Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq"
"Azərbaycanda Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq"

"Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olacaqdır. Hazırda dünyada gedən mürəkkəb ictimai-siyasi, iqtisadi böhran və hərbi gərginliklər fonunda beynəlxalq arenada ölkəmizin əhəmiyyəti daha da artır. Əlbəttə Azərbaycan 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurması, BMT Qətnamələrini özü icra etməklə, suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi. Müharibənin nəticələri əsasında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaranmışdır. Aprelin 12-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələni önə çəkərək bildirdi ki, “dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər”. Bu, beynəlxalq təşkilatlarla aparılan fəal əməkdaşlığın əsasında baş vermişdir".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova danışıb. O, qeyd edib ki, Azərbaycan bir çox ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq edir, birgə layihələr icra edir. Dövlət başçısının apardığı balansı xarici siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. 30 illik müstəqillik tarixində Azərbaycan daim etibarlı dövlət kimi özünü tanıda bilmişdir. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlətlərlə yanaşı, mühüm beynəlxalq təşkilatlar da dövlətimizə hörmətlə yanaşır.

“Bu yaxınlarda mədəniyyət paytaxtımız olan Şuşa şəhərində BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi xüsusi ilə təqdirəlayiq idi. Bu konfrans bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu qurumun, onun Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kağız üzərində qalmışdır və Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən birtərəfli qaydada həll edilməsi cənab Prezident İlham Əliyevin dediyi kimi BMT-nin üzərindən bu yükü götürmüş oldu. Xüsusi ilə də bu tədbirin Şuşa şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, bu hadisə Ermənistanda narazılıqla qarşılandı, bəyanatlar verildi. Ancaq qarşı tərəf artıq dərk etməlidir ki, biz öz torpaqlarımızı erməni işğalından azad etmişik və onların yersiz iddiaları yalnız onların əleyhinədir” - deyə professor bildirib.

H.Hüseynova bildirir ki, ölkə başçısının çevik və uqzaqgörən diplomatik bacarıqları nəticəsində Azərbaycan qoşulmama prinsipini əsas götürməklə, praqmatik siyasət həyata keçirir. Bu yanaşma dünyada gedən proseslər fonunda mühüm pozitiv nəticələrin əldə olunmasında vacib şərtlərdən biridir. Müşavirə zamanı cənab Prezidentin Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatındakı fəaliyyətini, eləcə də bu təşkilatın ölkəmizi verdiyi dəstəyi verdiyi qiymətləndirərkən, bildirdi ki, “Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olduğunu nümayiş etdirdi”.

“Qoşulmama Hərəkatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan sədrlik dövründə bu qurumun yenidən canlandırdı. Gənclər və Parlamentlər şəbəkəsi təsis olundu. COVID-19 yaratdığı fəsadların aradan qaldırılması və vaksin millətçiliyinin qarşısının alınması sahəsində mühüm töhfələr verdi. Bu səbəbdən də bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi daha bir il uzadılmışdır. Bu, dövlətimizə, onun başçısı İlham Əliyevə göstərilən böyük etimadın, inamın təzahürüdür. Öz növbəsində Qoşulmama Hərəkatı da Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirdi.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycan aktiv fəaliyyət göstərir. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda ölkəmizin mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul olunmuşdur” - deyə komitə sədri əlavə edib. Onun sözlərinə görə, həmin müşavirədə Prezident İlham Əliyev ATƏT-lə bağlı münasibət bildirərkən ATƏT və ATƏT Minsk qrupunu fərqləndirməklə onların fəaliyyətinə qiymət verdi. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünü qeyd edərək bildirdi ki, “Görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”. Lakin ATƏT-in Minsk qrupuna gəldikdə isə qeyd etmək lazımdır ki, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Azərbaycan dövlətinin və ölkə başçısının mövqeyi birmənalıdır. ATƏT-in Minsk Qrupu 28 il fəaliyyətdə olub, ötən dövr ərzində həmsədr ölkələr həm Azərbaycana, həm də Ermənistana dəfələrlə səfər etmişlər. Lakin heç bir nəticə əldə olunmamışdır. Nəhayət Azərbaycan hərbi-siyasi yolla özü bu münaqişəni həll etmişdir.

“Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bununla da Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər, çünki məsələ öz həllini tapmışdır.

Vətən müharibəsindən sonra Avropa İttifaqı- Azərbaycan münasibətləri daha intensiv xarakter almışdır. Bu təşkilat da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Bu görüşlərdə diqqət çəkən ən önəmli məqamlardan biri yekun sənədlərdə “Dağlıq Qarabağ” adı yoxdur. Azərbaycanın etirazı qəbul edilərək nə “Dağlıq Qarabağ”, nə ə “münaqişə”, nə də “ATƏT-in Minsk” ifadələri yoxdur. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklifə Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olacaqdır. Bunun üçün münbit imkanlar yaranmışdır” - deyə H.Hüseynova əlavə edib.

Professor vurğulayıb ki, bu gün regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Bu təşəbbüslərdən biri də 3+3 əməkdaşlıq formatıdır. Bu ideyanı ilk olaraq qardaş Türkiyə dövləti dəstəklədi. Cənab İlham Əliyevin dediyi kimi, “Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir”. Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub. Ona görə də balanslı siyasət yürütmək vacibdir və bu gün Azərbaycanın həyata keçirdiyi bu müdrik siyasət ölkə başçılarının strateji uzaqgörənliyini bir daha təsdiqləyir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »