Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölümsüz Rusiya qalası” necə batdı və ya "Moskva" nədən önəmli idi...
“Ölümsüz Rusiya qalası” necə batdı və ya "Moskva" nədən önəmli idi...

14 aprel 2022 tarixində heç kimin xəyal edə bilməyəcəyi bir hadisə baş verdi – hələ də bütün şiddətilə davam edən Ukrayna-Rusiya müharibəsində Ukrayna, Rusiyanın Qaradənizdəki ən böyük bayraq gəmisini, yəni “Moskva” idarəolunan raket kreyserini iki “Neptun” raketi ilə vurmağı bacardı.

Hər kəs bu hadisəyə çox təəccübləndi. Çoxları inanmadı, hətta “heç kim Rusiyanın döyüş gəmisini batıra bilməz, feyk xəbərdir” deyənlər də oldu.  Daha sonra həqiqətən də gəminin vurulduğu ortaya çıxdı. Gəmidə nəzarətə götürülə bilməyən bir yanğın hadisəsi başlamışdı. Hadisədən bir neçə saat sonra Rusiya Müdafiə Nazirliyi də gəminin batdığı barədə məlumatı tədiqləməli oldu. Amma onlar gəminin vurulduğunu yox, “göyərtədə yanğın çıxdığını və limana çəkilərkən batdığını” dedilər. Bu səbəbdən də indi hər kəs “Moskva”nın necə bir döyüş gəmisi olması ilə maraqlanır. Bu gəmi həqiqətənmi Rusiyanın ən böyük döyüş gəmisidir? Nə vaxtdan Rusiya ordusunun arsenalında xidmətdədir? Üzərində hansı döyüş avadanlıqları var? Bu gəmidən Rusiya Ordusunun arsenalında yenə varmı? Nüvə silahı daşıya bilirmi? Bu və başqa suallar hadisədən sonra bir çoxlarına maraqlı gəlməyə başlayıb. O səbəbdən də gəmi barədə müəyyən qədər araşdırma aparmağa qərar verdim. “Moskva”dan, yəni “Slava” kateqoriyasından olan idarəolunan raket kreyserlərinin ən başında gələn bu gəmi barədə "Bizimyol.info" olaraq müəyyən məlumatları oxucularımızla bölüşürük:

Öncə bu suala cavab verək: “Moskva” nədir?

“Moska” Sovet İttifaqı dövründə istehsal edilmiş böyük bir gəmi, eyni zamanda idarəolunan raket kreyseridir. Bu gəminin istehsal olunmasındakı əsas məqsəd mümkün 3-cü Dünya Müharibəsi zamanı NATO-nun dəniz qüvvələrinə qarşı bir başa hücuma keçməkdir. Baş verə biləcək həmin döyüşdə kreyserin önəmli hədəfi isə ABŞ-a məxsus təyyarə donanmalarıdır. 1970- ci illərdə Sovet İttifaqı havada və quruda NATO-ya qarşı balansı qismən qura bilsə də, dənizlərdə bu balansı qurmağı bacara bilmədi. Rəsmi Moskvanın qarşısında dünyanın ən böyük donanması var idi. Təbii ki, söhbət ABŞ donanmasından gedir. Bu donanma ingilis, fransız, alman, italyan, ispan və türk döyüş gəmiləri və dənizaltıları ilə dəstəklənirdi. Yəni rəsmi Moskvanın mümkün dəniz müharibəsində balansı qoruya bilməsi, olduqca çətin, hətta mümkünsüz idi, iqtisadiyyatı da buna əlverişli deyildi. Bu səbəbdən də SSRİ balansı qorumaq yerinə, müdafiə xətti tutan bir startegiya izləməyə qərar verdi. Sovet rəhbərliyi düşündü ki, əgər onlar ABŞ donanması ilə üz-üzə gələcək qədər böyük gəmilər, donanmalar yarada bilmirlərsə, heç olmasa, düşmənin Sovet İttifaqına məxsus adaları, liman bölgələri ələ keçirməsinə mane ola bilsinlər. Bu məqsədlə 1970-ci illərdə iki layihə hazırlandı: bunların biri “Kirov” sinfi gəmilər idi. “Kirov” döyüş gəmiləri həqiqətən də böyük və dözümlü gəmilər idi. Sahib olduqları ağır silahlarla ABŞ donanmasına məxsus döyüş gəmilərinə çox ciddi xəsarət verə, hətta batıra bilərdilər. Ancaq bu gəmilərin hazırlanması olduqca baha başa gəlirdi. Ona görə də SSRİ rəhbərliyi daha ucuz, amma daha çox sayda istehsal edə biləcək idarəolunan raket kreyserləri hazırlamaq üçün çalışmalara başladı və 1976-cı ildə “1164 – Atlant” layihəsi ortaya çıxdı. Bu layihədə məqsəd “Kirov” qədər olmasa da, onun sahib olduğu atəş gücünün bənzərini daşıya bilən, mümkün müharibə zamanı ən həssas nöqtələrdə NATO-ya aid dəniz qüvvələrini təhlükəsiz bir məsafədən zərərsizləşdirəcək raketlər daşıyan güclü döyüş gəmiləri hazırlamaq idi. Bu gəmilər o dövrün ən güclü gəmi əleyhinə raket sistemi olan “P 500 – bazalt”ı daşıyırdı. Bu raketlərlə 500 km uzaqlıqda yerləşən ABŞ təyyarədaşıyan gəmi donanmalarını, yaxud çox həssas bölgələrdəki ABŞ-NATO hərbi donanma bazalarını vurmaq olardı. Bu səbəbdən, mümkün düşmən hücumu vaxtı NATO dənizdəki hərbi üstünlüyünü Sovet İttifaqına qarşı təsirli bir şəkildə istifadə edə bilməyəcəkdi.

Layihə çərçivəsində ümumilikdə “Slava” sinfi kreyser istehsal ediləcəkdi və 1976-cı ildə ilk gəminin inşasına başlanıldı. Ancaq növbəti illərdə layihə getdikcə zəiflədi. Xüsusilə 1980-ci illərdə SSRİ iqtisadiyyatı bərbad gündə idi. Ona görə də 10 gəmi istehsal etmələri mümkünsüz idi. İlk mərhələdə gəmi istehsalı sayını 6-ya endirdilər. Daha sonra iki gəminin inşasını da dayandırdlar, ən sonda isə geriyə 4 gəmi qaldı. Bu 4 gəmidən 3-ü inşa edildi və donanmada xidmətə başladı. Digər 4-cü gəminin inşası isə yarımçıq qaldı və Ukraynanın gəmiqayırma zavodlarının birində çürüməyə tərk edildi. Yəni indiki vaxtda “Slava” sinfi gəmilərdən üçü, daha doğrusu, ikisi aktiv xidmətdədir. Çünki bir gəmi artıq vurulub. İndi isə geriyə sadəcə “Marşal Ustinov” və “Varyaq” kreyseri qalıb.

“Moskva” kreyserinin inşasına hazırlıq 1976-cı ildə başladı. Gəminin ilk adı “Slava” idi. “Moskva” adını 1976-cı ildən sonra aldı. Gəminin inşası 1979-cu ildə Ukraynaya məxsus gəmiqayırma zavodlarının birində bitirildi və kreyser dənizə endirildi. Çox uzun yoxlama testlərinin ardından 1983-cü ildə bu gəmi rəsmi olaraq Sovet İttifaqının Qaradəniz donanmasında xidmətə başladı. Yəqin ki, aradakı ironiyanı fərqinə varmısınız - “Moskva”nın inşasına Ukraynada başlanıldı və nəhayət döyüş gəmisi elə Ukraynada da batırıldı. Olduqca maraqlıdır, elə deyilmi?...

“Slava” adı ilə dənizə endirilən bu gəmi sözün əsl mənasında möhtəşəm idi. O günə qədər hazırlanmış Sovet döyüş gəmilərindən biri olan “Slava”nın ağırlığı 12000 ton idi. Üzərində 16 ədəd “P 500 – bazalt” raketi daşıya bilirdi. Bu raketlər 550 km uzaqlıqdakı düşmən gəmisinə 350 kq-lıq nüvə bombalarını göndərə bilirdi. Məlumatlardan da bilindiyi kimi, bu gəmi həqiqətən olduqca təhlükəli bir kreyser idi, üzərində çoxlu sayda hava hücumundan müdafiə sistemləri quraşdırılmışdı, geniş bir radiusa sahib bölgəni qoruma gücünə sahib idi. Bu gəmi “Kirov” qədər olmasa da, onun qədər ciddi və təhlükəli “üzən qala” idi. 1983-cü ildən sonra “Slava” standart Sovet Donanmasındakı xidmətinə qatılıb, Qaradənizdəki bir çox hərbi əməliyyatlarda, təlimlərdə iştirak edirdi.

Ancaq 1991-ci ildə bu gəmi üçün artıq təhlükə siqnalları verilməyə başlandı. Soyuq müharibə bitmişdi, Sovet İttifaqı isə çökmüşdü. Ölkə iqtisadiyyatı artıq bu cür böyük gəmiləri “diri” tuta biləcək, işlədə biləcək bir gücə malik deyildi. “Slava” heç vaxt xidmətdən uzaqlaşdırılmadı, ancaq soyuq müharibədən sonra gəmi limanlarında qaldı. Ona görə də bu əfsanəvi gəmi getdikcə köhnəlirdi. Gəmidə ciddi problemlər yarandı və bəziləri bu nəhəng gəminin hissələrə ayrılacağını deyirdi. Ancaq 2000-ci illərin əvvəllərində keçmiş kreyser yenidən “yaşama haqqı” əldə edə bildi. Gəmi bu illərdə olduqca ciddi modernizasiyaya girdi. Daha sonra adı dəyişdirildi və “Slava” yerinə, “Moskva” adlandırılmağa başlandı. Gəmi modernizasiya edildi, ömrü uzadıldı, göyərtəsi ciddi təmir olundu. Gəmi üzərindəki keçmiş “P-500” nəsil raket sistemləri qaldırıldı və yerinə daha modern raket sistemləri yerləşdirildi. Keçmiş raket sistemlərinin yerinə isə “P-1000 Vulkan” raketləri quraşdırıldı. Beləliklə, “Moskva” 2000-ci illərin əvvəllərindən sonra Qaradənizdə yenidən Rusiya bayrağı daşıyan döyüş gəmisinə çevrildi. Gəmi Ukrayna müharibəsinə qədər Qara dənizdə ətraf ölkələrə dəhşət saçırdı.

İndi isə bu nəhəng kreyserin texniki xüsusiyyətlərindən bəhs edək. “Slava” sinfi gəmilərin ilki olan “Moskva” 1983-cü ildə xidmətə başlayıb. İdarəolunan raket sistemli kreyser olan bu döyüş gəmisində 480 hərbi personal xidmət aparsa da, bu rəqəm 520-dək qalxa bilirdi. Kreyserin xalis çəkisi 11 min 490 ton olsa da, xüsusi hallarda ağırlıq 12 min tona qaldırıla bilirdi. Bu kreyser 186,4 metr uzunluğa və 20,8 metr genişliyə sahib idi. “Moskva” “Kirov”dan fərqli olaraq, nüvə gəmisi hesab olunmur. Gəmidə dörd ədəd qaz turbinli mühərrik yerləşir. Mühərriklərin ikisi də istifadə olunan zaman 121 min at gücünə sahib ola bilirlər. Gəmi saatda maksimum 32,1 knot (düyün saatda bir dəniz milinə bərabər bir sürət vahididir – M.Ş)sürətlə hərəkət edə bilir və 16 knot sabit sürətlə 10 min dəniz milindən çox, yəni təqribən, 20 min km-lik yol qət edə bilir. Gəmidə 1 ədəd “K-25” döyüş helikopteri olur. Kreyser sözün əsl mənasında “hərək edən qala” təsirini bağışlayır(dı). Üzərində daşıdığı “P-1000 Vulkan” raketinin ağırlığı 4 tondur və bu raket 1 tonluq nüvə başlığı ilə 850 km uzaqlıqdakı hədəfləri məhv edə bilirdi. Bundan əlavə gəminin burun hissəsində bir ədəd ikibaşlı “AK-130” topu yerləşir. Bu topla nəinki digər düşmən gəmilərini, hətta quruda hərəkət edən hədəfləri, eyni zamanda təyyarə və helikopterləri də vurmaq olurdu. Olduqca güclü radara sahib olan bu gəminin sənəd üzərindəki radiusu 400 km-dən çoxdur.

Bütün bu məlumatları nəzərə alıb, gəmini göz önümüzdə canlandırdığımızda, belə bir təsəvvür yaranır ki, bu kreyserə nəinki bir düşmən gəmisi, heç milçək də yaxınlaşa bilməz.Gəminin güclü radar sistemləri, uzaqmənzilli raketləri və torpedo sistemləri, avtomatik doldurma ilə idarəolunan uzaqmənzilli topları “Moskva”nı ölümsüz kimi görsətsə də, girdiyi müharibədə düşmənin ilk hücumu ilə batırıldı.

"Moskva" kreyseri "Moskva" kreyseri

Elə isə bu “ölümsüz, üzən Rusiya qalası” necə məhv edildi?

Ukrayna tərəfindən gələn məlumatlara görə, hadisə bu cür baş verib: ukraynalılar gəmi üzərinə bir neçə ədəd “Bayraktar TB-2” PUA-sı göndəriblər. Gəmi personalı PUA-ları fərqinə vardıqda, bütün diqqətləri “Bayraktar”a yönəlib. Personalın diqqətinin yayındığını görən ukraynalılar kreyserə “Neptun” raketlərini buraxıblar. Bu raket ukraynalıların istehsal etdiyi döyüş gəmisi əleyhinə raket sistemidir. “Moskva” üzərinə göndərilən “Neptun”lardan neçəsinin istifadə edildiyi açıqlanmayıb, ancaq gəminin iki “Neptun”la vurulduğu deyilir. Ancaq böyük ehtimalla, ukraynalılar Rusiya kreyserinə dörd, yaxud altı ədəd “Neptun” göndəriblər. Çünki bu qədər geniş radar və müdafiə sisteminə malik kreyserin iki raketlə vurulması, mümkün görünmür. “Moskva” ona tərəf gələn dörd raketdən ikisini zərərsizləşdirə bilib, ancaq digər ikisindən qurtula bilməyib. Raketlərin müxtəlif istiqamətlərdən eyni anda gəlməsi, gəminin radar sistemini “yükləyib”.

Başqa bir məlumata görə isə bu gəmi “Neptun”larla vurulmayıb. “Moskva” İngiltərə və ABŞ vasitəsilə Ukraynaya tədarük edilən raket sistemləri ilə vurulub. ABŞ-a məxsus həmin raketin “AGM -84 Harpoon” olduğu iddia edilir. Ancaq əsas məlumatlar “Neptun” raketləri üzərində cəmlənib. Bu raketlər əgər nüvə başlığı daşımırsa, “Moskva” kimi iri bir gəmini asanlıqla batıra bilməz. Ancaq gəmi bir neçə yerdən ciddi xəsarət aldığına görə yanğın çıxıb, personal isə yanğını söndürə bilməyib. Nəticədə gəmi yana-yana batıb. Bənzəri hadisə 1982-ci ildə ingilis donanmasında da baş vermişdi. Tarixə “Folklend” müharibəsi kimi keçən bu savaşda İngiltərənin “HMS Sheffiled” adlı gəmisi “havadan-havaya” kateqoriyalı raket sistemi ilə vurulmuşdu. Gəmi batmamışdı, ancaq göyərtədə çıxa yanğın södürülə bilmədiyi üçün batmışdı. Eyni şey “Moskva”nın da başına gəldi.

Nəticə etibarilə, “Moskva” 1970-1980-ci illərin ən nəhəng, güclü və təhlükəli gəmilərindən biri olsa da, Kremldə oturanlar öz düşmənlərini həddindən artıq zəif, gücsüz zənn etdiklərindən, ciddi bir itki ilə üzləşdilər. Bu müharibədən və “əfsanəvi” gəminin batmasından həm Rusiya, həm də bütün dünya ciddi bir nəticə çıxarmaldır. Yəni döyüş gəmilərinizin zəhmli görüntüsünə o qədər də güvənməyin. İstənilən gəmi batırıla bilər. Bu, insan üçün də keçərlidir…

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »