Rusiyanın Ukraynanın Donbas bölgəsində etnik rusları işğal etməsi, Ukraynanın ölkəni nasistlərdən təmizləmək məqsədilə soyqırım törətdiyini iddia etməsi, Putin və rejim tərəfdarı elitanı gözlənilməz, çətin günlərə sürükləyib. Böyük hərbi itkilər baş verib və sanksiyalar nəticəsində iqtisadiyyata ciddi zərbə vurulub.
Putinin avtoritar rejiminin sağ qalması, onun xalqın dəstəyini qazana bilməsindən və ya ən azı, Rusiya xalqının müharibə əleyhinə aksiyalarda iştirakının qarşısını almağından asılı olacaq.
Müxtəlif şirkətlərin araşdırmalarına görə, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl və sonra ictimaiyyətin 60 faizi Putinin “xüsusi hərbi əməliyyatını” dəstəkləyib. Fevralın 17-də Rusiyanın ən köhnə və etibarlı ictimai rəyi araşdıran qurumlarından biri olan “Levada” tərəfindən aparılan sorğuda məlum olub ki, əhalinin 52 faizi Ukraynaya mənfi hisslərlə yanaşır, 60 faizi isə Ukraynanın Donbas bölgəsində münaqişələrin artmasına NATO və ABŞ-ı səbəb kimi göstərir. Müharibədən əvvəl CNN-in sifarişi ilə keçirilən başqa bir sorğuda respondentlərin 50 faizi Ukraynanın NATO-ya üzv olmasının qarşısının alınması üçün hərbi gücdən istifadə edilməsinin ədalətli olduğunu bildirib. Müharibə başlayandan sonra Rusiyanın nəzarətində olan “VCIOM” və “FOM” kimi tədqiqat qurumlarının statistikaları istisna olmaqla, aparılan sorğularda ictimaiyyətin əhəmiyyətli hissəsinin müharibəni dəstəklədiyi bildirilir. “Russian Field” özəl şirkəti tərəfindən fevralın 28-də keçirilən sorğuda respondentlərin 58,8 faizi hərbi əməliyyatı dəstəkləyib. İctimaiyyətin qorxu və təzyiq səbəbindən öz həqiqi fikrini açıqlamaq istəməməsini nəzərə alsaq, hətta daha qabaqcıl metodlardan istifadə edilən araşdırmalar da eyni statistikaya işarə edir . Ən əsası isə “Levada” sorğusu göstərir ki, Putinə mandat verənlərin sayı mart ayında 82 faizə yüksəlib. Halbuki, bu nisbət 2021-ci ilin noyabrında 63 faiz təşkil edib.
Xalq işğala necə yanaşır?
Müharibəyə ən çox dəstək verən qruplar 60 yaşdan yuxarı və 45-59 yaş arası insanlardır. “Hərbi əməliyyat” xəbərlərini daha çox televiziyadan alırlar. Müstəqil medianın Putinin təzyiqinə məruz qalması ilə yanaşı, son qanunlarla Rusiya ordusu ilə bağlı “yalan məlumat”, yəni dövlətin rəsmi danışığına uymamaq 15 ilə qədər həbs cəzası sırasına daxil edilib. Ötən il Nobel Sülh Mükafatını qazanan Dmitri Muratovun əsasını qoyduğu “Novaya qazeta” da daxil olmaqla son bir neçə müstəqil media bu səbəbdən fəaliyyətini dayandırmalı olub. “BBC” kimi beynəlxalq media qurumlarının fəaliyyəti dezinformasiyaya görə bloklanıb. Müharibəyə nisbətən az dəstək verən gənclərin tez-tez istifadə etdiyi sosial media şəbəkələrinə giriş dayandırılıb.
Putin rejiminin qısa müddətdə güclü xalq müqaviməti ilə qarşılaşması mümkün görünmür. Ancaq Qərbin artan sanksiyaları ilə iqtisadiyyatın uzun müddət pisləşməsi və ictimaiyyətin müharibənin baha başa gəldiyini hiss etməsi, rejim əleyhinə etirazların başlamasına səbəb ola bilər. Müharibələrin iqtisadi nəticələrinin təsiri həm Rusiya İnqilabında, həm də Sovet İttifaqının dağılmasında özünü göstərdi.
Rusiyada aztəminatlı təbəqə ilə yanaşı, orta təbəqənin də təxminən yarısı dövlətdə işləyir. İqtisadi rifahı dövlətdən asılı olan Rusiya xalqı müharibənin gətirdiyi yoxsullaşma qarşısında qorxu və təzyiqlərdən qurtulub Putinə müqavimət göstərə biləcəkmi? Bunu zaman göstərəcək.
Mətin Şükürlü, Bizimyol.info