Nadir İsrafilov: "İlahiyyat İnstitutunun yaradılması milli-mənəvi dəyərlərə diqqət və qayğının yeni təzahürüdür. Azərbaycanda dini təhsil barədə müxtəlif zamanlarda, müxtəlif diskusiyalar aparılıb. Dinin təhsilin vacibliyi və ya buna ehtiyacın olmaması istiqamətində aparılan müzakirələr, bir çox Azərbaycan vətəndaşlarının dini təhsil üçün ölkədən xaricə çıması və s. fonunda İlahiyyat İnstitunun yaranması bir daha sübut edir ki, Azərbaycanda dini təhsilin olmasına ehtiyac və tələb var".
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dini təhsil, cəmiyyət üzvlərinin dini maariflənməsi ilə bağlı məsələdən danışarkən, bəlkə də ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, "təhsil müəssisələrində dinin tədrisinə ehtiyac varmı" sualı ətrafında bu qədər mübahisə və müzakirələr aparılmasın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilməsin, diskussiyalara, debatlara, polemikalara səbəb olmasın, özünə bu qədər tərəfdar və ya əleyhdar toplamasın, bir çoxlarını tərəddüddə saxlamasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, mömin olub-olmamasından, konkret olaraq fərdi baxışlarından getmir və gedə də bilməz. Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir:

“Yəni, dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Dövlət və dini qurumların yetkililərinin, deputatlar və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə, məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasında müəyyən tərəddüdlər yer alıb. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz yetkinlik yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik, bununla belə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdirərək, təhsilin dünyəvi xarakteri daşımasını qabartmışıq”.
Ekspertin sözlərinə görə, ötən illərdə yeni il qabağı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində belə bir fikir də səsləndirilmişdi ki, biz öz keçmişımızı, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq, hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə sözümüz olmaz, mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər əlbəttə ki, məktəblərdə verilməlidir. Bütün deyilənlərlə razılaşıb razılaşmamağımızdan asılı olmayaraq artıq bu vaxta qədər qoyulan və bundan sonra qoyula biləcək bir sıra suallara nəhayət cavab verilməsi zərurəti yaranmışdı.
“Bir həqiqəti də qəbul etməliydik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil və ya gəncləri mollalaşdırmaq demək deyil. İnsanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında orta məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə getməkdən gedir” - deyə ekspert vurğulayıb.
Ekspert qeyd edir ki, ən düşündürücü sual isə ondan ibarət idi ki, orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alnan biliklərin davamlılığına təminat vermək nə dərəcədə etibarlı sayıla bilər? Bakı İslam Universitetinin və ya BDU-nun ilahiyyat fakultəsinin yetirmələri bu fənnin tədrisinə yararlı hesab oluna bilərlərmi? Xaricdə dini təhsil alanların və ya xaricdən dəvət olunanların xidmətinə bel bağlamaq olarmı? Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, sektalara qoşulanların sayını bir az da artıracaq? Bəlkə də elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə ətraflı dini bilgilərin verilməsi ola bilər?
“Bu və digər suallara cavab özünü çox gözlətmədi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 9 fevral 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə imzaladığı sərəncam multikultural dəyərlərimizdən olan dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsində mühüm addım oldu. Ölkə başçısının sərəncamına müvafiq olaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu yaxınlarda yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir” - deyə ekspert bildirib.
Nadir İsrafilov bildirib ki, Aİİ Elmi Şurasının Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından, Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının tərkibi təsdiq edilib. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb. Şuranın sədr müavini kimi dəfələrlə institutda olmuş, müxtəlif səpkili tədbirlərdə iştirak etmiş və bilavasitə şahidi olmuşam ki, Bakı İslam Universiteti və BDU-nun ilahiyyat fakultəsindən fərqli olaraq Aİİ-də dövlət-din münasibətlərinin tənzimlənməsinə tam yeni, bəşəri yanaşma tətbiq edilir.
“İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ivrit dilləri tədris olunur” - deyən ekspert bildirir ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır və onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.
Nadir İsrafilov hesab edir ki, İlahiyyat İnstitutunun yaradılması bu sahədə peşəkar kadrların yetişdirilməsində yeni mərhələ olmaqla yanaşı milli-mənəvi dəyərlərə diqqət və qayğının yeni təzahürüdür.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.