistin "Şərəf"li sonu
Siyasi illüzionistin "Şərəf"li sonu

Məzahir Pənahovu tanıyırsınız. Mərkəzi Seçki Komissiyasının sədridir. "Şəffaf Məzahir" də deyə bilərsiniz.

Fizika-riyaziyyat elmləri doktoru, professordur. "Ümumi fizik" də deyə bilərik; ümumi fizika kafedrasının müdiri olub. Yəni Paskaldır, Nyutondur, Nils Bordur, Məzahir Pənahovdur... Bunlar eyni "kruqdur".

Düzü, professor Məzahir Pənahovun hansı fiziki kəşfləri olub-olmadığını bilmirəm. Bircə onu bilirəm ki, həmkarlar ittifaqının sədri kimi fizika fakültəsində müəllim və tələbələrin fizioloji minimumundan sorumluydu. "Talon satışı" kimi çox incə bir ticarətdən siyasətə transfer edib. Belə bir karyerasıçrayışına hətta aktyorluqdan prezidentliyə yüksəlmiş Ronald Reyqan belə qibtə edərdi.

Ancaq, yox! Vasif Talıbov müəllimin sözü olmasın, ona heç kim heç nə edə bilməz. Adam özünün də son parlament seçkisindən sonra Bi-Bi-Ci kanalına müsahibəsində dediyi kimi, "analoqsuz fəaliyyət" nümunəsi qoyub ortaya. Nə idi bu analoqsuz?!

Adam Kopperfildi də geridə qoyası bir illüzionistdir; qutuya qadın atırsan, kişi çıxır, kişi atırsan, qadın çıxır. Hamının tanıdığı birini yazıb atırsan, baxırsan ki, heç kimin tanımadığı çıxdı. Oley-hopp eləyir, corablardan, iç geyimlərdən, baş örtüyündən... deputat çıxara bilir. Həm də bunu hamının gözü qarşısında elə edir ki, heç kim heç nəyi ona sübut eləyə bilmir. Adam şəffaf saxtalaşdırma texnologiyasını kəşf edib, daha nə olsun?! Siz də deyirsiniz, fizika-metofizika. Bu cür adamı vaxtında tapıb gətiriblər qoyublar MSK-nın başına. Yoxsa o beynəlxalq səviyyəli tacir şərAbelin yanında bir az da qalsa, fizofreniyaya uğrayıb əldən gedərdi. Amma, bax, adam y...oxdan nə qədər siyasətçi düzəldib qoyub ortaya.

Əmmaaa. Bura qədərmiş. Hesablama Palatası çöküb boğazına. Qurdalayıb nələr tapıblar, nələr! Sən demə, Məzahir müəllim 50 nəfəri gizlincə dövlət qulluqçusu adı ilə işə götürüb. 877 nəfərin də əmək müqaviləsinə barmaq eləyib.

Qınamıram da, vallah! Adam saxtalaşdırmaya o qədər aludə olub ki, öz işçilərini də saxtalaşdırıb. O vaxt Şuşada bir zarafat varmış; bir xanəndə yersiz yerə boğazına güc verib ifrat zəngulə vuranda deyirmişlər: "A bala, xanəndə zilə qalxıb, düşə bilmir, nərdivan gətirin".

İndi bu Məzahir müəllim də nətəhər zilə qalxıbsa, ...zibilə düşüb. Arada böyük büdcə pulu yeyilib. İndi yazıq Məzahir müəllim Hesablama Palatasının hesablamasından qorxub "fizofreniya" palatasına düşməsə yaxşıdır. Görürsünüz də, fizikanın qanunu dövlətinkindən yaxşı işləyirmiş: təsir əks-təsirə bərabərdir. Yəni bizim qədim fizik babalarımız demişkən:

"Nə tökərsən aşına, o da çıxar qaşığına".

Məzahir müəllimin də ki, qaşığı, bilirsiniz də, türkün məsəli, nə boydaydı?! O qaşığa nələr çıxacaq, nələr?! Yazığa "Şərəf" ordeni veriləndə dalağım sancmışdı...

P.S. Deyirəm e, vallah, nə olardı, bu Hesablama Palatası gəlmişkən, elə dəyişdirilmiş bülletenləri sayıb oğurlanmış səsləri də hesablayardı! Necə deyərlər, molla gəlmişkən, ölən ölsün...

Qara Şəhərli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »