Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının "qapı düşmənçiliyi" haradan qaynaqlanır?
İcra başçısının "qapı düşmənçiliyi" haradan qaynaqlanır?

Bu dünyadan umacağım mizandır,

Qorxduğum kəs bu mizanı pozandır.

Tox gədanın qudurması yamandır,

Acandan yox, mən doyandan qorxuram.

Uyuruqsa nəfs adlanan elçiyə,

Tüpürürük vicdan kəsən ölçüyə.

Odur verən düz qiyməti hər şeyə,

Vicdanından qorxmayandan qorxuram. Bəxtiyar Vahabzadə

Fevralın 24-də Yasamal rayonu İcra Hakimiyyətindən 1-ci qrup əlil Zaur Seyidzadənin evinin pəncərəsinin yerində qapı salması və həmin qapının icra nümayəndələri tərəfindən dağıdılması barədə redaksiyamıza açıqlama verilmişdi. Açıqlamada qeyd olunmuşdu ki, Yasamal rayonu, Həsən bəy Zərdabi 77, mənzil 19-da yaşayan Zaur Seyidzadə dəyişiklik barədə rayon icra hakimiyyətinə heç zaman müraciət etməyib. Bu açıqlamadan aydın olur ki, Zaur Seyidzadə evinə qapı qoymaq üçün icra hakimiyyətinə müraciət etməli, bu qurumdan icazə almalıdır. Daha sonra aprel ayının 5-də, altında icra başçısının müavini Hüseyn Əfəndiyevin imzası ilə icra hakimiyyəti tərəfindən Zaura göndərilən məktubda əvvəlki açıqlamanın tam ziddi yer alır. Məktubda həmin hissəni oxucularımızla bölüşürük: “…Mənzilə girib-çıxmaq üçün girişdəki pilləkənlərə tərəfimizdən pandus quraşdırılması təklif olunmasına baxmayaraq, Siz və Sizin qonşularınızın buna razılıq verməməsi məlum olmuşdur. Sizə, ərizənizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq, küçə tərəfə baxan pəncərənizin qapı ilə əvəz olunmasına icazə verilməsi üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur”.

Beləliklə, mətbuata açıqlamasında “bizə müraciət etməli idi” deyən icra hakimiyyəti Zaura göndərdiyi məktubunda deyir ki, Şəhərsalma İdarəsinə müraciət etsin. Əgər Şəhərsalma İdarəsi qapı qoyulmasına icazə verirsə, deməli, pandus qoyulması və digər dəyişikliklərə də həmin qurum icazə verməlidir. Bundan əlavə, əgər icra hakimiyyətinin ora qapı qoymaq hüququ yoxdursa, o qapını söküb-dağıtmaq hüququ da yoxdur.  “Əlillər haqqında Qanun”un 17-ci maddəsində yaşayış yerinin “ağlabatan”  dəyişikliyinə icazə verilib. Yəni əlil şəxsin rahat istifadəsi üçün ağlabatan nədirsə - pandusdursa, pandus, qapıdırsa, qapı -  o şərait yaradılmalıdır. Əgər o evə qapı qoyulması, əlil vətəndaş üçün daha münasibdirsə, qapı qoyulmalıdır. Həmin maddə əlil vətəndaşa azad seçim hüququ verir. O, istəsə qapı, istəsə, pandus qoya bilər.

Bəs onda Yasamal İH hansı qanunsuzluqdan danışır? Göndərdikləri məktubda “qanunsuz olaraq” ifadəsi yer alıb. Bu, hansı qanunun neçənci maddəsinin pozuntusudur? Həmin maddə nə üçün məktubda qeyd olunmur? Özlərini dolaşığa salıb dalana dirəyən, qanundan danışıb, qanunsuzluq içində boğulan bu qurum və onun başbilənləri 3 aya yaxındır ki, bir əlilin evinə dadanıb əl çəkmək bilmirlər. 3 aydır ki, əlil arabasında iki ailə üzvü ilə yaşayan Zaur Seyidzadənin evinin qapısı yoxdur. Sökülmüş qapını boşluğa qoyaraq, çıxıntılara adyal, karton parçaları salan ailə aylardır o vəziyyətdə yaşayır. Orada qapı açılmasına icazə verməyən icra hakimiyyəti nə üçün həmin qapının sağında, binanın çıxışında bir meyvə-tərəvəz dükanının açılmasına “icazə” verib? Bu icazəni almaq, həmin mağaza sahibinə hansı “hörmət” izzətlə başa gəlib? Ola bilərmi ki, Zaur həmin “hörməti” göstərə bilmədiyi üçün aylardır ailəsi ilə birlikdə süründürməçilik həyatı yaşayır? Ola bilərmi ki, Zaurun pəncərəsinin qarşısındakı boş ərazi kimlərəsə hansısa qiymətə satılıb və indi İcra Hakimiyyəti "odla su arasında qalıb"?  Hər biri bir versiya, ehtimal olaraq dəyərləndirilməlidir və bu, ilk öncə hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Arxitektura İdarəsinə müraciəti İcra Hakimiyyəti [zw əlil vətəndaş adından göndərə bilərdi: “Adam əlildir, əlil arabasında gəzir, Ona bu qapı lazımdır. Onun əlilliyini nəzərə alaraq qapını açmalıdırlar. Amma biz görüntülərdən də gördük ki, orada başqaları əlavə qapılar da açıb, qonşular artırmalar edib. Bundan əlavə, Zaurun məktubu ilə bağlı icra hakimiyyəti özü Arxitekturaya bildirə bilərdi. Söhbət rəsmi sənəddən gedirsə, qapının rəsmi formada açılmasına Şəhərsalma və Memarlıq Baş İdarəsi baxır. Amma ümumən götürsək, Bakı şəhərində köhnə binaların altında əlavə qapılar, obyektlər açılıb, bunların əksəriyyəti qanunsuzdur, rəsmi sənədləri yoxdur”.

P.S. Biz azərbaycanlılarda qapı anlayışı bir evin parçasından daha artıq mənanı ifadə edir. Qapı, bir evin kişisinin mənliyidir, ləyaqətidir, ailəsinin namusunu qoruyan maddi və mənəvi divardır. Birinə əsəblə “sənin evində qapı yoxdurmu?!” demək, olduqca ağır ifadədir anlayan kəs üçün.  Evinizdə qapınız olsun. Amma ilk öncə vicdan olsun. Rəhmətlik şair Qacar demişkən:

Onu itirənlər, güvənər zora,

Comərdlik, kişilik zorda çatlayar.

İnsanlar vicdansız gedərsə gora,

Torpaq fəryad edər, gor da çatlayar.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »