"ABŞ davamlı olaraq Ukraynaya silah göndərməklə silah ehtiyatını bitirə bilər".
Bizimyol.info xəbər verir ki, bu barədə Con Hopkins professoru və beynəlxalq siyasət üzrə mütəxəssis Hal Brands “Bloomberg”-ə yazdığı məqalədə qeyd edib: “Qərb müttəfiqləri seçim qarşısındadır: Kiyevə daha çox silah göndərsin və ya ehtiyatlarını öz müdafiələri üçün saxlasın”.
Müharibə kritik mərhələyə çatdıqda, Rusiyanın Ukraynanın şərqində möhkəmlənməyə hazırlaşdığı bir vaxtda “demokratiya arsenalı tükənir”. Amerika Ukraynada “demokratiya arsenalı” strategiyasını həyata keçirir. O, birbaşa müdaxilədən yayınır. Eyni zamanda, Ukraynanı pul və silahla təmin etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləyir. Bu isə, münaqişədə Ukrayna qüvvələrinin çatışmazlığına gətirib çıxara bilər. Növbəti güclü döyüşdə Amerikanın zəifliyini üzə çıxara bilər.
Məqalədə qeyd edilir ki, ABŞ və müttəfiqlərinin Ukraynaya verdiyi bütün dəstəklərdən ən önəmlisi silah olub. Eyni zamanda, Baydenin heç vaxt belə bir müharibə planlaşdırmadığı qeyd edilib.
“Rusiyanın ölkənin əksər hissəsini tez bir zamanda ələ keçirməsi ehtimal edilirdi. Buna görə də, ABŞ qaynayan və zəif əsaslı Ukrayna qiyamını dəstəkləyəcəkdi. Bunun əvəzində isə, Ukraynanın uğurlu müqaviməti nəticəsində böyük sursat xərcləri və əsas hərbi qüvvələrin tükənməsi ilə davam edən və intensiv döyüşlər oldu. Bu isə hazırda Qərb ölkələrini ciddi seçim qarşısında qoyur. Ukraynaya təchizatı artırmaq, yoxsa öz müdafiəsi üçün lazım ola biləcək imkanlara qənat etmək?!”,- deyə qeyd edilir.
Müəllif ABŞ-ın Kiyev üçün lazım olan silahların istehsalını sürətlə artırmağa qadir olmasına şübhə edir. Onun fikrincə, xüsusən də müharibənin Ukraynanın şərqinə keçməsi kontekstində Rusiyanın aviasiya və zirehli texnikada üstünlüyü həlledici olacaq.
Hal Brands əlavə edir ki, müdafiə üçün daha az əlverişli olan şərqdə toplaşan Rusiya qüvvələrinin qarşısını almaq üçün Kiyevin daha çox Qərb dəstəyinə ehtiyacı olacaq.
ABŞ “Javelin” tank əleyhinə raketlərinin ümumi ehtiyatının üçdə birini təmin edib. O, öz arsenalını ciddi şəkildə tükətmədən asanlıqla daha çox təchiz edə bilməz. İstehsalı əhəmiyyətli dərəcədə artırmaq üçün aylar və ya illər lazım ola bilər: “Amerikanın iqtisadi liderliyi artıq ilk növbədə istehsala əsaslanmır. Dəzgahların çatışmazlığı, ixtisaslı işçi qüvvəsi və ehtiyat istehsal gücü müharibə zamanı yenidən silahlanmanı ləngidə bilər. Məsələn, ABŞ Ukrayna üçün “Stinger” raketlərinin istehsalını sürətlə artıra bilməz, çünki bunun üçün lazım olan işçi qüvvəsi artıq mövcud deyil”.
Qeyd edilir ki, ABŞ-ın əsas silah ehtiyatı çox azdır. Buna səbəb isə, istehsal məhdudiyyətlərinin olması ilə yanaşı Pentaqonun təxminən 750 milyard dollarlıq büdcəsini təkcə güllə və bombalara deyil, eyni zamanda əmək, səhiyyə və digər sahələrə xərcləməsidir.
Tərcümə: İlahin, Bizimyol.info