Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz”ın əməkdaşı evə soxuldu və ev sahibini də tutdurdu...
“Azəriqaz”ın əməkdaşı evə soxuldu və ev sahibini də tutdurdu...

Bakının Nəsimi rayonu, 3-cü Alatava 99 ünvanında yaşayan Ədalət Hüseynov aprelin 5-də evindəki qaz sayğacını dəyişən “Azəriqaz” əməkdaşına xəsarət yetirməkdə ittiham edilərək, həbs olunub.

İttihamda onun qaz sayğacının dəyişilməsinə etiraz edərək Ağamirzə Vəliyevi kəllə ilə vurduğu iddia olunur. Lakin ailə üzvləri deyir ki, insident “Azəriqaz” əməkdaşının kobudluğu, mənzilə qanunsuz daxil olması və sərt ifadələr işlətməsi üzündən baş verib.

Bizimyol.info xəbər verir ki, Ədalət Hüseynovun himayəsində üç azyaşlı uşağı var, onlardan biri də ağır xəstəlikdən əziyyət çəkir. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə irəli sürülən ittiham az ağır cinayətlər kateqoriyasına daxildir. Buna baxmayaraq, Nəsimi rayon Məhkəməsi onun istintaq dövründə həbsdə saxlanmasına qərar verib.

Vəkil Bəxtiyar Hacıyev ailə vəziyyətini, ittiham olunduğu əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, daimi yaşayış yerini və s. nəzərə alaraq, onun heç olmasa, ev dustaqlığına buraxılması üçün məhkəməyə şikayət verib. Şikayətə aprelin 21-də məhkəmədə baxılacaq.

Ədalət Hüseynovun “Azəriqaz” əməkdaşına xəsarət yetirməsi və buna görə həbs olunması haqda Daxili İşlər Nazirliyi məlumat yaymış, həmin açıqlamaya zərərçəkmiş qismində tanınan Ağamirzə Vəliyevin başı sarıqlı formada çəkilmiş fotosunu da əlavə etmişdi.

Təqsirləndirilən Ədalət Hüseynovun bacısı Ülviyyə Hüseynova bildirib ki, bundan cəmi bir gün sonra Ağamirzə Vəliyevi görüblər. Başı açıq olub, sifətində, zərbə aldığı iddia olunan alın nahiyəsində xəsarət müşahidə olunmayıb: “Bu adam bir günün içində sağaldı? Biri xəstə, üç azyaşlı uşağı gözüyaşlı qoyub, atalarını həbsə göndərmək bu qədər asan olmamalıdır axı. Onsuz da o ailə çətinliklə dolanırdı. Vətəndaşa bu qədər zülm eləməklə nə qazanırlar, anlamıram. Hakim nəyə əsaslanıb həbs qərarı verir? Hadisəni niyə dərindən araşdırmırlar? “Azəriqaz” əməkdaşının o evin içində nə işi var? Sayğac çöldədir, bu adam evin içinə zorla daxil olub. Qışqırır ki, “sayğaca barmaq eləmisiz”. Bu nə danışıqdır?”

Ailə üzvləri Ağamirzə Vəliyevin sonradan çəkilmiş fotosunu da istintaq orqanı və məhkəməyə təqdim edib.

Ülviyyə Hüseynova əlavə edib ki, hətta qardaşı günahkar olsa belə, onu həbsdə saxlamadan da istintaqı davam etdirmək olardı: “Onu həbsdə saxlamağa nə zərurət var? Heç bir əsaslandırma olmadan, qanunu köçürüb məhkəmə qərarına, həbs qətimkan tədbiri seçib. Qanun demir ki, yazılanları köçür, deyir ki, o əsasların hər birilə bağlı fikir bildir. Əgər deyirsənsə ki, istintaqdan qaçıb gizlənə bilər, bunu əsaslandırmalısan. Bu, “Azəriqaz” əməkdaşının kobudluğundan, özbaşınalığından yaranan münaqişədir. Buna görə bir ailəni, üç uşağı başsız qoymaqla nə qazanacaqsız?”.

Zərərçəkmiş qismində tanınan Ağamirzə Vəliyev bildirib ki, evdəki qaz sayğacında nasazlıq yarandığına görə yenisiylə əvəzləmək zərurəti yaranıb. Bunu ev sahibinə bildirib. Nəticədə aralarında mübahisə yaranıb, Hüseynov onu təhqir edib, başı ilə alın nahiyəsinə zərbələr endirib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »