Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanla sülh sazişindən niyə qaçır?! - "2,6 milyard dollar oyunu"
Ermənistan Azərbaycanla sülh sazişindən niyə qaçır?!  - "2,6 milyard dollar oyunu"

Baş nazir Nikol Paşinyan Moskvaya çağırıldı. Prezident Putin aydınlaşdırmaq istəyir ki, Ermənistanla Avropa İttifaqı arasında "geosiyasi flirt" hara qədər gedəcək?

Moskvaya uçmazdan qabaq Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışdı. Brüsseli maraqlandıran məsələ də Ermənistan baş nazirinin hansı təkliflərlə getməsi və hansı qərarlarla geri qayıdacağıdır. Paşinyan, təbii ki, Aİ-nin Ermənistana ayırdığı 2,6 milyard dolları nə zaman alacağını soruşub. Şarl Mişel isə, haqlı olaraq, bunun daha çox Ermənistandan asılı olduğunu deyib. Yəni Ermənistan hökuməti Brüssel razılaşmalarına əməl edərsə, 2,6 dolları da almağa başlayacaq. Bunun da mənası var; Aİ düşünür ki, Rusiyanın Ermənistana maliyyə-iqtisadi dəstəyi mümkünsüzdür. Moskva özü maliyyə kollapsı ərəfəsindədir və ya artıq onu yaşayır. Brüssel narahatdır ki, İrəvan ondan pul alıb Rusiyanın maraqlarına oynamaqda davam edər. Aİ Ermənistana şərtli dəstək ayırıb; Azərbaycanla sərhəd məsələsi həll edilsin, sülh müqaviləsi bağlansın. Nəqliyyat dəhlizləri işləməyə başlasın. Buna ekvivalent olaraq da Avropa İttifaqı İrəvana ayırdığı vəsaiti tranşıarla buraxar. Avropalılar düşünür ki, hələ iki ölkə arasında sərhəd dəqiqləşməyibsə, sülh sazişi yoxdursa, ora pul axıtmaq effektiv deyil. Həmin 2,6 milyard dollar, əlbəttə, Paşinyan hökumətini daxildə gücləndirər. Ancaq Paşinyanı gücləndirmək məqsəd deyil, Avropa İttifaqının bölgədə maraqlarını təmin edən Paşinyanı gücləndirmək, bəli, məqsəd ola bilər. Bu baxımdan, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında qalıcı sülhə və diplomatik, iqtisadi münasibətlərin qurulmasına nail olmaq Rusiyanı bölgədə zəiflətmək, hətta sıxışdırıb çıxarmaq Brüsselin əsas məqsədidir. Təkcə Brüsselin də yox.

Rusiya da bunu anlayır. Ona görə iki ölkə arasında danışıqları idarə etmək iddiası və marağı ilə xüsusi nümayəndə təyin etdi (Minsk Qrupu artıq yoxdur - bu ara da təsdiq olunur ki, Azərbaycan tərəfi bu məsələdə hadisələrin mümkün inkişaf ssenarilərini əvvəlcədən düzgün proqnozlaşdırmışdı və hesablanmış mövqe tutmuşdu).

Beləliklə, bir tərəfdə, bölgədə konfliktin bitdiyini qəbullanan, iki ölkənin birbaşa dialoqunu təşviq edən, onlar arasında sülhün əldə olunmasına nail olaraq bölgəyə etibarlı olaraq yerləşməyə çalışan Avropa İttifaqı var, o biri tərəfdə isə, "münaqişə"nin guya hələ bitmədiyini iddia edən, Qarabağda və Ermənistanda hərbi varlığını sürdürərək iki ölkəni - həm Azərbaycanı, həm Ermənisranı özündən asılı saxlamaq istəyən Rusiya var. Bu gün üçün Avropa İttifaqının mövqeyi Azərbaycanın maraqlarına, Rusiyanın mövqeyi isə Ermənistanın siyasətinə uyğun gəlir. Ona görədir ki, yenidən Rusiya generalı guya ABŞ-ın "gizli biolaboratoriyalarını", İran generalı isə İsrail obyektlərini Azərbaycan ərazisində "tapır". Ancaq bunların heç biri Ermənistanda bu qəbildən heç bir şey axtarmır (ki, əslində hər şey göz qabağındadır).

Paşinyanın Moskvada imzalayacağı o, Dmitri Peskovun dediyi o "xeyli saziş" əslində görüntüdür. Onu çağırıblar ki, Qərblə oyunda Rusiya maraqlarından qırağa çıxmayacağına dair zəmanət alsınlar. Avropa İttifaqı da, Azərbaycan da bunu yaxşı analiz edib və əsl motivləri yaxşı anlayırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da Bakıda Prezident İlham Əliyevlə görüşündəki söhbətlər də bunu göstərdi. Brüssel bu baxımdan, Bakının "siyasi nəbz"ini bir daha "yoxlamaq" istəmişdi. Azərbaycanın mövqeyini isə prezident Əliyev bir daha açıqladı: aprelin 6-da keçirilmiş Brüssel görüşünü - sərhəd üzrə komissiyanın və sülh sazişi üzrə işçi qrupların yaradılması haqqında razılaşmaları başlanğıc və ilk dönüş nöqtəsi adlandırdı. Cənab Əliyevin fikrincə, ikinci dönüş nöqtəsi onun bu haqda detalları cəmiyyətə açıqlaması və bir gün sonra Ermənistan baş nazirinin Bakıdan təklif olunmuş 5 prinsipi qəbul etməsi haqda açıqlamaları oldu. Ancaq İlham Əliyev bunların yetərli olmadığınada diqqət çəkdi: "İndi hər iki tərəfin bu rəsmi açıqlamalarından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik".

Bu cümləsin mənası budur: sərhədlərlə bağlı qarşılıqlı və sənədli razılaşma olmayınca, sülh sazişinə imza atılmayınca, verilən bəyanatlar ciddi qəbul oluna bilməz.

Bu arqumentini Azərbaycan tərəfi faktlar üzərində qurub. Nəqliyyat dəhlizləri ilə bağlı İrəvandan əvvəllər verilən, o cümlədən, imzalı bəyanatlara rəğmən Ermənistan real addımlar atmayıb.

Prezident Əliyev deyib ki, Azərbaycan 100 kilometrlik dəmiryolunun 60 kilometrini tikib, ancaq Ermənistanda heç bu barədə texniki-iqtisadi əsaslandırma aparılmayıb. Avtomobil yollarına gəldikdə, Azərbaycan yolun əsas hissəsini tikib, qalanı da gələn ilin sonuna qədər Ermənistan sərhəddinə çatdıracaq. Ancaq Ermənistan baş nazirindən dəfələrlə istənilsə də, yolun onların öz ərazisindən keçəcək hissənin coğrafi koordinatlarını verməyib. Prezident İlham Əliyev bunları "aydınlaşdırılmalı olan məsələlər" adıandırıb. Xüsusi nümayəndə Toivo Klaarın Bakıdan sonra İrəvana gedəcəyini nəzərə alaraq, rəsmi Bakı bu nüanslara aydınlıq gətirilməsini istəyib. Azərbaycan tərəfdən hər şey aydındır, top artıq meydanın Ermənistana aid hissəsindədir. Burada, əlbəttə, Avropa İttifaqına düşünmək üçün informasiya var: avtomobil yolunun coğrafi koordinatlarını belə verməyən (elementar texniki məsələni həll etməyən) ölkənin siyasi rəhbərliyi 2,6 milyardı qabaqcadan -real addımlar atmadan alıb hakimiyyətini möhkəmləndirəndən sonra sülh sazişinə imza atacaqmı?!

Burda söhbət təkcə Avropa İttifaqının aldadılması cəhdindən getmir, ikili oyunlardan və regional sülh və əməkdaşlıq perspektivinin itirilməsindən, ən yaxşı halda ləngiməsindən söhbət gedir. Elə situasiyalar var ki, planlaşdırdığın işlərin ləngiməsi onun, ümumiyyətlə, həyata keçirilməsini mənasız edə bilir. Azərbaycan tərəfi də nəzərdə tutulan işlərin ləngiməsindən narahatlığını ifadə etdi. Başqa sözlə, Brüssel İrəvanla dialoqunda bu ləngimənin kimin marağlnda olub-olmadığını özü üçün bir daha aydınlaşdırmalı olacaq. Sözünün altında qalana deyil, sözünün üstündə durana dəstək verməyin doğruluğuna şübhə yeri qalmayacaq bu halda.

Ancaq, tanqo iki nəfərin rəqsidir; Avropa İttifaqı Ermənistanı bu həqiqətə daha israrla inandırmalı olacaq...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »