Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda "sülhməramlı" tərəfkeşlik
Qarabağda "sülhməramlı" tərəfkeşlik

Kimisi təəccübləndi. Kimisi sevindi...

Nə imiş?! Qarabağdakı Rusiya "sülhməramlı" kontingenti ilk dəfə  "obyektiv məlumat" yayıb! Aprelin 17-də atəşkəsi ermənilərin pozduğunu deyib.

Böyük iş olub! Hətta bəzi şərhçilər daha irəli gedərək az qala Rusiya tərəfinin qərəzsizliyinə difirambalar qoşmağa başlayıblar.

Rusiya tərəfinin Azərbaycana qarşı ən böyük qərəzi elə onun ərazisinə "sülhməramlı" adı ilə gəlib yerləşməsidir. Hə, deyəcəksiniz ki, Azərbaycan özü dəvət edib, 10 noyabr, bəyanat-filan. Bu "dəvət" də zorla alınmışdı desək...

Nə isə. Bu daha geniş söhbətin mövzusudur. Qayıdaq "миропретворческий" kontingentin həmin o "obyektiv" xəbərinə. Bir balaca analiz edək.

Xəbərdə "Dağlıq Qarabağ" ifadəsi var. Hətta "Dağlıq Qarabağ konflikti" var. "Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası" söz birləşməsi də öz yerində. "Məsuliyyət zonası" anlayışı varsa, deməli, daşınmalı olan məsuliyyət var. Bəs onu kim daşıyır?!

Məlumatda "atəşkəsi erməni tərəfi pozub" deyə yazılır. Rusiyanın məsuliyyət zonasıdırsa, orda "tərəf" niyə var?! Həm də həmin o "tərəf" silahlıdır və bölgənin ən güclü ordusuna - Azərbaycana atəş açacaq qədər cəsarət arsenalına sahibdir. Kimdən alıb o silahı və cəsarəti?! Məncə, bunu xüsusi olaraq, izah etməyə gərək yoxdur.

Yaxşı, əgər birinin "məsuliyyət zonası"ndan - məsuliyyət daşıdığı zonadan Azərbaycana atəş açılırsa, məsuliyyət sahibi də bu haqda, sadəcə və quruca informasiya verməklə kifayətlənəcək qədər "sülhməramlı"dırsa...

Bunun nəyinə təəccüblənirik?! Ən kədərlisi: nəyinə sevinirik?! Axı həmin o "kontingent" ona görə dəvət olunub ki, "onun zonası"nda bizə güllə atan qalmasın! Ancaq biz nə görürük?! Ordan bizə güllə atanları görürük. Üstəlik, bu ünsürləri "tərəf" adlandıran və tərəf kimi görən "sülhməramlı" tərəfkeşlik görürük. Bunun harasındadır obyektiv mövqe?!

Hələ həmin o "sülhməramlı" kontingentin aprelin 15-də yaydığı məlumata baxın: Azərbaycan ordusu Ağdərənin (məlumatda "Mardakert" kimi yazılır) Yarımca kəndində təmas xəttini pozub. Bəli, məlum üçtərəfli bəyanatda "təmas xətləri" ifadəsi var; buna biz də imza atmışıq. Ancaq orda başqa bir müddəa da var: Rusiya sülhməramlı kontingentinin yerləşməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin ordan çıxarılması və yerli erməni silahlı qruplarının tərksilah olunması.

Rusiya "sülhməramlı" kontingenti ora günyarım içində gəldi, amma ilyarımdır ki, silahlıları ordan çıxarmayıb. Əgər o üçtərəfli bəyanatın həmin müddəası işləsəydi - o işğalçı və yerli silahlı qruplar ordan çıxarılsaydı, təmas xətti də olmazdı, onun "pozulması" da. Təmas xətti sərhəd xətti deyil ki, əbədi olsun. Və milli və ya beynəlxalq universal sənədlərdə sərhədlərin toxunulnazlığı var, təmas xəttlərinin deyil. Təmas xəttinə qalsaydı, Azərbaycan indi Şuşaya Beyləqandan boylanmaqda davam edərdi. Azərbaycan qoşunları öz ərazisində yerdəyişmə edib. Öz ərazisində. Qarabağda "sülhməramlı"ların məsuliyyət zonası var, ərazisi deyil; ərazi Azərbaycanındır. Əgər o zonada real olaraq məsuliyyət hissini daşıyan yoxdursa, təmas xətti dünəndən yoxdur...

Əslinə qalanda Azərbaycan heç o "təmas xətti"ni pozmayıb. Çünki o "təmas xətti" özü əməlli və daha təməlli bir pozuntudur. Ermənistan ordusunun qalıqlarını və yerli erməni silahlı dəstələrini himayə edənlər ona görə edirlər ki, "təmas xətti" həmişə olsun. "Təmas xətti" varsa, tərəflər var. Tərəflər varsa, konflikt var. Konflikt varsa, sülhməramlıya ehtiyac var. O isə, özləri dediyi kimi, "тут, как тут".

Gördüyünüz kimi, ortada bir obyektivlik yoxdur. Obyektiv reallıq var. Və bu reallıq yenə də bizi təhdid edir.

Qısası, Qarabağdakı "sülh quşu" Azərbaycana belə deyib: "Yadından çıxmasın, Ermənistan səninlə sülh bağlayıb, tərəf olmaqdan çıxsa belə, sənin öz ərazində sənin özünə qarşı yenə də tərəf var - mən varam".

Bunu anlamaq çətin olmasın gərək. İndi daha kim yenə də təəccüblənməkdə davam edər, kim "geopolitik ekstaza" gələr, ona qarışmam...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »