Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənsiz keçən illərim...
Sənsiz keçən illərim...

Unudulmaz ömür gün yoldaşım Aidə xanımın əziz xatirəsinə.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı,

Bəlkə də mən sənsiz ölmüşəm elə. - Ramiz Rövşən

Əzizim Aidə, bu gün aprelin 21-dir, səni məndən əbədi ayıran aprelin 21-i. Ömrümün ən əzablı günü. Səni itirmək mənim üçün kədər dolu bir zamandır. Sənsiz günlərimin əzabı sənlı günlərimin bəxtəvərliyini heçə vardı.

Yenə məktub yazıram sənə, hara göndərəcəyimi bilməsəmdə. Səni məndən həmişəlik ayıracaq, məktublarımı ünvansız qoyacaq bu ölümə üzülüb yaşamağımla cavab verim. Yox, bir az çaşdım. Məktublarımın ünvanı var, əvvəlki məktublarımı göndərdiyim ünvan...

Ünvan: Yeri və dəyişməz ünvanı - qara torpaq yox, mənim qəlbim.

Kimə: Əbədi sevimlim Aidə Əliyevaya.

Kimdən: Sənin Rafiqindən.

Əzizim Aidə, ən çətini yaşayaraq ölməkdir. Yaşadığın xoşbəxt, sevgi dolu günləri əsrlərə dəyişmərəm. Bir gün belə olmur ki, sənli günlərimdən, anlarımdan uzaq düşüm, evdən cıxanda da, səfərə gedəndə də (arxamca su səpənim yox), elə qayıdanda da (üzümə nəvazişlə gülənim yox) səni xatırlayıram. Sənin cismanı yoxluğun qəlbimdəki varlığını heç vaxt yox edə bilmədi.

Bir neçə müddət öncə İctimai Televiziyada bir verlişdə qonaq olarkən nəzakətli aparıcı məndən ailədə kişi-qadın münasibətləri barədə fikrimi soruşdu. Dedim ki, hər bir uğurlu ailədə bu uğurun ən az 51 faizi layaqətli qadının payina düşür. Bu fikri çevrəmdəki əksər dostlarım da paylaşır. Bizim ailənin sonsuz faizli dirəyi sən idin, bəs bir anda o polad dirəyi niyə uçurdun, bəs necə qıydın. İndi mənə dirəyi uçmuş, qapısı bağlı olan bir saray kimi dünya qoydun getdin. Nə biləsən ki, bu saray dünyamda sənsiz keçən günlərimdə nələr var, zillət, tənhalıq, kaş ki-lər.

Əzizim, əsla səni qınamıram ki, mənimlə yoxsan, sənsizliyin verdiyi əzabı qınayıram. İndi mənim bu əzablı saray dünyamda sən yoxsan da, mən nə qədər varamsa mənimlə varsan, qəlbimim ən dərin yerində.

Əzizim Aidə, bu saray dünyamın ən əzablı atributu tənhalıqdır, minlərin içində tənhalıq, sənin “bağışladığın” tənhalıq. Elə bilirsən tənhalığa öyrəşmək asandır. Tənhalıq hissi heç kimin, heç nəyin doldura bilmədiyi bir boşluqdur. Əziz dostum, böyük şairimiz Musa Yaqub demişkən

Bahar gəlir, quzeylərdə hələ qar,

Qara baxdım, baxışlarım üşüdü.

Tənha çiçək boz daşa da sığınar,

Küləklər də yorar tənha buludu.

Bircəciyim, tənha qoydun məni sən

Səndən ayrı əriyərəm, itərəm.

Yoncalıqda yel ağzında titrəyən,

Qəribsəmiş tək sünbüldən betərəm.

İndi sənsiz sənin çox sevdiyin bağımıza da gedə bilmirəm. Sənin ləpirlərini axtarıram, amma nə görürəmsə ilan kimi qəlbimi çalır. Əkdiyin güllər açanda hər ləçəyində səni görürəm. İndi daim getdiyim yer o bağ deyil, sənin məzarın üstüdür. Sən yasəməni çox sevərdin. Məzarın üstündə bir neçə yasəmən ağacı əkdim. Hər ilin aprelin 21-də o yasəmən ağacları daha təravətli gül açır.

Əzizim Aidə, çox güvənirdin mənə, ancaq səni qoruya bilmədim, bağışla məni. Ancaq Ulu Tanrı nə qədər ömür veribsə səni yaşadacağam. “Zaman unutdurur” deyirlər. Amma nə mənim üçün səni unutmaq mümkündür, nə də sənin üçün unudulmaq. Gücüm çatdığı qədər səni özümlə yaşadacam. Bilirsən ki, sənsizlik illərimdə yazdığım bütün kitablar sənin əziz xatirənə ithaf olunmuşdur. O cümlədən bir neçə müddət öncə sənin də, mənim də qiymətli dostumuz Lütfi Zadə ilə birlikdə çap elətdirdiyimiz 600 səhifəlik kitab sənə ithaf olunub. Bir də gücüm ona çatır ki, məzarın üstündəki qızıl gülləri hev vaxt solmağa qoymuram.

Unudulmaz can sirdaşım Aidə, unutma ki, bu dünyalı, o dünyalı sən həmişə mənimləsən.

Sənin Rafiqin.

Professor Rafiq Əliyev

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »