Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurana od vurdu, Avropanı yandırdı
Qurana od vurdu, Avropanı yandırdı

Yenə də Rasmuss Paludan Quran kitabını yandırıb. 3 il qabaq da öz Vətəni Danimarkada yandırmışdı Quranı. Bu dəfə durub gəlib İsveçdə yandırıb, İsveç qarışıb.

İsveçdə, Avropada yaşayan müsəlmanlar, təbii ki, inciniblər. Haqlı olaraq, etiraz edirlər. Doğrudur, bəzən bu etirazlar normal məcradan çıxır, kütləvi iğtişaşlara da çıxır. Ancaq Paludanın elədiyi hərəkət də axı heç bir əndazəyə sığan bir şey deyil.

Bundan əvvəl də gah Fransada, gah Danimarkada İslam peyğəmbərini təhqir etmişdilər. Daha əvvəl Britaniyada Hindistan mənşəli Salman Rüşdü məlum və məlun "Şeytan ayələri" yazmışdı. Amerikada da, Kanadada da, başqa ölkələrdə də belə və ya buna bənzər provokasiyalar olub. Keşişin Quran kitabını yandırması isə lap böyük ajiotaj yaratmışdı.

Axı niyə?! Nədəndir bu islamofobiya?! Kim körükləyir?! Məqsəd nədir?!

Sözün doğrusu, bu haqda geniş yazmağa da ehtiyac yoxdur; hamı hər şeyi yaxşı bilir. Mən, sadəcə, onu əlavə etmək istərdim ki, Qərb dünyasında İslamın, müsəlman obrazının bu cür təhrifli, irreal qavrayışı elə o Qərbin özünə zərər verir. Hələ üstəgəl bu Quran yandırmaq və sair kimi əməllər ocağın üstünə benzin tökmək kimi bir şeydir. Müsəlmanın, İslamın qorxunc obrazını özlərini qorumaq düşüncəsi ilə özləri yaradıblar bəlkə də. Ancaq bu adekvat olmayan obrazı, xoş olmayan auranı yaratmış olmasaydılar, heç müsəlmandan qorunmağa ehtiyac da duymazdılar. Çünki cinayətkarın, terrorçunun milli mənsubiyyəti yoxdur ki. Ona qalsa, ABŞ cinayətkarlığın səviyyəsinin ən yüksək olduğu ölkələrdın biridir.

Əsl toxunmaq istədiyim başqa bir məsələdir. Bu gün Avropanın ortasında müharibəni alovlandıranlar müsəlmanlar deyil; iki pravoslav xalqın dövlətləri vuruşur. Əhalisinin tam əksəriyyəti xristian olan Rusiya xristian Ukraynaya təcavüz edib, şəhərlərini, insanlarını məhv edir. Müsəlman Türkiyə isə onları barışdırmağa çalışır.

Avropanın içində onsuz da böyük bir yanğın var. Alovu hər gün daha sürətlə və daha geniş coğrafiyaya yayılmaqdadır. Tüstüsü-dumanı bütün dünyaya yayılıb. Milyardlarla insan aclıq, yoxsulluq fəlakəti ilə sınanır. Belə bir vaxtda bir də dinlərarası dava körükləmək ən böyük cəhalətdir və qəflətdir. Müsəlmanın da, xristianın da, yəhudinin də Allahı birdir. Quran ən son kitabdır. Quranı yandırmaq İslam mənsubları ilə yanaşı və bəlkə də daha çox başqa dünyəvi dini inanclara da hücumdur, həqarətdir. Həmin İsveç Rusiyanın təcavüzü təhlükəsindən qorunmaq üçün neytrallığını pozub NATO-ya qoşulmaq istərkən, orda Quran kitabınıb yandırıb ölkəni qarışdırmaq nəyə, kimə lazım idi?! Müsəlman Avropa cəmiyyətləri üçün təhlükə deyil. Göründüyü kimi, Avropalıların - xristianların özlərinin içində bəzi fərdlər, qruplar daha təhlükəlidirlər. İndi durub deyəcəklər (artıq deyirlər) ki, müsəlmanlar iğtişaş törədir, cəzalandırmaq, qovmaq lazımdır və sair. Bəlkə əvvəlcə bu hadisələrə səbəb olanları cəzalandırmaq, ağıllandırmaq lazımdır. Yeri gəldi-gəlmədi, haqlı-haqsız, müsəlmana cahil deyirsiniz, terrorçu da deyirsiniz. Kimdir cahil?! Paludan kimilər daha qorxulu terrorçudurlar. Ancaq biz adamın dini inancını bu söhbətə qatmırıq.

Bu adam indiki çox həssas bir məqamda müsəlmanların müqəddəslərinə toxunaraq Avropanın içində sabitliyi laxladırsa, dolayısı ilə terrorizmin, despotizmin, Putinin, Rusiyanın əlinə oynamırmı?! Özü də Danimarkada partiya sədridir. Bu boyda provokasiyaya imza atıb. Qurana od vurub, ancaq bütün Avropa yanğın yerinə dönüb. Buna görə o adam ən azı siyasi məsuliyyət daşımalı deyilmi?! Cəzalanacaqmı?!

İnanmaq istsəm də, inana bilmirəm.

Niyə görəsən?!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »