Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynada təşəbbüsü itirir, bəs Qarabağda necə?
Rusiya Ukraynada təşəbbüsü itirir, bəs Qarabağda necə?

Ukrayna müharibəsi başlayandan biz hadisələri əsasən Rusiyanın təşəbbüsü ilə oxuyuruq. Hara hücum edəcək? Necə hücum edəcək? Onun əsas məqsədi nədir? Hansı silahlardan istifadə edir? Nə vaxt sülhə razı olacaq?

İndiyə qədər belə suallar vermək mənalı idi. Çünki biz elə bilirdik ki, Rusiyanın qərarları həlledicidir. Ona görə ki, müharibəni bu və ya digər şəkildə başlayan və hamıdan güclü olan Rusiya idi. Amma müəyyən məqamdan sonra Rusiya təşəbbüsü itirməyə başladı.

Bu proses Ukraynanın müqavimət göstərə biləcəyini əks etdirəndə, Qərb öz dəstəyini artıranda, Rusiya hərbi cəhətdən Kiyev məqsədindən əl çəkməyə məcbur olanda tamamlandı. Müharibədə strateji məqsəd rəqibin döyüş əzmini məhv etməkdir. Rusiya bunu çox asanlıqla əldə edə biləcəyini düşünürdü, amma alınmadı.

Kiyevi tutmaq bir yana, onu mühasirəyə belə ala bilmədilər. Zelenski hakimiyyətinə son qoymaq bir yana, onu qəhrəmana çevirdilər. Həmin vaxtdan etibarən Rusiya bu müharibənin necə bitəcəyinə təkbaşına qərar verə bilməyəcək vəziyyətə düşüb.

Məsələn, Rusiya bu gün Ukraynanın şərqində daha çox torpaq alsaydı, nə baş verərdi? Donbası bütünlüklə, hətta dərinliyi ilə də götürə bilər. Ordu Dnepr çayına qədər piyada gedə və Dnepri təbii sərhədə çevirə bilər. Tutaq ki, Odessanı da alıb, Ukraynanı quruda həbs edib. Ancaq reallıq budur ki, saydıqlarımın heç biri Ukrayna müharibəsinin taleyini həll edəcək strateji addımlar deyil.

Ukrayna indi 10 şəhərini itiribsə, daha 10 şəhərini də itirə bilər. Artıq onun dənizlə əlaqəsi kəsilib. Qərbin dəstəyi davam etdikcə, bu şəhər döyüşlərinin Rusiya lehinə heç bir əhəmiyyəti yoxdur. Əksinə, iqtisadi sanksiyalara görə zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna isə günü-gündən daha çox dəstək alır.

Ona görə də bundan sonra Rusiyanın nə etdiyinə yox, Qərbin və Zelenskinin nə etdiyinə baxmaq daha məntiqli olardı. Müharibəni başladan Rusiya olsa da, indi hal-hazırda dünyanın bu ən nəhəng ölkəsi həmin təşəbbüsü ciddi şəkildə itirib.

Avropanın ən böyük dövlətinə hərbi təcavüz edib, torpaqlarını zəbt edən Rusiyanın bölgədəki təşəbbüsü əldən verməsi Cənubi Qafqaza, o cümlədən Qarabağ problemi məsələsinə necə təsir edə bilər? “Rusiyanın arxa bağçası” adlandırılan Cənubi Qafqazda Rusiya əsgərinin fəaliyyəti, Rusiya siyasəti ciddi şəkildə tənqidə məruz qalır, bu bölgədəki üç ölkənin xalqı Moskvanın təzyiqindən bezmiş olsa da, hakimiyyətləri hazırda başı Ukraynada ciddi və problemli şəkildə müharibəyə qarışmış gərgin Rusiyanın qəzəbini öz üzərinə çəkmək istəmir. Bu səbəbdən ictimai rəylə rəsmi mövqe arasında ciddi fikir ayrılıqlarının olduğu da görünür. Təbii ki, hər şeydən öncə ölkənin xalqının və ərazi bütövlüyünün təhlükəsizliyinin təminatı hər bir suveren dövlət üçün prioritet məsələ hesab edilir. Bu səbəbdən, birdən-birə kəskin addımlar atmaq və ani qərarlar vermək indiki mərhələdə ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. “Cəhənnəmə gedən, özünə yoldaş axtarar” misalı, bu gün dünya işğalçılıq siyasəti ilə az qala, bütün dünya ölkələrinə qan qusduran, qusdurmağa çalışan bir işğalçını çökdürmək, mümkünsə, tarix səhnəsindən silmək istəyir. Heç kim bir işğalçının boyunduruğu altında yaşamaq istəməz.

Amma bununla yanaşı, çökməyə, yox olmağa məhkum o işğalçı ilə də yox olub getməyə dəyməz. Ukraynada müharibənin təzə-təzə qığılcımlandığı vaxtlarda Rusiyanın Qırğızıstandan hərbi dəstək istəməsi, elə məhz buna hesablanmış bir addım idi. Yəni ki, “tək deyiləm, günahkar təkcə mən deyiləm, bax, başqa ölkə də var”. Ancaq qırğız hökuməti olduqca yerində və ağıllı bir həmlə ilə bu istəkdən “nəzakətlə” imtina edə bildi. Dövlət ağlı budur – təmkinli və emosiyalardan uzaq qərarlar verə bilmək, həmin qərarları intizam və səbrlə tətbiq edə bilmək, bu zaman da balansı ciddi şəkildə qoruyub saxlamaq.

Öncə Qazaxıstan, daha sonra isə Ukrayna hadisələrindən müəyyən siyasi dərslər çıxaran və indiyədək balansı qoruyub saxlaya bilən Azərbaycan tərəfinin Qarabağdakı hərbi-siyasi vəziyyəti kənar güclərin qəzəbini üzərinə çəkmədən davam etdirməsi, bölgədəki sülhməramlı kontingentin sahibinin əlinə tutarlı səbəblər verməməsi və bunu məharətlə davam etdirməsi, təmkinli, məqsədyönlü və soyuqqanlılıqla atılmış siyasi addımın nəticələridir. Necə deyərlər, sakit axan su dərin olar.

Son olaraq, qeyd etmək lazımdır ki, Fərrux dağı barədə Azərbaycan tərəfinin nigarançılığı elə məhz bu proseslər dövründə öz həllini tapmağı bacardı. Görünür, Rusiya Ukraynada olduğu kimi, Qarabağda da öz zəhmli sifətini itirir. Bunu bölgədəki Rusiya "sülhməramlı"larının əvvəlkitək  təxribatlara aktiv meylliliyinin azalmasından görmək olur. İndi Qarabağda Ermənistan deputatlarını saxlayan bir Rusiya əsgəri var...

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »