Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Ermənistan: "Brüssel danışıqları"nı kim necə pozur?
Azərbaycan-Ermənistan: "Brüssel danışıqları"nı kim necə pozur?

Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüssel prosesi başlandı. 2022-ci aprelin 6-da ikinci canlı görüş də oldu Azərbaycan və Ermənistan rəhbərləri arasında. Bu görüşdə iki razılaşma əldə olundu:

1. Sərhədlərin delimitasiyası üzrə ikitərəfli birgə işçi qrupunu yaratmaq;

2. Sülh sazişinin hazırlanmasına başlamaq üçün hər iki ölkənin Xarici İşlər Nazirliklərinə tapşırıq verilməsi. Bu, o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın və Ermənistanın ikilikdə - öz aralarında mübahisəli məsələləri həll edib sülhə gəlməsinə çalışır. Üstəlik də bunu hər iki ölkəyə bərabər məbləğdə -2,6 milyard dollar yardım ayırmaqla stimullaşdırırdı. Ancaq Rusiya prezidenti Putin görüşdən sonra Nikol Paşinyanı yanına çağırıb Brüssel prosesini əngəlləyən tapşırıqlar verdi. Putinin tapşırığı ilə Paşinyan üçtərəfli sərhəd komissiyasının yaradılmasına razılıq verdi. Qalan məsələlər də yenə üçtərəfli komissiya çərçivəsində həll edilməlidir. Komissiyaya isə üç ölkənin baş naziri səviyyəsində həmsədrlik ediləcək. Başqa sözlə, 1.ikitərəfli yox, üçtərəfli format diqtə edildi;

2. İşçi qrupları yox, komissiyalar yaradılır (işçi formatında status qaldırılır);

4. Komissiyaya baş nazirlər həmsədrlik edəcək (buna qədər baş nazirlərin müavinləri səviyyəsində həmsədrlik vardı).

Beləliklə, Rusiya, əvvəla, Avropa İttifaqının başlatdığı Brüssel prosesinin egidası altlnda Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu mahiyyətcə bloklamağa çalışır (buna qədər artıq Brüssel prosesinin nəticəsi olaraq iki ölkənin xarici işlər nazirləri arasında videokonfrans formatında birbaşa görüş olmuşdu, eyni format iki ölkənin rəhbərləri səviyyəsində davam edəcəkdi); ikincisi, ATƏT-in Minsk Qrupu artıq tarixə qovuşduqdan sonra və Rusiyanın Ukraynaya təcavüzü fonunda Qərb ölkələrinin Rusiya ilə eyni formatda hansısa məsələləri birgə həll etməsi mümkünsüz oldu. Ona görə də Qərb ölkələri adından Avropa İttifaqı təşəbbüsü ələ almağa çalışdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel şəxsən bu məsələni koordinasiya edir. Eyni zamanda İttifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ adından icraçılığı həyata keçirir. Bu dəmdə Rusiya da özünün ATƏT-in keçmiş Minsk Qrupundakı həmsədrini xüsusi Xarici İşlər Nazirliyinin nümayəndəsi adı ilə prosesdə saxladı. Keçmiş həmsədrin xüsusi nümayəndə statusu ilə bu prosesə qaytarılması da çox mənalıdır; Rusiya MQ formatındakı tutumunu davam etdirəcək; necə ki, əvvəl ABŞ və Fransa keçmiş münaqişədə vasitəçi, Rusiya isə faktik olaraq, hakim statusundaydısa, bu gün də eyni yanaşma sərgiləyir. Eyni zamanda Rusiya, faktik olaraq, özünü tərəflərdən biri olaraq görür. Yəni vasitəçi deyil, iştirakçıdır. Ən pisi, Rusiya Ermənistanı hələ də dəstəklədiyini və dəstəkləyirmiş kimi görüntünü gizlətmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı (vassalı) ilə Moskvada son görüşündəki bəyanatını da xatırlamaq yetərlidir. O demişdi ki, ABŞ və Fransa Minsk Qrupundan faktik çəkilməklə Ermənistanın maraqlarının qorunmasına biganə qaldıqlarını göstəriblər. Yəni Rusiya onlardan fərqli olaraq prosesdə Ermənistanın maraqlarını qoruyur. Bu, Moskvanın əməli addımlarından da görünür: hələ də 10 noyabr bəyanatının müddəaları, xüsusilə, açar müddəa olan 4-cü bənd yerinə yetirilmir və bunun səbəbi Rusiyanın bölgədə qalmaq məqsədi ilə bağlıdır; Ermənistanın və yerli separatçıların Qarabağda hərbi və psevdosiyasi varlığını özünə lazım olan ölçüdə qoruyub saxlayır ki, Rusiya "sülhməramlı" kontingentinə bölgədə "ehtiyac" aradan qalxmasın.

Ümumilikdə, Ermənistan Rusiyanın NATO ilə cənub sərhədidir; bu ölkədə Rusiyanın hərbi bazaları var. Ermənistanın Türkiyə ilə (NATO ilə) sərhədlərini də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Moskva düşünür ki, Azərbaycanla Ermənistan öz aralarında razılığa gəlib, öz iradələri ilə sülh bağlasalar, Avropa İttifaqı, eləcə də, ABŞ, Böyük Britaniya və sair güclər regiona gəlib yerləşəcəklər. Türkiyə də bölgədə varlığını artıracaq. Qərbin və Türkiyənin təsiri Cənubi Qafqazdan Şimali Qafqaza keçəcək. Eyni zamanda Rusiyanın isti dənizlərə İran vasitəsilə çıxışı da Qərb güclərinin nəzarətinə keçəcək. Rusiya daha çox öz içərilərinə çəkilməyə məhkum olacaq. Bu və bir sıra başqa səbəblərdən, Rusiya Ermənistanla Azərbaycan arasında nünaqişənin, ən azı mübahisəli məsələlərin həll olunmamış qalmasında maraqlı görünür. Danışıqlar prosesində vasitəçi kimi görünüb tərəf kimi qalmaqda davam etməsi də burdan gəlir. Xüsusilə, sərhəd və kommunikativ razılaşmalara özü birbaşa nəzarət etməyə çalışır; həm Ermənistanın Azərbaycanla sərhəddini də özü qorumaq, həm də nəqliyyat dəhlizlərinin "təhlükəsizliyinə cavabdeh" qismində bütün iqtisadi, logistik layihələri də kontrolunda saxlamaq istəyir. Brüssel prosesini də məhz bu üzdən bloklamağa çalışır. Nikol Paşinyanın Moskva səfəri də bu siyasətin davamı oldu.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »