İran prezidenti İbrahim Rəisi İranın Ordu Günü münasibətilə çıxış edib və İsrailə xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, "İRNA"nın verdiyi məlumata görə, bu gün səhər İran İslam Respublikası Ordusu prezident İbrahim Rəisinin iştirakı ilə Milli Ordu Günü münasibətilə hərbi parad keçirib.

Bu gün Ordu Quru Qoşunlarının əməliyyat hissələri və zirehli bölmələri, Ordu Aviasiya helikopterləri, Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri, Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş maşınları və akkumulyatorları, eləcə də Dəniz Piyadaları Korpusunun mobil bölmələri stend qarşısından yürüş keçiriblər.
Paradı qəbul edən prezident Rəisi tədbirdə çıxış edərək bildirib ki, İran ordusu böyük potensiala və imkanlara malikdir. Prezident həmçinin bildirib ki, İran ordusunun gücü həm regional, həm də beynəlxalq səviyyədə hər kəsə məlumdur.
Onun sözlərinə görə, İran ordusu sanksiyalardan istifadə edərək hərbi sənayesini genişləndirib və hazırda ən yaxşı vəziyyətdədir.
Raisi İsrailin təhdidlərinə də işarə edib və ölkə liderlərinə xəbərdarlıq edib: “Əgər siz region ölkələri ilə münasibətləri normallaşdırmaq niyyətindəsinizsə, bilməlisiniz ki, ən kiçik hərəkətləriniz və təhdidləriniz də silahlı qüvvələrimizdən və kəşfiyyatımızdan gizli deyil. Eyni zamanda, millətimizə qarşı hər hansı bir təhdid olarsa, İsrailin ürəyi Silahlı Qüvvələrimizin hədəfinə çevriləcək və siz rahat olmayacaqsınız”,- deyə İran İslam Respublikasının rəhbəri İsrailə hədələyici tonda mesaj ünvanlayıb.
Maraqlıdır ki, Tehran dəfələrlə Təl-Əviv və Eylatı vurmaqla hədələyib. İslam Respublikasının rəsmiləri bunun üçün lazımi silahlara malik olduqları barədə əminliklə danışıblar.
Qadir, Bizimyol.info