Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya bir saat vaxt verdi, Zelenski ərazi güzəştinin olmayacağını dedi
Rusiya bir saat vaxt verdi, Zelenski ərazi güzəştinin olmayacağını dedi

Həftələrlə Rusiyanın mühasirəsində olan Mariupol şəhərinin Rusiyanın nəzarətinə keçdiyi və qalan Ukrayna əsgərlərinin "Azovstal" fabrikində ilişib qaldığı barədə məlumat yayılıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Mariupolda şəhəri müdafiə edən Ukrayna qüvvələrinə silahlarını yerə qoyub, təslim olmaları üçün bir saat vaxt verib.

Bundan əlavə bildirilir ki, Ukrayna əsgərlərindən bu vəziyyəti rus qoşunlarına bildirmək üçün ağ bayraq dalğalandırmaları istənilib.

Ukraynanın Odessadan olan deputatı Oleksiy Qonçarenko isə Rusiyanın bu təklifini rədd edərək, şəhərdəki qoşunların “sona qədər döyüşəcəyini” deyib. Mariupol davam edən mühasirəsini əsl soyqırım olaraq xarakterizə edən Qonçarenko bildirib ki, dünən Mariupoldakı ukraynalı əsgərlərlə telefon əlaqəsi yaradıb və onların sona qədər mübarizə aparacaqlarını bilirəm.

ABC televiziyasına danışan Ukrayna Baş naziri Denis Şmıhal "Şəhər hələ təslim olmayıb" deyərək, Ukrayna əsgərlərinin şəhərin bəzi hissələrinə nəzarəti davam etdirdiyini bildirib.

Şmıhal onu da bildirib ki, bu həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iclaslarına qatılacaq və Ukrayna üçün daha çox maliyyə yardımı axtaracaq.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski vurğulayıb ki, müharibəni bitirmək üçün ölkənin şərqindəki torpaqlardan imtina etməkdən söhbət gedə bilməz. CNN International-a danışan Zelenski ölkənin şərqində rusiyayönlü separatçı qüvvələrlə qarşıdurmaların davam etdiyi Donbas bölgəsini sona qədər müdafiə etməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, Ukraynanın cənub-şərqindəki liman şəhəri Mariupol Rusiyanın ən çox bombardman edilən və zərər çəkmiş şəhəri olub. Mariupol Moskvanın Ukraynadakı hərbi əməliyyatı üçün çox vacibdir.

Mariupolun alınmasının Rusiya üçün mühüm strateji qazanc və Ukrayna üçün böyük zərbə olmasının dörd əsas səbəbi var. Coğrafi baxımdan Mariupol şəhəri xəritədə kiçik bir ərazini tutsa da, Krım yarımadasından səfərbər olan Rusiya qüvvələrinin qarşısında dayanır. Bu qüvvələr Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü separatçı qüvvələrlə döyüşmək üçün şimal-şərqə doğru irəliləmək istəyirlər.

Britaniya Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandanı general Richard Barrons Mariupolun alınmasının Rusiyanın müharibə səyləri üçün həyati əhəmiyyət daşıdığını deyir: “Ruslar bu müharibəni uğurla başa vurduqlarını hiss etdikdə, Rusiyadan Krıma quru körpüsünü tamamlamış olacaqlar və bunu böyük strateji nailiyyət kimi görəcəklər”.

Mariupol ələ keçirilərsə, Rusiya da Ukraynanın Qara dəniz sahil xəttinin 80 faizindən çoxuna tam nəzarəti ələ keçirəcək, dəniz ticarətini kəsəcək və onu dünyadan daha da təcrid edəcək. Şəhəri müdafiə edən ukraynalılar son üç həftə ərzində irəliləyən qüvvələrə müqavimət göstərərək çoxlu sayda rus əsgərini məşğul saxlaya biliblər. Şəhəri tez ələ keçirə bilməyən rus komandirləri köhnə mühasirə taktikasının 21-ci əsr versiyasına müraciət etdilər. Mariupola artilleriya, raketlər yağdırıb, həmçinin elektrik, istilik, təmiz su, ərzaq və tibbi ləvazimatlara çıxışı kəsiblər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »