Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Azərbaycan gənclərinə qapısını açdı - Foto, Video
ABŞ Azərbaycan gənclərinə qapısını açdı - Foto, Video

İki ölkənin diplomatik əlaqələrinin 30-cu ildönümü vəsiləsilə Azərbaycan universitetlərinin tələbələri və media Birləşmiş Ştatların Bakıdakı səfirliyinə dəvət olundu. Biz də getmişdik. Müşahidələrimi və təəssüratlarımı bölüşmək istəyirəm.

Bəli, Səfirlikdə "Açıq Qapı" günü idi; tam vaxtında media nümayəndələri və yüzlərlə tələbə ilə birgə səfirliyin önündə gözləyirdim. Yüksək səviyyəli təhlükəsizlik və nəzarət tədbirləri alındıqdan sonra media nümayəndələrini içəri dəvət etdilər. Səfirliyin "torpağına" daxil olduqda gülərüz və peşəkar əməkdaşlar bizi qarşıladı. Media nümayəndələrini başqa qonaqlardan fərqləndirəcək xüsusi yazılı "nişanlar" paylandı və səfirlik ərazisində diqqət edilməsi tələb olunan qaydalarla bağlı məlumat verildi. "Açıq Qapı" günü tədbirinin keçiriləcəyi yerdə kiçik və tanıdıcı tur təşkil olundu.

Mini media-tur tamamlandıqdan sonra içəri daxil olan tələbələr, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü təmsil edən vizual stendin önündə ABŞ-ın Azərbaycandakı səfiri cənab Litzenberqerlə və səfirliyini əməkdaşları ilə görüşdülər. Səfirə mühafizəçilərdən daha yaxın dayanan tələbələr onunla şəkil çəkdirib öz fikirlərini bölüşməyə çalışırdılar. Səfir hər birini diqqətlə dinləyir, o biri tələbələrin də ünsiyyət vaxtını ədalətli şəkildə qorumağa çalışırdı.

Tədbirin gənc qonaqları ABŞ hökumətinin təhsil-təcrübə və karyera imkanları barədə stendlərə yaxınlaşıb suallarına cavab alır, öz gələcək hədəfləri üçün fikir formalaşdırırdılar.

ABŞ Təhsil Mərkəzinin məsləhətçisi Leyla Həmidova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, mərkəzin əsas işi ABŞ-da təhsil almaq istəyən uşaqlarla çalışmaqdır:

“Bakalavr, magistratura və sair pillələrdə təhsil almaq istəyən uşaqlar bizim ofisə yaxınlaşa bilər. Ofisimiz Caspian Biznes Mərkəzinin ikinci mərtəbəsində yerləşir. Ofisə yaxınlaşmamışdan öncə yaxşı olar ki, bizə emaillə müraciət etsinlər. Çünki pandemiya ilə bağlı həftədə iki dəfə ofisdə oluruq”.

Mərkəz təmsilçisinin sözlərinə görə, ABŞ-da təhsillə bağlı 5 mərhələ var. Bu 5 addım Amerikada təhsil istəyi ilə gələn qonaqlara izah edilir. Bu addımları uğurla başa çatdıran gənclər ABŞ-da təhsil ala bilirlər. Birinci mərhələdə gənclər təhsil almaq istədikləri ali təhsil müəssisələri ilə bağlı araşdırma aparırlar. Universiteti araşdırıb seçdikdən sonra ofisə yaxınlaşa və ya mərkəzə emaillə müraciət edə bilərlər.

Leyla Həmidova dedi: "Biz universiteti araşdırırıq. Təqaüd verirmi, kitabxanası necədir, kampüs daxilində nələr var, uşağın maraqlarına uyğundurmu? Bəzən olur ki, gəncin təhsil almaq istədiyi üzrə ixtisas seçdiyi universitetdə olmur. İkinci adımda biz həmin şəxslə birlikdə bunu analiz edirik ki, oxumaq istədiyi proqramı seçə bilsin. Əgər universitet varsa, təqaüdü də qazanıbsa, bu zaman universitetə müraciət edirik. 1-2 ay ərzində universitetdən cavab gəlir. Əgər tələbə qəbul olubsa, o zaman viza müraciətinə keçirik. Viza müraciəti 3 addımdan asılıdır.

ABŞ-da 4 mindən artıq attestasiyadan keçmiş universitet var. Hər universiteti incələmək üçün vaxt yetməz. Universitetləri araşdırmaq üçün linklər mövcuddur. Bu linklərdə təqaüdə uyğun və ştatlara uyğun universitetlərin siyahısı verilib. Həmin universitetlərin siyahısını müraciətçilərlə paylaşırıq. Onlar həmin siyahı üzrə axtarış edirlər. Axtarış 1 həftədən 6 aya qədər davam edə bilər. Bəzən bu 1 il yaxın davam edir. Hər tapılan universiteti bizə yönəltmələri tövsiyyə edilir. Çünki ixtisas uyğunluğu nəzərə alınmalıdır.

ABŞ-da elə ştatlar var ki, avtobus və ya metro nəqliyyatı əvəzinə avtomobildən istifadə edilir. Burada ya avtomobilin olmalıdır, ya velosiped sürməyi bacarmalısan"

Xatırladaq ki, təhsil mərkəzində xidmətlər tamamilə ödənişsizdir. Burada gənclərin əvəzinə heç bir iş görülmür, sadəcə olaraq, onlar universitetlərə yönləndirilir.

“Biz addımları izah edirik. Normalda agentliklər universitetlərlə müqavilə bağlayır, müraciətçini yönləndirdikdən sonra hər hansı məbləğ alırlar. Müraciətçinin əvəzinə ərizə forması doldurur, inşa yazırlar. Biz bunu etmirik və heç bir universitetlə əməkdaşlığımız yoxdur. Bu səbəbdən də bizim ilk addımımız tədqiqatdır” - deyə Həmidova bildirib.

...Səfirliyin bu hündür və yetkin ağaclarla, yaşıllıqlarla dolu həyətində daha bir məlumat "yağışı"na düşürük; məşhur "Yaşıl Kart" və "macəra dolu" Amerikaya aparan viza növləri barədə konsulluq nümayəndəsi bizə aramla, ancaq həvəslə danışırdı. Suallarına cavab tapan gənclər qarşı stenddə onları gözləyən "Amerika" guşəsinə yaxınlaşdıqda tərəfdaş ölkənin nümayəndələrinin ölkəmizdə təşkil etdiyi imkanlar haqqında "bilgi ziyafəti"nə qonaq olurdular.

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü “Açıq Qapı” günü

Sonra masadakı böyük zər daşı ilə kiçik əyləncəli oyun oynayaraq 3D texnologiyası ilə hazırlanmış hədiyyə qazanırdılar. Eyni zamanda səfirliyin Bakıda və Azərbaycanın daha 6 şəhərində fəaliyyət göstərən "Amerika Guşələri" şəbəkəsindəki resurslarla tanışlıq əldə edirdilər. Amerikaya getmədən də Amerika təcrübəsindən və tədris metodlarından faydalanmağın yollarını öyrənirdilər.

Bakı Amerikan Mərkəzinin tədbirlər üzrə koordinatoru Əli İbrahim rəsmi Instagram hesabımızın canlı yayımında mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Müsahibənin videopaylaşımını bu keçid vasitəsilə izləyə bilərsiniz.

Tədbirə gələn qonaqların diqqətini çəkən daha bir stend: səfirlikdə təcrübə və iş imkanları. Tələbələr burada Amerikadan gətirilən kiçik şirniyyatlardan dadarkən, səfirliyin əməkdaşı yeni vakansiya və təcrübə imkanları həhaqqında məlumat verirdi.

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü “Açıq Qapı” günü

Tələbələr, USAID layihəsinin dəstəklədiyi və daha öncə "Women Bazaar" stendlərində də əməyinin uğurunu sərgiləyən qadın sahibkarlarla söhbət edirdilər. Amerika xalqının dəstək əli olan USAID-in maliyyələşdirdiyi yeni elektron nəzarət platformasının fəaliyyəti və gələcək planları haqqında məlumat alan qonaqlar, Oklahoma Milli Qvardiyasının üzvləri ilə şəkil çəkdirirdilər. Hətta gənc qonaqlardan bəzilərinin Amerikada bu qvardiyaya qoşulmaq barəsində suallar verdiyinin də şahidi oldum. Bunu dövlətlərarası tərəfdaşlığın gəncləşməsinə nümunə kimi qeyd etmək olar.

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü “Açıq Qapı” günü

Qonaqlar, ənənəvi və yeni əyləncəli oyunlarda iştirak etdikdən sonra səfirliyin "ekoloji bölgəsi"nə addım atırdılar. Gələcəyin xilaskarı "ekoloji addımlar" haqqında daha çox öyrənmək üçün səfirliyin «Yaşıllar Komandası» ilə görüşən tələbələr səfirliyə məxsus yeni elektrik avtomobilə də baxış keçirirdilər.

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü “Açıq Qapı” günü

Səfirliyin Dəniz Mühafizəsi dəstəsinin hazırladığı ənənəvi oyundan kiçik görüntünü rəsmi TikTok hesabımızdan bu keçid vasitəsilə izləyə bilərsiniz.

Tədbir çərçivəsində səfir Litzenberqer həm gələn qonaqlar üçün, həm də Azərbaycan üçün mühim fikirlər səsləndirdi:

"30 ildir ki, biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləmişik. Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmağa və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına dəstək verməyə hazırdır.

Səfirlikdə çalışan hər kəsin adından sizə karyeralarınız və həyatlarınız üçün ən yaxşısını arzulayırıq və ümid edirik ki, gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaqsınız və səfər edəcəksiniz və ya hətta ABŞ səfirliyi komandasına qoşulacaqsınız. Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühim rol oynayacaqsınız.

Azərbaycanın ABŞ ilə diplomatik əlaqələrinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur".

"Azərbaycanın dostu" ifadəsini xüsusi olaraq vurğulayan ABŞ səfiri xalqlar arasında bütün sahələrdə əlaqələrin yaradılması üçün mühim addımların atıldığını və gələcək üçün həyatının təhsil-karyera mərhələsini iki ölkə arasında birləşdirmək istəyən gənclərin dəstəkçisi olduğunu bildirib.

Bu il qeyd olunan ildönümünün eyni zamanda Azərbaycanın müstəqilliyi üçün əhəmiyyətli bir hadisənin də ildönümünə təsadüf etdiyini deyib və Amerika Birləşmiş Ştatlarının Azərbaycanda demokratiyanın varlığı üçün böyük bir tərəfdar olduğunu da vurğulayıb.

Səfir Litzenberqerin tam çıxışını bu keçid vasitəsilə izləyə bilərsiniz.

Orxan Musabəyli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »