Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə dəhşəti - Hamı öləcək, sən heç vaxt ölməyəcəksən
Müharibə dəhşəti  - Hamı öləcək, sən heç vaxt ölməyəcəksən

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması artıq ikinci ayın sonuna yaxınlaşır . Bəşəriyyətin ən dəhşətli kabusu 54 gündür ki, Ukrayna dövlətinin ərazisində dolaşır. İnsanların canını alır, yaşayış məskənlərini viran qoyur, həyat üçün vacib olan infrastrukturları dağıdır. Və bütün bunlarla yanaşı, uşaqları öldürür. Artıq rəsmi məlumata görə, 200-dən çox uşaq Rusiyanın başlatdığı müharibənin qurbanı olub.

Uşaq babasından soruşur:

- Baba hamı öləcək?

- Hə, mənim balam, hamı öləcək.

- Sən də öləcəksən?

- Hə, mən də bir vaxt öləcəm.

- Baba, mən də bir vaxt öləcəm?

- Yox, mənim balam, sən heç vaxt ölməyəcəksən...

Unutmuşam, bunu gənc yaşlarımda hansısa filmdə görmüşəm və ya bir əsərdə oxumuşam. O vaxt müəllifin qələmə aldığı bu dialoq mənə çox təsir etmişdi. Uzun müddət bu barədə fikirləşmişdim. “Görəsən, elə bir insan ola bilər ki, uşaqların ölümünə biganə qalsın?”, - deyə düşünmüşdüm. "Bunu insani hisslərdən uzaq olan vəhşi edər", - deyə insanın bu qədər qəddar ola biləcəyinə inanmamışdım. Lakin Xocalıda baş verənlər mənim bu inamımı sındırdı. Artıq elə bir xalq tanıyıram ki, onlar uşaq ölümündən ləzzət alırlar. Bu, erməni manqurtlarıdır. Hətta onların yazıçı, elm adamı, qəhrəman adlandırdıqları qoca vanpir azərbaycanlı uşaqları necə öldürüb bunu seyr etdikləri barədə öz yazılarında fəxrlə yazıb.

Bu gün isə həmin hadisələrin bənzəri Ukraynada Rusiya hərbçiləri tərəfindən törədilir. Azyaşlılar işgəncələrə məruz qalır, təcavüz olunur, öldürülür. Ukrayna hakimiyyəti bu barədə əllərində danılmaz faktlar olduğunu bildirib.

Həyat nə qədər şirin olsa da, insan özünün öləcəyi ilə barışa bilir, amma övladının ən ağır şəraitdə belə sağ qalacağına olan ümidini itirmir və ya itirmək istəmir.

Bu günlərdə dünya mediasında üç yaşlı qızının kürəyinə əlaqə məlumatlarını yazan 33 yaşlı ukraynalı ana Saşa Makovinin paylaşdığı foto mənə uşaqla babası arasında olan dialoqu xatırlatdı. Qadın özünün ölə biləcəyini düşünərək uşağın bədəninə onun kimliyi barədə yazıb. Xoşbəxtlikdən övladı ilə birlikdə sağ qalaraq Fransada sığınacaq alan ana: "Viranı itirməkdən çox qorxdum. O, həqiqətən çoxdan gözlənilən və sevilən uşaqdır. Onun ölə biləcəyini ağlıma sığışdıra bilməzdim, amma qorxurdum ki, mənə nəsə olsa, Vira kim olduğunu bilməyəcək, o hələ çox kiçikdir.

Hökumət nümayəndələri bizə fövqəladə vəziyyət zamanı sənədlərin, su, dərman və digər ləvazimatların hazır saxlanmasını söylədikləri zaman anladım ki, hər cür vəziyyət yarana bilər.

Fikirləşdim ki, mən ölsəm, onu apardıqları yerdə mütləq paltarlarını çıxaracaqlar və o zaman bu məlumatı qızımın bədənində görəcəklər", - deyə Makoyiv qeyd edib.

Bir ananın özündən sonra övladının taleyini düşünməsi normal haldır. Amma normal şərtlərdə. Qeyd etdiyimiz hadisə isə insan üçün ən ağır şəraitdə baş verib. O ana üç yaşlı körpəsi üçün hansı hissləri keçirib. Bunu düşündükcə “müharibə etməyə dəyərmi?” deyə sual yaranır. Məncə, bu hadisə bu müharibənin dayandırmaq səbəbi ola bilər. Amma gərəkdir ki, uşaq qatilləri əvvəlcə o ananın hansı hisslər keçirdiyini anlasınlar. Onun kimi "hamı ölə bilər, uşaqlar yox",- deyə düşünə biləcək beyinə və sevə biləcək böyük ürəyə sahib olsunlar. Hələ də uşaqlar ölür...

Qadir Musaoğlu, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »