“Rusiya diktatorunun iştahı artır. Bir neçə Avropa ölkəsi potensial qurban ola bilər. Vladimir Putin Ukraynaya qarşı müharibədən sonra da dayanmayacaq. O, digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər”.
Bizimyol.info xəbər verir ki, bu barədə amerikalı diplomat Robert Pirson “The Hill”də dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, Putin Rusiya imperiyasının sərhədlərinə qayıtmağa çalışır. Bunun üçün isə o, bir sıra Avropa ölkələri üzərində nəzarəti ələ keçirməlidir.
Diplomatın fikirncə, Putinin potensial qurbanlar siyahısında yalnız Estoniya, Latviya və Litva deyil, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova da var.
"Biz bilirik ki, Putin sağ qalsa, o, Rusiyanın Qərbdə hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa sövq edəcək. Suriya və Qazaxıstanda olduğu kimi Rusiya qoşunlarının mövcudluğunu yarımdaimi vəziyyətə gətirəcək. O, qorxuducu silah kimi Baltikyanı NATO, Polşa və Almaniya üçün Kalininqradda və Rusiyanın Baltikyanı sərhədləri boyunca fəaliyyətini artıracaq",- deyə Pirson bildirib.
Diplomat hesab edir ki, Putin Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır. Pirsonun fikrincə, NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Eyni zamanda diplomat vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməyəcəksə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, “müdafiədə qalmaq” kifayət deyil.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski demişdi ki, “indi hamı Rusiya Avropaya doğru irəliləsə, nə edəcəyini düşünür”.
Tərcümə: İlahin, Bizimyol.info