Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Din, siyasi və ideoloji qarşıdurmaların üstündə durmalıdır"
"Din, siyasi və ideoloji qarşıdurmaların üstündə durmalıdır"

Sovet İttifaqının əsarətindən can qurtararaq müstəqilliyini elan edən Azərbaycan, dini məsələlərlə bağlı qanuni addımlar atıb. Həmin dövrdə bəzi qaydalar və yeniliklər edildi. Konstitusiyanın 18-ci maddəsində “Din və Dövlət” əlaqəsi, 48-ci maddəsində isə “Vicdan azadlığı” ilə bağlı bir sıra qanunlar qəbul edilib. 1992-ci ildə isə ölkədə “Dini etiqad azadlığı haqqında” qanun qəbul edildi. Bu qanunlar sayəsində Azərbaycanda insanlar öz dini vəzifələrini çəkinmədən yerinə yetirə bilirlər. Qısası, müstəqillik əldə edildikdən sonra Azərbaycanda həm də dini tolerantlıq hökm sürür.

Azərbaycanda dini azadlığın var olması ölkədə İslamla yanaşı başqa dinlərin də yayılmasına yol açmışdı. Ölkədəki dini azadlıq bir çox əcnəbi dini təşkilatların da diqqətini çəkirdi. Bu səbbədən də 1990-1996-cı illərdə ölkədə bir çox dini təhsil və ibadət yerləri açılmışdı. Dini biliyə ehtiyacı olan hər kəs bu yerlərə üz tuturdu. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda Ramazan və Qurban bayramlarını istirahət günü kimi elan etdi. Bu müstəqilliyin ilk illərinə təsadüf edirdi.  Azərbaycana bir çox ölkələrdən İran, Küveyt, Pakistan, Türkiyə,Səudiyyə Ərəbistanı və s. dini qruplar və təşkilatlar üz tutur, ölkədə dini təhsil müəssisələri, ibadət üçün məscidlər tikilirdi. Təkcə 1993-cü ildə Azərbaycanda 300-ə yaxın məscid inşa edilmişdi. Heydər Əliyevin apardığı siyasət “davamlılıq və tolerantlıq” prinsipinə əsaslanırdı. O, deyirdi ki, dövlət dini dəyərlərin köməyi ilə insanlara vətənpərvərlik, tolerantlıq hisslərini aşılamalıdır:

“Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayırırıq. Dövlət-din münasibətləri şəffaf və anlaşılan olmalıdır. Dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdlərinə qarşı ciddi mübarizə aparmaq lazımdır. Din, siyasi və ideoloji qarşıdurmaların üstündə durmalıdır”.

Dövlət rəhbərliyi, ölkədəki bütün dini qrup və icmalara tolerantlıq nümayiş etdirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, bu gün ölkədə 971-ə yaxın dini icma var. Sovet dövründə ölkədə cəmi 17 məscid olsa da, bu gün onun sayı 2 min 166-ya çatıb. Bununla yanaşı ölkədə digər başqa dinlərə etiqad göstərən insanlar üçün də ibadət yerləri, kilsələr, sineqoqlar var. 2015-ci ilin statistikasında görə, ölkə əhalisinin 93,4 faizi müəslman, 3,1 faizi xristian,3 faizi dinə bağlı olmayan şəxslər və 0,5 faizi digər dinlərə etiqad göstərən şəxslər olub.

Tarixçi Kamran İsayev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu gün Azərbaycanda kilsələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi Bakıda “Xilaskar” kilsəsi, “Müqəddəs Məryəm ananın Miladı kilsəsi”, “Mixail Arxangel kilsəsi” və s. fəaliyyət göstərir. Yəni bu gün də Azərbaycanda xristianlığa və digər dinlərə etiqad edənlərin dininə hörmətlə yanaşılır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, hakimiyyətdə olmuş dövlət rəhbərləri hər zaman dinə xüsusi dəyər göstəriblər. Bu addım istər Əbülfəz Elçibəy, istər Heydər Əliyev, istərsə də bu gün İlham Əliyevin hakimiyyəti dövründə də özünü göstərir. Azərbaycan dini tolerantlığa önəm verir. Azərbaycanda dinlər və etiqadlar azaddır. Bu gün də müxtəlif dinlərin ibadət yerləri ölkədə fəaliyyət göstərir.

“Təəssüflər olsun ki, Azərbaycanın milli və dini tolerantlığı ona qarşı davranışlarda öz əksini tapmayıb. Məsələn Qarabağda Ermənistanın işğalı dövründə Azərbaycana məxsus yüzlərlə məscid dağıdılıb, tövlə kimi istifadə edilib” - deyə tarixçi bildirib.

"İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib”. Bu barədə İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib. O qeyd edib ki, “Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə, müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.

Belə… Nə qədər tolerant, müxtəlif dinlərə hörmətlə yanaşan bir millət olsaq da, Ermənistanın Azərbaycanın ibadət yerlərinə, məscidlərinə qarşı davranışı qəbul edə bilmərik.

Rəsmi məlumata görə, 30 il işğal altında qalan Azərbaycan torpaqlarında 403 tarixi-dini abidə olub. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu isə vandalizmdir.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »