"Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkədə dinin formalaşdırması məqsədilə müxtəlif işlər görülürdü. Müxtəlif İslam ölkələrindən Azərbaycana gələn qruplaşmalar ölkədə dini təhsil müəssisələri və məscidlər açaraq, insanlara dini bilgilər vermək adı altında müxtəlif istiqamətlərə yönləndirə bilmişdi. Bunu biz sonrakı mərhələlərdə açıq şəkildə görə bildik. Din, insanları idarə edə bilmək üçün güclü bir qüvvədir və dini düzgün şəkildə öyrətməməklə insanları yolunda döndərmək, xüsusi məqsədlər üçün istifadə etmək asandır. Təəssüflə qeyd etməliyik ki, bir zamanlar Azərbaycan insanından, Azərbaycan gəncindən din adı altında müxtəlif məqsədlər üçün istifadə edilirdi. Bu, Azərbaycanın Milli Təhlükəsizliyi üçün də narahatedici məqamlardan idi. Gənclərimiz dini təhsil adı altında müxtəlif ölkələrə üz tutur. Təhsil müddəti bitdikdən sonra isə, çox zaman başqa düşüncə ilə geri qayıdırdı".
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərində yeni Azərbaycan insanını ideoloji buxova salmaq məqsədilə xeyli sayda ölkədən İrandan, İraqdan, Suriyadan, Misirdən, Səudiyyə və s. digər ölkələrdən dini təhsil almaq məqsədilə bizim xeyli sayda gənclərimiz cəlb edilib.

“Əslində burada söhbət heç də dini təhsil deyildi. Onları cəlb edən ölkələrin xüsusi kəşfiyyat orqanlarına cəlb edilməsi, onları beynini öz hədəfləri naminə istifadə etmək məqsədi güdürdü. Müstəqilliyin ilk illərində Azərbaycana məscid adı altında, dini məktəblər adı altında fərqli işlərlə məşğul olurdular. Bakıda belə məscidləri görürdük. Gəncləri hansısa maraq xatirinə həmin məscidlərə cəlb edirdilər. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu cür hallarla mübarizəni gücləndirdi. Çox doğru olaraq insanlarımızı bu kimi ideoloji asılılıqdan qorumaq üçün addımlar atıldı. Dini Komitə yaradıldı, Azərbaycanda hansısa dövlətlərdən olan missionerlərin ibadət ocağı tikməsinin qarşısı alındı. Məscid mənəvi məkan, Allaha ibadət evidir. Amma o dövrdə məscidləri həqiqətən “Şeytan yuvasına” çevirmişdilər. Azərbaycana zərərli dini təriqətlərin ayaq açmasının qarşısı alındı. Bu gün də həmin təriqətlərin qarşısı alınmağa çalışır. Amma buna baxmayaraq görürsünüz ki, bu gün də dini qütbləşmələr müşahidə edilir”, - deyən İ.Orucov bildirir ki, insanları bu istiqamətlərdən geri döndərmək üçün, onları maarifləndirmək və bu kimi işlərin zərərləri barədə danışmaq lazımdır. Dini düzgün aşılamaq, din və dövlətin ayrı olduğunu dövlət idarəçiliyində açıq müstəvidə təqdim etmək lazımdır. Burada destruktiv təriqət və məzhəblərin təsirləri çox kəskindir. Azərbaycanda elə aqressiv, destruktiv təriqətlərin nümayəndələri gəncləri çox asanlıqla öz təsirləri altına sala bilirlər. Bu işdə dövlətin ciddi nəzarəti tətbiq olunmalıdır.
“Təəssüf ki, "İslam ordusu" adı altında təşkil olunan qanunsuz silahlı birləşmələrdə Azərbaycanın nə qədər gəncləri iştirak etdikdən sonra məhv oldular. O görüntüləri izləyəndə belə insan dəhşətə gəlir ki, bu insanın beyni nə zaman yuyuldu, bu insanı nə zaman belə vəziyyətə saldılar ki, hər şeydən keçmək yolunu tutdu. Sadəcə olaraq o adam özündən ailəsindən, ata-anasından, vətənindən, torpağından imtina etmək yolunu seçdi. İnsan sadəcə zombiləşdi” - deyən Orucov qeyd edib ki, bu baxımdan ölkədə savadlı dini kadrlar hazırlamaq məqsədilə cənab Prezidentin 9 fevral 2018-ci il tarixli fərmanı ilə Azərbaycanda İlahiyyat İnstitutu yaradıldı və çox doğru bir qərar idi. İlahiyyat İnstitutunun yaradılması ilə ölkədə nəinki İslam dini, eyni zamanda fərqli dinlərdə mütəxəssis hazırlığı həyata keçirilir.
“Mən İlahiyyat İnstitutunda olarkən, institutun işlərini yaxından müşahidə etmişəm və gənclərlə ünsiyyətdə olmuşam. Orada tədris olunan mövzularla bağlı məlumatım var. Bütünlükdə xüsusi din dərsləri başqa məqsədlər deyil, ancaq dini bilikləri öyrətmək məqsədi daşıyır. Artıq bu institut uğurla fəaliyyət göstərir. Azərbaycanın xaricdəki dini təhsildən asılılığını minimuma endirmək məqsədilə dövlət bunu həyata keçirib. Bu, həm də milli təhlükəsizlik üçün vacibdir. Hesab edirəm ki, dövlət başçımız uzaqgörənliklə bu işləri həyata keçirdi. “Əsl din necə olmalıdır” baxışını ortaya qoydu”,- deyən Orucov bildirir ki, Azərbaycan tolerant ölkədir. Burada multikultiralizm mühitində müxtəlif fərqli dinlərin nümayəndələri azad şəkildə birgə yaşayış təmin edilməklə yaşayırlar. Azərbaycan elə ölkələrdən biridir ki, burada fərqli dinlərin nümayəndələri əsrlərlə birlikdə yaşayıblar. Burada hər zaman sağlam mühit olub.
Orucovun fikrincə, Azərbaycan kimi ölkədə İslam İnstitutu formatında institutun yaradılması mütləq şəkildə lazım idi: “Nəzərə alaq ki, İlahiyyat İnstitutu yetişdirdiyi gənclər, kadrlar dini komitənin regionlardakı nümayəndəliklərində təmsil olunacaqlar. Onlar vətənə və millətə bağlı insanlardır. Onlar dövlətin güclənməsində dinin təsirlərindən doğru istifadə etməyi cəmiyyətə aşılayacaqlar. Bu gənclərin hər hansı bir dövlətin qarşısında, hər hansı bir dinin ideoloji qruplarının qarşısında öhdəlikləri yoxdur. Belə sağlam ruhda dini kadr yetişdirmək çox vacibdir”.
İlqar Orucov hesab edir ki, prezidentin bu sahəyə diqqəti və digər dini qurumlara vəsaitlərin ayrılması bu məqsədlə atılmış addımlardır. Dövlət, öz ölkəsində fəaliyyət göstərən digər dini qurumlara da imkan yaradır. Onlara qapılar açır, müzakirə meydanı verir. Məqsəd, Azərbaycan insanının dini bilgilərinin sağlam mənbələrdən almasını təmin etməkdir. İlahiyyat İnstitutunun yetişdirəcəyi kadrlara böyük ehtiyac var.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.