Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynaya ağır silahlar vermək müharibəyə girmək deyil" - Almaniyada mübahisə
"Ukraynaya ağır silahlar vermək müharibəyə girmək deyil" - Almaniyada mübahisə

Almaniyanın ədliyyə naziri deyir ki, Ukraynaya tanklar və digər ağır silahların tədarükü - beynəlxalq hüquqa görə - onun ölkəsinin Rusiyaya qarşı müharibəyə girməsi demək deyil.

Bizimyol.info xəbər verir ki, bunu Almaniyanın ədliyyə naziri Marko Buşman alman mətbuatına müsahibəsində deyib.

"Beynəlxalq hüquq silahların çatdırılmasını müharibəyə girmək kimi qeyd etmir. Ona görə də Ukrayna qanuni özünümüdafiə hüququndan istifadə edərsə, onu silah-sursatla dəstəkləmək bizim müharibənin iştirakçısı olmağımıza gətirib çıxara bilməz", - deyə nazir aprelin 16-da "Welt am Sonntag" qəzetinə müsahibəsində qeyd edib.

Eyni zamanda, maliyyə naziri Kristian Lindner Almaniyanın xarici dövlətlərə hərbi dəstək fondunu 2 milyard avroya çatdıracağını açıqlayıb. Onun sözlərinə görə, “bu vəsait Ukraynaya böyük fayda verə bilər”.

Bir çox alman siyasətçiləri və vətəndaşları ölkənin Kiyevə hərbi yardımda nə dərəcədə ciddi iştirak etməli olduğunu müzakirə ediblər. Siyasətçilər arasında fərqli fikirlər səsləndirmələrinə baxmayaraq əksəriyyət Almaniyanın Ukraynaya hər cür yardım etməsinə tərəfdardırlar.

ABŞ başda olmaqla Qərb ölkələri Ukrayna qoşunlarına silah tədarükünü artırır. Almaniya isə hələ ki, ağır silahlar verməkdə tərəddüd edir.

Əvəzində rəsmi Berlin Kiyevə yüz milyonlarla dollar humanitar yardım göstərib. Kansler Olaf Şolz bu cür yardım çağırışlarına baxmayaraq, Ukraynaya tanklar, helikopterlər və təyyarələr kimi ağır silahların göndərilməsinin mümkünlüyü ilə bağlı hələlik yekun açıqlama verməyə tələsmir.

Rusiya işğalı başlayandan sonra alman hakimiyyəti Moskvaya qarşı münasibətini daha sərt siyasətə çevirdi. Xüsusi ilə də Ukraynanı daha çox yüngül silahla təchiz etməyə başladı. Lakin bir sıra Aİ ölkələri Almaniyanı Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmədiyinə görə tənqid etməyə davam edirlər. Ölkənin daxilində də Şolzu loyal münasibətə görə qınayanlar var. Onlar Rusiyanın təcavüz siyasətinə Ukraynada son qoymağın doğru olduğunu düşünürlər. Əks təqdirdə alovun Avropaya sıçrayacağından ehtiyat edirlər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »