Müharibənin, buna görə tətbiq olunan sanksiyaların Rusiya iqtisadiyyatına zərəri ehtimal olunandan da yüksəkdir. Qiymətlər çox artıb, əhalinin gəlirləri bununla ayaqlaşmır. Milli valyuta kəskin dəyər itirdiyindən sahibkarlar böyük maddi ziyanla üz-üzə qalıb. Üstəlik, əmanətçilərin böyük əksəri banklardan pullarını geri çəkir.
Bizimyol.info xəbər verir ki, rusiyalılar milyardlarla dollar vəsaiti götürməyə başlayıb. Rusiya Mərkəzi Bankı bunu gizlətmir. Rəsmi rəqəmlərə görə, təkcə martda 9.8 milyard dollar əmanət vəsaiti banklardan çıxarılıb. Aprelin göstəricilərinin daha yüksək olacağı gözlənilir.
Rusiya mediası isə axının sürətlənməyəcəyinə əmindir. Hesab olunur ki, rusiyalılar üçün ajiotaj dönəmi keçib. Əslində isə inzibati müdaxilə işini görür. Rusiya Mərkəzi Bankının tətbiq etdiyi məhdudiyyətlər özünü göstərməyə bilməz.
Tənzimləyici orqan hələ martın 9-da kredit təşkilatlarına fiziki şəxslərə yarım il ərzində 10 min dollardan çox xarici valyuta verməyi qadağan edib. Beləcə, süni əngəllərin yaradılması başlandı. Xarici valyuta satışı tamamilə dayandı. Düzdür, aprelin 18-dən prosesin bərpasına söz verilib. Amma Rusiya iqtisadiyyatının indiki durumunda əhaliyə belə imkan yaradılacağı inandırıcı deyil.
Rusiyalıların hökumətə inamı sarsılıb. Kremlin sorğuları guya hakimiyyətin reytinqinin yüksəldiyini deyə bilər. Gerçəkdə isə əhali əmanətlərini hökumətə etibar etmək istəmir. Vəsaiti banklardan çıxaranların əksəri, ümumiyyətlə, ölkəni tərk etmək haqqında düşünür.
Əmanətçilər başqa problemlə də üzləşib. Onlar xarici valyuta ilə hesaba qoyduqları vəsaiti rublla çıxarmağa məcbur edilir. Ən yaxşı halda ümumi məbləğin 10 min dollar ekvivalenti həcmində hissəsi xarici valyuta ilə verilir. Hərçənd, bu qaydaya da tam əməl olunmur. Əmanətçilər günlərlə bankların qarşısında növbədə dayanmaq məcburiyyətində qalır.
Əmanətlərlə bağlı ajiotaj fevralın sonlarından başlayıb. Rusiyanın fevralın 24-də Ukraynaya hücumu, ardınca sanksiyaların bir-birini əvəz etməsi əmanətçiləri təşvişə salıb. Xüsusilə xarici valyuta ilə olan pullar ölkədən çıxarılır.
Aytən, Bizimyol.info