"Hələ 2008-ci ildə NATO Ukraynaya Üzvlük Fəaliyyət Planı (ÜFP) verməkdən imtina etmişdi, 2014-cü ildə isə Qərb Rusiyaya qəti şəkildə müqavimət göstərməmişdi. Dünya ictimaiyyəti, həmçinin Almaniya 6-8 il əvvəl Rusiyanın əsl niyyətini anlamadığı və o dövrdə olan çağırışlara kifayət qədər diqqət ayrımadığı üçün əslində Ukraynadan üzr istəməyə borcludur".
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya diplomatı, Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqer “Seqodnya” saytına açıqlamasında deyib. O həmçinin Qərb ictimaiyyətinin Rusiya ilə bağlı qərarlarının yanlışlığını etiraf edib: "Mən qəti şəkildə əminəm ki, Rusiyanın niyyəti təkcə Ukraynanı fəth etmək deyil. Onun niyyəti bundan da irəliyə gedir. Rusiya bu gün Avropa İttifaqı, Qərbi Avropa, Avro-Atlantik Alyans və bütün dünyadan çağırışı hiss edir. Çünki bu çağırış dünya nizamının indi mövcud olan fundamental prinsiplərindən ibarətdir. Bu çağırış təkcə Ukrayna deyil, hamımızdır”.
Diplomat, NATO-nun 2008-ci ildə keçirilən zirvə görüşündən də danışıb. O, qeyd edib ki, həmin dövrdə Ukraynaya Alyansda davamlı surətdə çıxış etmək üçün ÜFP verməkdən imtina edilmişdi: "2008-ci ilin yazında Gürcüstanın işğalından əvvəl NATO liderləri görüşəndə, belə bir fikir vardı ki, biz Rusiya ilə hansısa mürəkkəb Avro-Atlantik struktur qura bilərik. Təbii ki, səhv edirdik. Bu indi bizə aydın olur. Həmin vaxt biz belə bir səhv etdiyimiz üçün təəssüf edirik. Çünki indi Ukrayna belə həyasız təcavüzün qurbanı olur. Ancaq onu da deyim ki, 2008-ci ilin yazında belə hadisələri qabaqcadan görmək o qədər də asan deyildi”.
Diplomat, Krımın və Donbasın bir hissəsinin işğalından sonra Rusiyanın niyə qəti cavab almaması sualına cavab verib. O, bildirib ki, dünya bu hadisələrin miqyasını və dərinliyini qiymətləndirə bilməyib.
"Biz düşünürdük ki, hansısa danışıqlar apara biləcəyik. Və bu, çətin, bəlkə də mümkünsüz oldu. Rusiyanın əsl niyyətini başa düşmədiyimizə və 6-8 il əvvəl olan çağırışlara cavab vermədiyimizə görə sizdən üzr istəməliyik”,- deyə diplomat bildirib.
Xatırladaq ki, bir müddət əvvəl eks-prezident Viktor Yuşşenko, Almaniyanın o vaxtkı kansleri Angela Merkelin 2008-ci ildə Ukraynanın NATO-ya üzv olmasına necə mane olduğundan danışmışdı.
Tərcümə: İlahin, Bizimyol.info