Yaponiya Ukraynanı pilotsuz uçuş aparatları və kimyəvi silahlardan müdafiə dəstləri ilə təmin edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi “Tvitter” səhifəsində məlumat verib. Qeyd edilib ki, Ukraynaya maksimum səviyyədə dəstək veriləcək.
"Yaponiya Müdafiə Nazirliyi Ukrayna hökumətini NBC geyimləri, NBC maskaları və pilotsuz təyyarələrlə təmin etmək qərarına gəlib. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün mübarizəsi hələ də davam edir, ona görə də Yaponiya Müdafiə Nazirliyi Ukrayna üçün maksimum dəstəyini davam etdirəcək",- deyə mesajda bildirilib.
Qeyd edək ki, aprelin 9-da Yaponiya "Azov" alayını terror təşkilatları siyahısından çıxarıb. "Azov" alayını Beynəlxalq Terrorizm 2021 reyestrindən çıxaran Yaponiya Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsi bu barədə öz saytında rəsmi açıqlama yayıb.
Martın 25-də Yaponiya Ukraynaya genişmiqyaslı müdaxilə ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları uzadıb. Belə ki, 25 fiziki və 81 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib. Bundan əlavə, Yaponiya Rusiyanın 81 şirkətinin məhsullarının ixracına qadağa qoyub. Bura avtomobil və gəmiqayırma zavodları və elektronika istehsalçıları daxildir.
Bir müddət əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Ukraynadakı müharibə İkinci Dünya Müharibəsindən bu günə qədər olan dövr ərzində ən böyük böhrana səbəb ola bilər. O qeyd edib ki, Yaponiya hökuməti müdafiə qabiliyyətini əsaslı şəkildə gücləndirmək üçün hər hansı variantı istisna etmir. Kişidanın sözlərinə görə, Tokio ilin sonuna qədər milli təhlükəsizlik strategiyasını və müdafiə qabiliyyətini artırmaq üçün digər iki əsas sənədi nəzərdən keçirəcək. Yaponiyanın baş naziri vurğulayıb ki, onun ölkəsi Ukraynanı dəstəkləməkdə qərarlıdır, çünki onun digər ölkələrlə birgə fəaliyyəti beynəlxalq birliyin gələcək vəziyyətini müəyyən edəcək.
Tərcümə: İlahin, Bizimyol.info