Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gördün, pulsuz paylayırlar, get, əz, əzil, amma faydalan"
"Gördün, pulsuz paylayırlar, get, əz, əzil, amma faydalan"

Dünən dost-tanışdan biri telefonuma 2 dəqiqəlik video göndərdi. Açıb baxdım. Səs-küy, insanların hansısa binanın avtoparkından naməlum istiqamətə doğru bağıra-bağıra qaçmasından, elə zənn etdim, yenə haradasa “qaz balonu” partlayıb.

Daha sonra növbəti kadrlar gəldi -  səhnəyəbənzər bir yerin ətrafında insanlar halqa şəklini alıb, bir-birlərini qarışqa kimi əzirlər. Bu mənzərə ilk dəqiqələrdən müqəddəs Kəbə Evinin ətrafındakı təvafı xatırlatsa da, əminəm ki, o səhnənin ortasındakı “Kəbə” deyildi. Ona toxunmaq üçün metrlərlə kənardan əllərini uzadanlar, telefonlarını çıxarıb çəkənlər, bir-birinin kürəyinə minənlər, ortada əzilib ürəyi gedənlər, yuxarı qalxan eskalatorla aşağı düşməyə cəhd edənlər, hətta bir neçə mərtəbə yuxarıdan düz səhnənin ortasını nişan alıb, özünü ora – “müqəddəs”in boynuna, yaxud qucağına atmaq istəyənlər – xülasə, sanki, göydən gözlənilən şəxs enmişdi və hər kəs ona toxunmaqla Cənnətin behini verməyə çalışırdı.

Daha sonra məlum oldu ki, bina Park Bulvardır və “zombi”lərə qarşı özünə cangüdənlərindən divar hörüb, ortadan onlara əl sallayan həmin “gənc papa” Rusiyadan ölkəmizə təşrif buyurmuş, əslən azərbaycanlı bloqer, iş adamı Hüseyn Həsənovdur. O, özünə “Quseyn Qasanov” deyir. Daha doğrusu, rus dilində danışmaq onun üçün “daha rahat” olduğundan, adını da o cür tələffüz edir.  Nə isə. Adam barədə müəyyən məlumatlara gözucu nəzər salsam da,  yazımı onun vikipediyasına döndərmək fikrində deyiləm, marağı olanlar, internetdə axtarış edib, kimliyi, nə işlə məşğul olması barədə öyrənə bilərlər.

Mənə təəccüblü gələn, Hüseyn yox, ətrafda çırpınanlar idi. İstər-istəməz, ağlımdan qəribə, amma həqiqət payı yüksək olan fikirlər keçdi: “Yəqin, Bill Qeytsin “çip” layihəsi reallaşıb”. Adamlar eyni mərkəzdən idarə olunan bioloji nəsnələr kimi bir ağızdan eyni anda bağırır, eyni anda hərəkət edir, nə etdiklərini 5-cə saniyə dayanıb düşünmürdülər. Əminəm ki, bu hipnoz olunmuş tayfa 5-cə saniyə dayanıb, “Mən nə edirəm? Niyə bağırıram, yaxud niyə bağırmalıyam?” desəydi, həmin dəqiqə hipnozun təsirindən çıxa bilərdi.

Bəs onları hipnoz edən şey nə idi? Hüseynin ox kimi düz saqqal kantı? Muncuq kimi düzülmüş bəyaz dişləri? Özündən üç "razmer" böyük şalvar-köynəyi? Afrika reperləri kimi hər danışanda əllərini birləşdirib, aşağı nahiyələrinə aparması?  Bəli, bunlar da bir bir qisim insanlar üçün səbəb ola bilər. Ancaq əsas səbəb başqa imiş, sonra öyrəndim. Daha öncə Bakıya gələndə, “fanat”larına pulsuz “iPhone” paylayıbmış.  Amerikalı olsaydım, yüz faiz həmin an “Oh, my God” deyə bağırardım. Azərbaycanlı olduğumdan, özümü saxlaya bildim. Dostum, bu zombilər işi bilir. Hər şey “iPhone” üçün imiş. Halbuki, onlarda bir səmimiyyət duyğusu hiss etmişdim.  Hər çıxan filmlərini maraqla izləyib, onları anlamağa çalışırdım. Amma bu dəfə yanlış anladım - saxtakar zombilər...

“Oliqarx” ata-ananın dəcəl və “dəcəlka” balaları “iPhone”ları ölkəyə gəldiyi günün elə səhəri gedib öz rəsmi mağazasından alır, hətta bir neçə dəqiqə sırada gözləməli olsa da. Park Bulvardakılar isə bu balalarımızın tam əksidir, onlar pulsuz “iPhone” əldə etmək istəyirlər. Əksəriyyəti universitet tələbələridir və siz onları çox zaman “necə varlı ola bilərəm?” mövzulu motivasiya kitabları oxuyarkən də görə bilərsiniz. Yəqin o kitablarda,  “gördün, pulsuz paylayırlar, get, əz, əzil, amma faydalan” kimi bir cümlə də yazılıb, açığı, oxumamışam.  Hər kəsin inkişaf qrafikası fərqli istiqamətdə və fərqli üsullarla inkişaf edir, bu, azad ölkənin azad insanının seçimidir, qarışmaq olmaz.  Xoş mütaliələr.

Gənclik. Söhbət metrostansiyadan getmir, vaxtilə parçalanmış bir ölkədə daha da parçalanıb, qütbləşmiş yeni bir nəsildən gedir. 2 il öncə onlardan üç mini bu ölkənin torpağına fidan toxumu kimi düşdü, indi də hərdənbir düşür. Torpaqda yaşıllıq varsa, bu, həyat rəmzidir. Bəs bağrında şəhid varsa? Bunu düşünməyi sizə buraxıram.

İndi isə özüm başqa bir məsələ barədə düşünürəm. Tanıdıqlarımdan biri “iPhone” izdihamını görüb maraqlı bir status yazıb. Özü İkinci Qarabağ Müharibəsi zamanı hərbi xidmətdə imiş. Deyir ki, buraxılışa çıxdıqları zaman insanlar onları evlərinə qonaq etmək istəyir, taksilər, avtobuslar onları pulsuz aparır, kafe və restoranlar onlardan ödəniş qəbul etmir, kimlərsə onların yerinə hesabı ödəyirmiş. Daha sonra qeyd edir ki, bütün bu sevgi-hörmət onların şəxsinə yox, üzərindəki müqəddəs, şanlı və qanlı hərbi geyim xatirinə edilirmiş. Bir sıravi əsgər, yuxarıdakı bloqer qədər olmasa da, ondan daha çox hörmət görüb - əynindəki formaya görə.

Dost məclisindəyiksə, açığını deyəcəm, heç kim inciməsin – cəzalandırmağa meylli, sadizm ruhlu millətik.  İstəyənlər izdiham barədə yazılan kommentləri “topla, vur, çıx” edib mənim qənaətimə gələ bilər.

Hər ağızdan bir avaz gəlməsə də, hər klaviaturadan bir söz gəlir: “Onları Qarabağda minalı sahələrə göndərib partlatmaqla, Ordumuzun işini asanlaşdırmaq olar”, “başlarına daş düşəydi”, “ölməz-itməzlər”, “görməmişlər”.

İşi inqilaba qədər aparıb çıxaranlar belə oldu. Deyirdilər ki,  ölkəyə beş-on “iPhone” gətirib pulsuz paylamaqla, ölkədə inqilab etmək olar. Emosionallıqla yazılan bu kommentdə Gömrük Komitəsinin “dönməzliyi”nin nəzərə alınmaması, ciddi nöqsan olsa da, duyğuların səmimiliyinə bağışlamaq olar.

Maraqlı gəldi, minalı sahələrə göndərilmələri barədə rəyi yazan adamın profilinə girdim. Xanım idi. Əynində yay mövsümünə uyğun hərbi formada şəkli var idi. Poqonlarının biri “baş leytenant”, digəri “mayor”, baş geyimində isə zabit yox, sıravi əsgər kokardası. Qohum-əqrabadan, dost-tanışdan tapıb, quraşdırıb, geyinmişdi. Amma  görünür, ümumi bilgisi zəif olduğundan, “incə” nöqsanlar buraxmışdı.

Beləliklə, gəldik zurnanın “nəsə” dediyi yerinə... Qanların dəlicə axdığı həmin videogörüntülərdə heç kimin ağzında maska olmaması, mənə yaxın zamanlarda maska taxmadığı üçün cərimələnən hamilə xanımı xatırlatdı. Görünür, Hüseyn Həsənov orda heç kimə “iPhone” paylamasa da, gənclərdən xəbərsiz onların cərimələrini “ödəmişdi”. İndiki zəmanədə “hədiyyə” başqa necə olmalıdır ki?...

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »