Bir çox insanlar yaz günəşinin çox zəif və zərərsiz olduğunu düşünürlər, ona görə də sadə ehtiyat tədbirlərinə məhəl qoymurlar. Bəli, yaz günəşi şüaları yayda olduğu kimi aktiv deyil, lakin ultrabənövşəyi radiasiyanın bədənimizə, o cümlədən dərimizdə yaratdığı gizli təhlükələri boş vermək olmaz. İstənilən miqdarda ultrabənövşəyi şüalar dərinin erkən yaşlanmasını sürətləndirir. Ultrabənövşəyi şüalar dərinin erkən qocalmasına, piqmentasiyanın görünüşünə səbəb olur və bədxassəli xəstəliklərin yaranmasına kömək edir.
Dermatoloq Kənan Əhmədov Bizimyol.info xəbər portalına yaz günəşinin mənfi təsirlərindən danışıb:
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur. Dəridə xüsusilə ekzema, melazma kimi xəstəliklərin yaranmasına səbəb olur. Melazma ən çox qadınlarda olur. Nadir hallarda kişilərdə də yarana bilər. Xəstəlik, əsasən 20-40 yaşlarında olan qadınlarda üz nahiyyəsində tünd qəhvəyi ləkələrin yaranması ilə başlayır.Melazmanın əsas yaranma səbəbi dəridəki piqment ifraz edən hüceyrələrin çox miqdarda melanin ifraz etməsidir. Hamiləlik dönəmi keçirən qadınlarda adətən doğuşdan bir neçə aylar sonra melazma daha da artmağa başlayır" - deyə həkim qeyd edir.
"Mümkün qədər qorunmaq lazımdır. Xüsusilə, səhər saat 11-dən 4-ə kimi günəş altında qalmaq məsləhət görülmür. Yaz günəşi həmçinin dəridə müxtəlif ləkələrin yaranmasına səbəb olur. Və bu ləkələr daha çox üz, alın nahiyələrdə özünü göstərir. Bir çox insanların qollarda qaşınma və qızartı şikayətləri ilə müraciətləri olur ki, bu da, yaz günəşinin həmçinin allergik xüsusiyyətlərini üzə çıxardır. Dərinin qızartısı və iltihabı, dəri örtüyünün qabıqlanması və irinciklər şəklində səpgilər, müxtəlif intensivlikdə qaşınma və göynəmə, yüksək hərarət, halsızlıq, başgicəllənmə fotodermatitin yerli və ümumi simptomlarıdır. Göstərilən bu simptomlar dərhal deyil, insolyasiyadan bir neçə saat sonra yarana bilər. Günəş nə qədər aktiv olsa, reaksiya bir o qədər kəskin olacaq. Günəş aktivliyinin maksimal saatlarında suya davamlı və qoruyucu kremlərdən istifadə etmək məsləhətdir" - dermatoloq bildirib.
Mütəxəssislər hətta belə günlərdə evdən çıxmamışdan 30 dəqiqə əvvəl bədənin bütün açıq nahiyələrinə dəriyə qulluq məhsulları çəkməyi məsləhət görürlər. Dəri nə qədər həssasdırsa, səviyyə də o qədər yüksək olmalıdır.
Havar, Bizimyol.info